Heydər Əliyevin adını daşıyan teatrdan şok görüntülər - Fotolar

heyder-eliyevin-adini-dasiyan-teatrdan-sok-goruntuler-fotolar-
Oxunma sayı: 709

“Büstün qabağında şəkil çəkməklə hər şey bitmir. Bu nə o kişinin, nə də Azərbaycanın adına layiqdir. Gedin, Heydər Əliyevin adını daşıyan teatra baxın və ordakı vəziyyəti görün. Sonra isə ermənilərin teatrına baxın”.

Marneulidə ziyalılarla görüşdəki bu sözdən sonra,Tiflisə gedən “Mətbuat qeyri-rəsmi qrupu”nun jurnalist heyəti sözügedən teatrı axtarmağa başladı.

Həmin teatrı tapıb binaya daxil olmaq istəyirdik ki, üzərində bar yazıldığını gördük. Elə bildik ki, həmvətənlərimizi narahat edən məsələ bu imiş...Bara daxil olmaq istərkən yaşlı bir qadın bizi qarşıladı.

Həmin qadın bizə Heydər Əliyev adına “Tbilisi Azərbaycan Dövlət Dram Teatrı”na girişin yuxarıdakı qapıdan olduğunu dedi və əlavə etdi ki, əvvəllər teatrn adı “Koroğlu” olub. Hətta teatrda o, “Arşın mal alan” tamaşasına da baxıb”.

Elə bu zaman bizi Azərbaycan dilində yad bir adamın çağırdığını görürük. 40-50 yaşlı sərxoş kişi bizə ““Allah ermənilərə lənət eləsin”, o qadın ermənidir, niyə onunla danışırsız?” suallarını ünvanlayardı.

Biz isə sərxoş olan həmyerlimizə baxıb yavaş-yavaş erməni qadının yanından uzaqlaşdıq...

Heydər Əliyev adına “Tbilisi Azərbaycan Dövlət Dram Teatrı”nın rejissoru Namiq Valehoğlunu görüncə isə bütün bu suallara cavab tapacağımız üçün sevinc içində idik. Amma Namiq Valehoğlu illərdir bu mövzuda danışmaqdan yorulduğunu etiraf edərək teatrın təmirinin hələ də baş tutmamasından şikayətlənirdi.

Məsələ isə bar deyildi...Elə mən də çox danışmaq istəmirəm. Çünki ifadə edəcəyim heç bir söz, sökülmüş, bərbad vəziyyətdə olan teatrın vəziyyətini əks etdirə bilməz.

Sonda eşitdik ki, bu məsuliyyəti SOCAR üzərinə götürüb. SOCAR-ın Gürcüstan nümayəndəliyinin regional meneceri Şövqi Mehdizadə saytımıza açıqlamasında bildirib ki, teatrın hazırda inzibati binasının digər qurumlardan və fiziki şəxslərdən boşaldılması prosesi gedir: “Proses başa çatdıqdan sonra teatrın rəhbərliyi təmir etmək üçün SOCAR-a müraciət etməyi planlaşdırır. Bu müraciətdən sonra təmir prosesinə başlanılacaq. Ümid edirik ki, 2013 ildə biz bunları həyata keçirərik”.

İndi sizə Heydər Əliyevin adını daşıyan bu teatrın bərbad görüntülərini təqdim edirik.

Günel Əbilova