Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadənin “Qafqazinfo”ya müsahibəsi
- AMİP-in Səbail rayon təşkilatı niyə sökülüb?
- Partiyaya məlumat verilmədən, yəni razılaşdırılmamış bir formada AMİP-in Səbail rayon təşkilatının və onun əmlakının dağıdılması yaxşı hal deyil. Bu yəqin ki, partiyanın axırıncı Məşvərət Məclisində təmsilçiliyi ilə əlaqədar ola bilər. Bu hüquqi cəhətdən də düzgün hal deyil. Beynəlxalq hüquq normalarına zidd bir hərəkətdir.
- Məşvərət Məclisində təmsilçiliyiniz kimləri narazı sala bilər?
- Son zamanlar AMİP müxalifətin bir araya gəlməsi istiqamətində fəaliyyətini aktivləşdirib. Ola bilsin ki, bu kontekstdə partiyaya təzyiq göstərilib.
- Lazımı orqanlara müraciətinizin nəticəsi varmı?
- Biz qanunvericiliyə uyğun olaraq Səbail Rayon Polis İdarəsinə və Prokurorluğa bu barədə rəsmi məktub göndərmişik. Hazırda bu haqda heç bir məlumat yoxdur.
- İctimai Palata ilə bağlı mövqeyinizdə müəyyən tərəddüdlər var. Hazırda bu quruma münasibətinizdə dəyişiklik yaranıbmı?
- Belə başa düşürəm ki, biz İctimai Palatanın təsisçilərindən biriyik. Biz seçki ilinə qədəm qoyuruq. Artıq mən AMİP-in İctimai Palatada fəaliyyətini görmürəm. Hazırda bizim üzvlərimiz orda aşağı palatada təmsil olunurlar. Oradakı 19 üzvümüz İP-in nizamnaməsinə uyğun olaraq 2010-cu il parlament seçkilərindən sonra namizədliyi qeydə alınan və keçə bilməyən şəxslərdir. Ancaq hazırda mən İP-nın perspektivini görmürəm. Çünki orada təmsil olunan siyasi partiyalar bəyan edirlər ki, öz prezident seçkilərində iştirak edəcəklər. Biz hazırda Demokratik Qüvvələrin Məşvərət Məclisində təmsil olunuruq. Bu bir seçki bloku deyil, yumşaq ittifaqdır. AMİP-in seçkilərə qatılıb-qatılmayacağı və hansı namizədlə gedəcəyi isə 2013-cü ildə keçiriləcək qurultayda bəlli olacaq.
- Etibar Məmmədov prezident seçkilərində namizədliyini irəli sürəcəkmi?
- Bunu Etibar bəyin özündən soruşmaq lazımdır. Seçki hüququ hər bir Azərbaycan vətəndaşının hüququdur. Əlbəttə ki, Etibar bəy də həmin hüquqdan istifadə edə bilər. O, Azərbaycan Milli Azadlıq Hərəkatının yaradanlardan biridir. Eyni zamanda AMİP-i yaradıb ərsəyə gətirib.
- Belə fikirlər var ki, Etibar Məmmədovdan sonra AMİP öz keçmiş nüfuzunu bərpa edə bilmir. Siz nə düşünürsünüz bu barədə?
- Əlbəttə ki, hazırda siyasi partiyalardakı ümumi durum 2000-ci ilin əvvələrində olduğu kimi deyil. Vətəndaş cəmiyyətlərində narazılıqlar var. Ancaq bu siyasi partiyalarda öz təcəssümünü tapa bilmir. Bu da onda irəli gəlir ki, xalq siyasi partiyaları bir arada görmək istəyir. Amma hazırda Azərbaycanda siyasi partiyalar klub şəklində birləşiblər. Bunlar İctimai Palata, Qarabağ Hərəkatı, DQMM və.s dir. Vahid ittifaqda birləşə bilmirlər. Ona görə də sosial sorğular vətəndaş cəmiyyətləri və xalq tərəfindən gəlir. Həm beynəlxalq təşkilatlar, həm də Azərbaycan xalqı müxalifəti bir yerdə görmək istəyir. Bu mümkün olmayanda əlbəttə ki, partiyalarda qütbləşmə gedir. Ancaq hazırda AMİP aktiv fəaliyyət göstərir. Rayon, qadınlar və gənclər təşkilatlarımız fəaliyyətini davam etdirir.
