“Həyat yoldaşım azərbaycanlıdır” – Kurtlar Vadisi”nin aktyoru

heyat-yoldasim-azerbaycanlidir-kurtlar-vadisinin-aktyoru-
Oxunma sayı: 1077


Türkiyədə və bütün türk dövlətlərində çox sevilən serialı “Kurtlar Vadisi-Pusu”nun mənfi və sevilən obrazlarından olan (Hakan) yəni Osman Albayrakın “Qafqazinfo”ya müsahibəsi:


- Azərbaycandakı işlərinizdən danışardınız?

- Burda yaxşı bir iş görüb Azərbaycan serialının inkişafına az da olsa dəstəyimizin olmasını istəyirik. Üç dost düşündük və “Qaranlıqlar çiçəyi” adlı serial çəkməyi qərarı aldıq. Türkiyədə bu serialın çəkilişi üçün çox önəmli insanları dəvət etdik. Dəyərli aktyorlar “star life” operatorlarını dəvət etdik. Sağ olsunlar, bizi qırmadılar gəldilər. Amma təəssüflər olsun ki, biz cəmi 11 bölüm çəkə bildik. Məlum, Azərbaycanda klassik olaraq maddi vəsaitimiz çatmadığına görə 11 bölümdə dayandıq. Biz də 11-ci bölümdən sonra filimin sonun çəkdik. Bir-iki bölüm final çəkdik. Artıq montajı gedir bir-iki günə gözəl bir final gecəsi keçirəcəyik.

- Bu serial sizin dəstəyinizlə ərsəyə gəldi. Yenidən Azərbaycanda bir filim çəkmək fikriniz varmı?

- Var. Yeni serial çəkməyə hazırlaşırıq. Bu haqda çox danışmaq istəmirəm. Amma onu da deyim ki, möhtəşəm bir iş olacağına inanıram.

- Azərbaycan aktyorları ilə işlədiniz. Türkiyə aktyorları ilə bizim oyunçularımızın nə kimi fərqləri var?

- Onu demədən olmaz. Azərbaycanda çox önəmli və istedadlı, dəyərli aktyorlar var. Azərbaycanlılar bu aktyorların qiymətini bilməlidirlər. Hətta onu da deyim ki, bizim çəkdiyimiz serialın montajı Türkiyədə olunur. “Kuzey Güney” serialını montajoru edir. Biz hər dəfə serialın çəkilişlərini ora göndərəndə adam heyranlıqla həvəslə montaj etdiyini deyirdi. Çox xoşuna gəlirdi azərbaycanlı aktyorların rol oynamaqları. Mənə telefon açıb deyirdi “möhtəşəm oyunçular var”. Mən böyük bir sevgi ilə sizin aktyorlarla işlədim, möhtəşəmdirlər.

- Bir müddət əvvəl "Kurtlar vadisi"nin yaradıcı heyəti Azərbaycana gəlmişdilər. Onlar "Kurtlar Vadisi-Qarabağ"ın çəkilməsi ideyasının olduğunu söyləmişdilər. Sizcə, bu reallaşa bilər?

- Ola bilər. Amma mən bunu dəqiq deyə bilmərəm. Planda "Kurtlar Vadisi-Qarabağ" var, ya yoxdur bunu indi desəm, yalan olar. Zaman göstərəcək bunu. Hər halda bu deyilibsə və inanıram ki, hər hansı nəticə olmalıdır.

- Göründüyü ki, Azərbaycana bağlı bir insansınız. Bunun bir səbəbi varmı?

- Mən Türkiyə ilə Azərbaycanı heç ayırmıram. Bura gələndə öz vətənim kimi görürəm. Onu da deyim mənim həyat yoldaşım da azərbaycanlıdır, çox gözəl insandır. Bir neçə ildir evliyik. Çox razıyam xanımımdan, gözəl bir qızımız da var.

- Bu yayı necə dincəldiniz. Azərbaycandamı yoxsa Türkiyədə?

- Bu yayı çoxlu işlədik. Demək olar, evdə ailəmlə dincəldik. Amma əslində ailəmlə tətilə getməyi çox sevirəm. Bu yay işlər çox olduğu üçün gedə bilmədik.

- Əsasən hansı ölkələrdə dincəlməyi xoşlayırsız?

- Mən bir onu deyim ki, Azərbaycan və Türkiyədə dincəlmək mənə yetər. Avropa falan mənə dincəlmək üçün lazım deyil. Öz torpaqlarımızda dincəlməkdən gözəl heç nə yoxdur.

- Hazırda burda yeni bir serial çəkilişinə başlayırsınız. Görünür burda işləriniz çoxdur. Bu işlər içində sizə Türkiyədə rol təklifi gəlirmi?

- Mən Türkiyədə "Kurtlar Vadisi-Pusu"dan savayı "Sərsəri", "Köpək", "Əşref saatı", "Kilid" və s. filmlərdə də rol almışam. İnsanların çox sevdiyi rollar olub. Çoxlu təkliflər gəlir mənə oradan. Amma burda serial çəkməyə başlayanda dedim ki, 3 il Türkiyədə seriala çəkilməyəcəyəm. Çünki Azərbaycanda çoxlu işlərim var. Həm orda həmdə burda filim çəkmək mənə çətin olacaq. Bir il sonra təkrar orda rol alaram.

- Azərbaycanda yaşamağı düşünürsünüzmü?

- Mən iki ildən çoxdur Azərbaycanda yaşayıram, burda evim var. Arada Türkiyəyə gedib-gəlirik.

- Aktyorluq məktəbin bitirdiniz, yoxsa sizdə bu bir istedaddır?

- Ankara Universitetinin teatr bölümünün məzunuyam. Yəni aktyorluq dərsləri almışam və bu işimdə çox sevirəm.

- Məlumdur ki, siz ən çox "Kurdlar vadisi"ndən Hakan rolu ilə tanıyırlar. Bundan başqa hansı rolunuzla sevildiniz?

- Türkiyədə digər filmlərdən də məni tanıyırlar. Amma Azərbaycanda, digər türk dövlətlərində "Kurtlar vadisi" çox sevildiyi üçün məni kənarda Hakan olaraq tanıyırlar. Oynadığım digər filmlər Azərbaycanda yayımlanmadığı üçün, azərbaycanlılar məni digər filmlərdən çoxda tanımır.

Aynur Babayeva