Yenicə Xalq artisti fəxri adına layiq görülən xanəndə Simarə İmanovanın “Qafqazinfo”ya müsahibəsi.
- Simarə xanım, əvvəla təbrik edirik fəxri ad almağınız münasibətilə. Xalq artisti kimi özünüzü necə hiss edirsiniz?
- Çox yaxşı. Sevincimin həddi-hüdudu yoxdur.
- Xoş xəbəri ilk dəfə kimdən öyrəndiniz?
- Xalq artisti Zabit Nəbizadədən. Ailəmizdə heç kimin xəbəri yox idi. Evdə iş görürdüm, əllərim məşğul idi. Telefonuma zəng gəldi. Yoldaşım götürdü. Zabit Nəbizadə idi zəng edən. Deyib ki, deyəsən səhv düşmüşəm. Simarə xanımın nömrəsi deyil? Yoldaşım da deyib ki, elə düz zəng vurmusan, məşğul idi deyə özü cavab verə bilmədi. Deyib ki, nə tez hazırlığa başlayıb. Yoldaşım da deyib, nə hazırlıq? Deyib, bəs Simarə xanım Xalq artisti olub, xəbəriniz yoxdur? Bundan sonra internetə girib xəbərləri oxuduq və gördük ki, düz xəbər imiş.
- Sizcə, bu ad üçün gecikmiş sayılmırdınız? Cünki həmyaşıdınız olan sənət dostlarınız arasında Əməkdar artist fəxri adı ilk dəfə sizə verildi. Həm də Heydər Əliyev tərəfindən. Amma həmin vaxt heç bir fəxri adı olmayanlar artıq necə illərdir xalq artistidirlər...
- Heç bir narahatçılığım yox idi. Mən Azərbaycanın ən gənc Əməkdar artisti, ən gənc Leylisi olmuşam. Simarə İmanova olaraq nə qədər bu həyatda varamsa, özümü həmişə xoşbəxt hesab edəcəm ki, mənim xeyir-duamı ulu öndərimiz verib. O boyda dahi şəxs hər gənc ifaçıya Əməkdar artist fəxri adı vermirdi. O vaxt ad almağım da çox söz-söhbətə səbəb oldu. Asəf Zeynallı adına Musiqi Texnikumunda 4-cü kursda oxuyurdum. Özbəkistanın Səmərqənd şəhərində Şərq Bülbülləri festivalında 36 ölkə arasında Azərbaycanı təmsil edirdim. Özbəkistanın tanınmış xalq artisti ilə rəqib idim. Amma Qran-prini mən qazandım. Həmin tədbirdə Özbəkistanın prezidenti İslam Kərimov da iştirak edirdi. Qran-prini mən alandan sonra İslam Kərimov Heydər Əliyevə zəng vuraraq onu təbrik edib və deyib ki, sizin ölkədən gənc xanəndə xanım Qran-prini Azərbaycana apardı. Həmin festivaldan qayıdandan və mənə fəxri ad verəndən sonra tədbirlərdən birində mənə yaxınlaşıb əlini şiynimə qoydu. Dedi ki, düzdür qulağıma çox söz-söhbətlər çatır. Elə sənət adamları var ki, 40 ildir sənətdədir, amma onların yaradıcılığını vərəqləyəndə görürsən ki, Azərbaycan üçün heç bir iş görməyib. Bir gənc xanım 36 ölkənin içərisində Azərbaycan bayrağını göylərə qaldırıbsa, ona bu ad layiqdir.
- Xalq artisti adını çoxdan gözləyirdiniz?
- Həmişə dövlətimizin, rəhbərimizin, xüsusən də Mehriban xanımın diqqət və qayğısını öz üzərimdə hiss etmişəm. Sənət adamına gəncliyində diqqət vermək lazımdır. Çox sağ olsunlar ki, vaxtında etimad göstəriblər. Hər birinə ailəmizin və Simarəsevenler adından təşəkkür edirəm.
- Efirlərdə, tədbirlərdə çox az görünürsünüz. Hazırda nə işlə məşğulsunuz?
- Mən daha çox elmə vaxt ayırıram. Hazırda Mədəniyyət və İncəsənət Universitetində muğam üzrə baş müəllim kimi fəaliyyət göstərirəm. Dissertantam. Azərbaycan və türk musiqisinin lirik janrları adlı elmi iş üzərində çalışıram. Qarşıda çoxlu planlarım var. Yeni albom üzərində işləyirik. Konsert verməyi planlaşdırıram. Bundan başqa, Mədəniyyət Nazirliyinin xətti ilə İdeoqram layihəmiz var. Bir neçə ölkənin peşəkar musiqiçiləri daxildir həmin layihəyə. Artıq iki dəfə baş tutub həmin layihə. Üçüncü dəfə Azərbaycanda olması gözlənilir. Tarzən Ramin Rzayev və kamança ifaçısı Anar Yusif bu layihənin üzvüdür.