AMİP Azərbaycanda yeganə partiyadır ki, Avropa İttifaqının parlamentində iki dəfə iştirak üçün rəsmi dəvət alıb. Biz Beynəlxalq Demokratlar Birliyi çərçivəsində fəaliyyət göstəririk. AMİP rəsmi olaraq Avropa Xalq Partiyasında iştirak etmək üçün də ərizə verib.
- Son günlər ölkə gündəmini zəbt edən Gülər Əhmədova ilə Elşad Abdullayev arasındakı rüşvət olayına sizin münasibətiniz necədir?
- Partiyanın mövqeyi ondan ibarətdir ki, Azərbaycanda parlament seçkiləri saxtalaşdırılıb. Bu barədə həm ATƏT-in, həm də ABŞ Dövlət Departamentinin mövqeyi var. 2010-cu il parlament seçkiləri beynəlxalq standartlara uyğun keçirilməyib. Bu bir daha öz təsdiqini tapdı.
- Məlum videodan sonra ATƏT-in və Avropa Şurasının nümayəndələrinin rüşvətlə ələ alındığı bildirilir.
- Beynəlxalq təşkilatların adının orda çəkilməsi birmənalı olaraq təhqiq olunmalıdır. Bildiyimə görə, Avropa Şurasının iki deputatı da bu barədə sorğu göndərib.
- Bəzi siyasətçilər Gülər Əhmədova məsələsinin gündəmdə qalmasının tərəfdarı deyil...
- Bu hüquq-mühafizə orqanlarının araşdırmalarından sonra bəlli olacaq. İstintaqın nəticələri şəffaf olmalıdır. Baş prokurorun özünün də bu məsələyə münasibət bildirməsi təqdirəlayiqdir. İctimaiyyətə açıq şəkildə nəticələr bildirilməlidir. Siyasi qiymət ondan ibarətdir ki, Azərbaycanda həqiqətən deputat mandatı alınıb satılırmış. O deməkdir ki, Azərbaycanda seçkilər qeyri-demokratik keçirilir.
- Sizcə, hazırkı parlamentdə pulla mandat qazanmış millət vəkilləri çoxdurmu?
- Onu mən deyə bilmərəm. Düzgün cavabı istintaq müəyyənləşdirə bilər. Heç kimə şər ata bilmərəm.
- Demokratik Qüvvələrin Məşvərət Məclisi İctimai Palata ilə əməkdaşlıq üçün məktub göndərib. Amma hələ də rəsmi cavab gəlməyib...
- AMİP olaraq bəyanat vermişdik ki, siyasi partiyaların güc mərkəzini yaratmaq istəyirik. Bu istiqamətdə Azərbaycanda fəaliyyət göstərən əsas siyasi partiyalar bir araya gələrsə, AMİP öz prezidentlik iddiasından əl çəkməyə hazırdır. Biz vahid ideya və platforma ətrafında birləşə bilərik. DQMM-lə İctimai Palatanın əməkdaşlıq formatını müəyyənləşdirmək lazımdır. Əfsuslar olsun ki, İP bu günə kimi bizə cavab verməyib. Məşvərət Məclisində təmsil olunan siyasi partiyaların da bir neçəsinin İP-də nümayəndələri var. Əgər İP-nın da mövqeyi Azərbaycanda müxalifət partiyalarının əməkdaşlıq etməsidirsə, fakt ortaya qoymalıdır. İP hazırda bizimlə əmkədaşlıq fikirlərindən daşınır.
- Vahid müxalif qüvvə şəklində birləşmək cəhdləri bizdə hələ ki, baş tutmur. Nə mane olur bu birliyə?
