“Gücsüz insanların haqqına girmişəm” - Qurban Qurbanov

gucsuz-insanlarin-haqqina-girmisem
Oxunma sayı: 3872

“Gənc olanda hami istəyirdi ki, “Neftçi”yə düşsün. Bu məqsədi qarşıma qoymuşdum. Fikirləşirdim, buna nail olsam, başqa heç nə istəmirəm. Bu, bir uğur”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Onun sözlərinə görə, kiçik uğurlar böyük uğurun təməlini qoyur: “Sonra milli komandaya düşdüm. Bunları əldə etdikcə fikirləşirdim ki, başqasını da edə bilərəm”.

Qurbanov karyerasında bir neçə maraqlı anın olduğunu açıqlayıb: ““Rosenborq”la səfərdə 0:0 oynamışdıq və cavab oyunu Ağdamın işğalı günü idi. Həmin oyundan əvvəl olan ajiotaj çox idi və həyatımda, məşqçi karyeramda gərgin günlərimdən biri idi. Hamı bilirdi ki, mütləq udmalıyıq, insanlar gözləyirdi. Elə gün idi ki, həyatımı verməyə hazır idim. Məşqçi təcrübəm çox deyildi. Yadımdan çıxmayacaq matç oldu. Baxmayaraq ki, çempionluqlar var, avrokuboklarda qruplara düşmüşük. “Rosenborq” qələbəsi heç vaxt yadımdan çıxmayacaq. Ən böyük uğurum “Rosenborq”a qalib gəlmək idi. Heç vaxt insanları həmingünkü kimi sevinən görməmişəm. Elə həyəcanlı olduğumu hiss etməmişdim. Baxmayaraq ki, sonradan güclü klublara qarşı oynamışıq, qalib gəlmişik”.

O, Azərbaycan futbolunda çatışmazlıqlar çox olduğunu bildirib: “Çox təkliflərə ehtiyac var. Ən vacibi isə təklifləri dəyərləndirib, həyata keçirmək lazımdır”.

Qurbanov futbola olan sevgisindən danışıb: “Kənddə bizim kiçik bir kafemiz var idi. Səhər tezdən gedib camaata çay verirdik. Orada stadionumuza xeyli yol var idi. Ora piyada gedirdim, məşq edirdim və yenidən kafeyə qayıdırdım. Axşama kimi işləyib, ondan sonra bir də məşqə gedirdim. Bu mənim futbola sevgim idi. Sevgi çox vacibdir. Peşəni sevməsən, heç nəyə nail ola bilməzsən”.

Daha sonra Qurban Qurbanov suallara cavab verib: 

- “Marsel”lə oyunda qolun qeydə alınmaması barədə verdiyiniz qərarı necə şərh edərsiz?

- Mənim həyata gəlməyim də sanki möcüzə olub. Evdə sonuncuyam. Bəzən düşünürəm ki, evdə 5 övlad var idi, 6-cı olmaya da bilərdi. Həmişə öz-özümə sual verirdim ki, görəsən dünyaya niyə gəlmişəm? “Marsel”lə oyunda yaşanan epizod da sanki yalnız mənim başıma gələ bilərdi. Narahat idim ki, görəsən qərarım düzgündür, yoxsa yanlış. Bizdə bir deyim var: O dünyaya gedib gəldim. Mən də qolun ləğvi ilə bağlı qərarı verəndə bu hissləri yaşadım. Qolu vuran İbrahima Vadji də həssas insandır. Qol zamanı sevinməyindən hiss elədim ki, şübhəlidir. Sanki qalmışdı qapının içində, tam sevinə bilmirdi. Sonra rəqibin futbolçuları və məşqçiləri də qarışıqlıq yaratdılar. Çox narahat oldum. Hakim də qolu saydı. Epizoddan əvvəl Vadjini çağırdım ki, görüm qolu əllə vurub, ya yox. Həmin anda mənə baxmadı. Rəqibin oyunçusu Qenduzi mənə yaxınlaşıb etirazını bildirdi. Ürəyimə gələn o oldu ki, əllə vurubsa, qol sayılmayacaq. Amma yenə də narahat idim ki, qol sayılmasa, tribunalardakı 25 min azarkeş nə deyəcək, məni söyəcəkmi? Həmin anda “Bazel”lə matçda sayılmayan qolumuz yadıma düşdü. Vadjidən üç dəfə soruşdum. Dedi ki, əllə oynamışam. Buna görə də Maksim Medvedevə dedim ki, hakimə bunu bildirsin. Ondan sonra gözlədim görüm azarkeşlərin reaksiyası nə oldu. Oyun bitəndən sonra, epizodu gözümlə görənə qədər narahat idim. Epizodu görəndən sonra çox rahat oldum.