- Operamızın gənc Leylisi olmağınıza baxmayaraq, sonradan sizi bu səhnədə görmədik. Operadan uzaqlaşmanıza səbəb nə oldu?
- Lap gənc yaslarımda iki dəfə Leyli rolunu oynamışam. Tərəf müqabilim də gözəl sənətkarımız Mənsum İbrahimov olub. Allah bütün xanımlarımıza gözəl ailə həyatı qismət etsin. Mən də ailə qurdum. Uşaqlar dünyaya gəldi. Qayğılarım artdı. Ailəmə uşaqlarıma daha çox diqqət ayırmaq istədim. Vaxtın azlığında efirlərdən yayınırdım. Uşaqların anaya daha cox ehtiyacı olur bilirsiniz. İstəyirdim ki, həm ailəm, həm işim, həm də sənətim əlimdə olsun. Bunların hamısını eyni vaxtda əldə saxlamaq çox çətindir.
- El şənliklərinə necə, vaxt tapırsınız?
- Əlbəttə, Allah xalqımıza həmişə şənliklər qismət eləsin. Dövlətimizlə bərabər xalqımız da mənə diqqətini əsirgəmir. Çalışıram bütün işlərimin öhdəsindən gəlim. Bütün ev islərini özüm edirəm. İnanın heç bir köməkçim yoxdur. Yoldaşım da mənə hər zaman dəstək olur.
- Bəzi sənətçi xanımlarımızın tez-tez işlətdiyi ifadə var: Ailəmi sənətimə qurban verdim. Siz belə bir addım atardınızmı?
- Mən o sözü eşidəndə həddindən artıq əsəbləşirəm. Çox nahaq yerə. O sənətkara sənətkar deyərəm ki, hər ikisini əlində saxlasın. Bir müddət efirə çıxmaya bilərsən. Çox çətinliklərə sinə gərdim və mükafatını da gördüm. Kisi, qadın fərqi yoxdur, gözəl ailəsi olmalıdır. Heç kim cavan qalmır. İnsanın özündən sonra qoyub getdiyi yadigarı olmalıdır. Hər bir sənət adamının gözəl ailəsi olmalıdır. Azərbaycan xanımının örnək ailəsi olmalıdır. Ailə müqəddəsdir.
- Simarə xanım, sizin bir vaxtlar birlikdə çalışdığınız tarzən Zamiq Əliyevin gəlini olduğunuz deyilir. Doğrudurmu?
- Yox, yox tamamilə yalnış məlumatdır. Biz Zamiq müəllimlə bir yerdə işləmişik.
Həyat yoldaşım öz doğmaca xalam oğludur. Düzdür istəyənlər çox oldu. Allahıma şükur edirəm ki, mənə, sənətimə dəstək olan bir insanla ailə qurmuşam. Sənət adamının yoldaşı olmaq məsuliyyətli işdir. O məni həmişə basa düşüb.
- Prodüseriniz necə, var?
- Prodüserim yoxdur. Sənətimə hörmət qoyan qohumum əqrəbam var. Əvvəllər gözəl sənətkarlarımızın prodüseri olub?! Bu sənətdə nə qazanmışamsa xalqımızın gözəl sənətkarı Ağaxan Abdullayevə borcluyam.
- Sənət adamlarının sənət dostu az olur. Siz kimlərlə yaxınlıq edirsiniz?
- Bu sənət gözəl sənətdir. Amma sənət adamlarının qapalı tərəfləri var. Qaygı, diqqət görəndə sənə qarşı paxıllıq hissləri çoxalır. Doğrudan-doğruya bütün sənət yoldaşlarıma həmişə gözəl günlər arzulamışam. Təbiətimdə kiməsə paxıllıq, qibtə hissləri olmayıb. Deməzdim ki rəfiqəm var. Hamısına münasibətim eynidir. Gözəl sənətkarımız, Xalq artisti Səkinə İsmayılovaya böyük hörmətim var və onu hər zaman özümə örnək görürəm. Ad alandan sonra da Zabitdən sonra mənə zəng vurub təbrik edən ikinci insan Səkinə xanım oldu. O qədər sevinirdi ki... Hamısına böyük hörmətim var. Bir də o qədər işim var ki, rəfiqəlik etməyə vaxtım qalmır.
Nigar Məmmədli