“Heç bir şikayətçi yox idi, oğluma 4 il iş kəsdilər”

hec-bir-sikayetci-yox-idi-ogluma-4-il-is-kesdiler
Oxunma sayı: 4459

Dələduzluqda təqsirləndirilərək azadlıqdan məhrum edilən sahibkar Vüsal Səfərov barəsində yeni cinayət işi açılıb.

Bu barədə “Qafqazinfo”ya müraciət edən V.Səfərovun atası Sultanağa Səfərov istintaqın gedişindən narazı olduğunu bildirib: “Oğlum Vüsal Səfərov bir neçə ay ərzində “Dərnəgül” yolunda mağazası olan Cəmaləddin Abbasovdan tikinti materialları alıb. Hər dəfə də bu alqı-satqı qaimələrlə sənədləşdirilib. Ümumi olaraq 15 qaimə yazılıb”.

S.Səfərov qeyd edib ki, oğlu 2014-cü ildə dələduzluqda təqsirləndirilərək barəsində hökm çıxarılıb: “Vüsal başqa bir adamdan 7-8 min manat pul alıb qaytara bilməmişdi. Həmin adam şikayət etdiyi üçün oğlumu həbs etdilər. Mən zərərçəkənə dəyən ziyanı ödədim və zərərçəkmiş məhkəmədə şikayətçi olmadığını dedi. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılırdı. Ordan bizə dedilər ki, daha şikayətçi yoxdursa, oğlunuz buraxılacaq. Hökm oxunmasına bir neçə gün qalmış Cəmaləddin Abbasov Nərimanov Rayon Polis İdarəsinə şikayət edib. O, ərizəsində yazıb ki, oğluma verdiyi malların pulunu almayıb. Guya ki, Vüsal ona 34 min manat borcludur. Vüsal deyir ödəmişəm, Cəmaləddin deyir ödəməyib. Amma polis Vüsala yox, Cəmaləddinə inanır. Ortada müxtəlif aylarda verilən 15 qaimə var. Necə olur ki, birinin pulunu almadan sonradan əlavə o qədər mal verib? Vüsal deyir ki, Cəmaləddinə cəmi 3 min manat borcu qalıb, qalan hamısını ödəyib”.

S.Səfərov deyir ki, C.Abbasovun şikayətindən sonra Nərimaov RPİ-də cinayət işi başlanılıb və bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsinə məlumat verilib: “Məhkəmədə bu iş bilinəndən sonra oğlumu cəza verdilər. O, 4 il müddətinə azadlıqdan məhrum edildi. Biz apellyasiya şikayəti verdik, müddət 3 ilə endirildi. Halbuki, ziyan ödənilmişdi, şikayətçi də yox idi”.

V. Səfərov 3 illik müddətin 1 il 9 ayını cəzaçəkmə müəssisəsində keçirib: “İndi Cəmaləddin Abbasovun şikayəti əsasında yeni cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilir. Mən Nərimanov rayon İstintaq Şöbəsinin müstəntiqi Valeh Nəbiyevin istintaqı aparmasından narazıyam. Əlimizdə olan sübutları, 15 qaiməni nəzərə almır. Biz Vergilər Nazirliyinə Cəmaləddin Abbasovun vergi ödəyicisi olub-olmaması, hansı sahə üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna dair qeydiyyatdan keçib-keçmədiyini bilmək üçün sorğu göndərimişik. Amma bizə heç bir cavab verilməyib. Vəkilimiz öyrənib ki, Cəmaləddin Abbasov vergi ödəyicisi deyil və bu işləri qanunsuz olaraq həyata keçirib. Biz bunu müstəntiqə deyirik, cavab verir ki, bu mənim işim deyil. Vergilər Nazirliyi də, Daxili İşlər Nazirliyi də guya Cməmaləddin Abbasovun dükanını tapa bilmirlər. Biz belə cavab verirlər”.

S.Səfərov deyib ki, istintaq sadəcə C.Abbasovun şifahi olaraq dedikləri əsasında cinayət işi açıb.

Murad Əhməd