- Ən aktual mövzu budur. Son Gürcüstan hadisələri göstərdi ki, əgər müxalifət bir araya gələ bilirsə, demokratik islahatlara, seçkilərin baş tutmasına və siyasi mühitin dəyişməsinə nail ola bilər. Azərbaycan müxalifəti isə 20 ildir ki, bunu bacara bilmir. Çünki ambisiyalarımız böyükdür. Siyasi partiyaların daxilində islahatlar getmir. Partiyalar öz nizamnamələrinə uyğun fəaliyyət göstərməlidirlər. AMİP-də iki il bundan əvvəl demokratik seçki keçirildi. Həmin seçkidə demokratik yolla partiyanın sədri oldum. Nizamnaməmizdə yazılıb ki, əgər mənə etimad göstərsələr, iki dönəm partiya sədri olmaq imkanım var. Əgər biz cəmiyyətdən, hakimiyyətdən demokratiya istəyiriksə, partiyaların daxilində demokratikləşməyə imkan verilməlidir. Heç kimi qısqanmaq lazım deyil. Biz seçki mühitinin demokratikləməsinə nail olmalıyıq. ATƏT-in tövsiyələri seçki məcəlləsində öz əksini tapmalıdır. Pis seçki məcəlləsindən də demokratik seçki keçirmək olar. Bu işdə hakimiyyətin siyasi iradəsi lazımdır.
- Yusif Bağırzadə öz postunu daha kreativ şəxslərə təhvil verməyə hazırdırmı?
- Əgər ağıllı bir ideyanın, fikrin daşıyıcısı partiyanın sədri olmaq istəsə, təhvil verə bilərəm. Bunu eyni zamanda partiyanın ali orqanı, yəni qurultayı həll edir. Əlbəttə ki, mən də səsimi ona verməyə hazıram. AMİP Azərbaycanda qeydiyyatdan keçən birinci partiya olub. Eyni zamanda çox partiyalı sistemin əsasını qoyub. Azərbaycanın müstəqillik aktının əl müəlliflərindən biriyik. Ölkəmizin müstəqilliyini Pakistanda, Türkiyədə tanıdan bir partiyayıq. Yeganə siyasi təşkilatıq ki, Beynəlxalq Demokratlar İttifaqında ölkəmizi təmsil edirik. Birlikdə 60 ölkədən 80-ə yaxın siyasi partiya iştirak edir. Orada Yusif Bağırzadənin mikrafonu var. 2013-cü il prezident seçkiləri ilə bağlı rəsmi bəyanatım 60 dövlətin mövqeyinə təsir edəcəkdir. Ancaq partiyamızın rəsmiləşdirilməyən məsələsi 2010- cu il parlament seçilərindəki qalibiyyətimizdir.
- İlham Əliyev-İsa Qəmbər-Əli Kərimli. Bu tandemdə seçkilərdə kim sizin namizədiniz ola bilər?
- Mənim namizədim Yusif Bağırzadədir.
- Gürcüstanda müxalifət qələbə qazandı. Sizcə, Azərbaycanda da belə bir qalibiyyət əldə etmək mümkün olacaqmı?
- Bundan ötrü hakimiyyətin siyasi iradəsi lazımdır. Hakimiyyət siyasi iradə ortaya qoymalıdır ki, seçkiləri demokratik keçirəcək. Bütün namizədlərə eyni şərait yaratmalıdır. Azərbaycanda qanunun aliliyi və məhkəmənin müstəqilliyi təmin olunmalıdır. Bu iki hal baş tutmalıdır. Gürcüstan hadisələri onu göstərdi ki, regionda artıq demokratikləşmə prosesi gedir. AMİP olaraq bəyan etmişik ki, hakimiyyətə gəlməyin seçki yolunu tutmuşuq. Gürcüstan yolu onun Avropaya və NATO-ya inteqrasiyasının düzgün olduğunu göstərdi. İvanişli Saakaşvilin köhnə həmkarı olub. Onu ətrafında birləşən altı partiya demokratik düşüncəlidir. Gürcüstanın həm Azərbaycana, həm də AŞ-na, həm də NATO-ya münasibəti dəyişməz qalacaq. O Azərbaycanın strateji tərəfdaşıdır. İvanişvili bunu dəyişmək istəsə, azlıqda qala bilər. Ona görə də onun birinci rəsmi səfəri Amerikayadır. Bu da təqdirəlayiqdir.
Günel Türksoy