- Qurban Qurbanov geridə qalan ömründə nə dəyişmək istəyərdi?

- Geriyə baxmağı xoşlamıram. Ümumiyyətlə, insan yaşa dolduqca keçmişə qayıtmaq istəmir. Çünki o qədər səhvlər olur ki…Hər bir insan özünü düzgün, doğru sayır və səhv edəndə onu bəzəyir, boynuna almır. Sualınıza cavab olaraq bir şeyi deyə bilərəm ki, keçmişə qayıdıb səhvlərini analiz etsən, daha yaxşı ola bilərsən. Gəncliyimdə çox çılqın, aqressiv olmuşam və bu lovğalığa gətirib çıxarıb. Düşünmüşəm ki, bunu bacarmışam, bunu edirəm. Üzdə olmağa çalışmışam, daim istəmişəm ki, desinlər bunu Qurban edib. İnsanların haqqına girmişəm. Gücsüz insanların haqqına girmişəm ki, ona üzülürəm. Bu lovğalıqdan irəli gəlirdi. 

- Məhşurluq həyatınıza necə mane olur?

- Həyatıma yox, işimə mane olur. Biz insanıq və istər-istəməz təriflər olanda özümüzü dartırıq. Bəlkə də burda 5 nəfərdən soruşsam, Qurban Qurbanov sadə insandır deyəcək, qalanı başqa fikir deyəcək. Ətrafımda dostlarım var ki, özümü dartanda o dəqiqə deyirlər. Əgər onlar olmasa, sonum yaxşı olmaz. Çox məsuliyyətli bir işdə çalışıram. Kiçik səhvim uğursuzluğa səbəb ola bilər. Həyatda ən çox nifrət etdiyim şey müsahibə verməkdir. Mətbuatımız məndən inciməsin, amma bu bəzən mane olur. Mən məsuliyyətimi hiss edirəm.

- Sizin uğurlarınız oğlunuzun uğurunun qarşısını alır? 

- Deməzdim alır, amma maneçilik var. İstər istəməz öz futbolçu kareyerasına maneçilik törədir. Bunu soruşanlar çoxdu. Hətta iradlar bildirirlər ki, Musaya az şans verirsən. Amma elə böyük futbolçu uğurum yoxdu ki, Musaya mane olsun. Musaya da, digər futbolçulara deyirem ki, məndən yaxşı olmaq lazımdır. Hər bir potensiallı futbolçunun yanında yaxşı şəxsiyyət olmalıdır. Son vaxtlar hamımızın yaralı yeri, sosial şəbəkələrdi. İnsan həyatının yəqin ki, 70-75 faizini telefonlar alır. Ən böyük problemimiz budur. Azərbaycanda hər sahədən elə insanlar üzə çıxıb ki... Ramil Quliyev Səlyandan çıxıb, Türkiyə millisindədir. Qışda onuna xeyli söhbətləşdik. Öz işinin fanatıdır. 

- Çempion olmasaydız, dostunuzun çempion olmasımı istəyərdiz, yoxsa Neftçinin? 

- Mən dostluğa sadiq olmağa çalışmışam. Həmişə də çox istəmişəm dostum məndən daha yuxarıda olsun. Rəşad Sadıqovu nəzərdə tutursunuz. Bəli, ən dəyərli dostumdur, sevgim, hörmətim var. 

- Bugünki reallığa baxsaq futbolumuz 10-15 ildən sonra nə vəd edir? 

- Bugünkü realıqda futbolumuzu gələcəkdə yaxşı heç nə gözləmir. Çatışmayan cəhətlərimiz var. Problemlərimiz var ki, bunları aradan qaldırmadan olmayacaq. Biz bu gün komanda olaraq hər hamısı uğurlara imza atmışıq. Amma bu gün hamı azərbaycanlı futbolçular azdır deyə şikayət edir. İldən-ilə geriyə doğru addım atırıq. Bunu mən hiss edirəm. Əvvəl deyirdim ki, Avropa beş addım atırsa, biz bir addım irəli gedirik. İndi Avropa 5 addım irəli gedir, biz geri gedirik.