“Hidayət Orucovun Allahla hidayəti kəsilmişdi”

hidayet-orucovun-allahla-hidayeti-kesilmisdi-
Oxunma sayı: 760

Ədalət Partiyasının sədr müavini Etimad İsmayılovun “Qafqazinfo”ya müsahibəsi:

- İndi bildim ki, siz orucsunuz. Nə ilə bağlı oruc tutursunuz?

- Mən ümumiyyətlə bu haqda danışmağı sevmirəm. Ona görə ki, bu daha çox daxili aləmimiz üçündür və dinin siyasi amillər üçün istifadə edilməsinin əleyhinəyəm. Sadəcə olaraq Rəcəb ayıdır, Rəcəb, Şaban, Ramazan aylarında oruc tutmaq daha yaxşıdır.

- Daimi tutacaqsınız?

- Bütün Rəcəb ayını tuturam.

- Keçən dəfə sizdən müsahibə alanda hiss olunurdu ki, dinə çox bağlı adamsınız.

- Ona görə ki, hər şeyimə görə yaradanıma borclu olduğumu varlığımla dərk edirəm.

- Ancaq budur?

- Yüzdə yüz budur.

- Keçən dəfə həm də ölkədəki dini durumdan narahat olduğunuzu bildirmişdiniz.

- Mən Azərbaycanda dini qurumlara deyil, dinin mövcud olduğu vəziyyətdən narazı olduğumu bildirmişdim. Bizdə din müəyyən mənada yas mərasimlərində fatihə deyən mollalara baxış prizmasından gedir, yəni bu prizmadan dinə yanaşırlar. Ümumilikdə isə din tamamilə başqa şeydir, insanlardan böyük kamillik, dərin daxili aləm tələb edir.

- Azərbaycan əhalisinin 96 faizi müsəlmandır və bu müsəlmanların nə qədəri sizcə gerçək müsəlmandır?

- Onun nə qədər olduğunu mən deyə bilmərəm. Çünki onların imanını Allah Təla bilir. Sadəcə olaraq mən belə hesab edirəm ki, bizdə dini təbliğat, dinin cəmiyyətə, əhaliyə hər tərəfli çatdırılması, dini qurumların təriqətindən asılı olmayaraq inkişaf etməsinə dövlət tərəfindən dəstək yaradılmalıdır.

- Bir neçə gün öncə prezidentin sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri dəyişdirildi. Bunu necə qiymətləndirirsiniz?

- Bunu zərurətdən doğan bir addım kimi dəyərləndirirəm. Hakimiyyətdə islahatçı düşüncəsi olan insanların irtica qüvvələri üzərində kiçikdə da olsa qələbəsidir. Vaxtında Roma papası İvon Pavel demişdi ki, biz birinci minillikdə Avropanı fəth etdik, ikinci minillikdə Amerikanı fəth etdik, üçüncü minillikdə isə Yaxın Şərqi fəth etməliyik. Yəni sözün əsl mənasında hərbi, iqtisadi və digər məsələlərdən istifadə edib müsəlman məkanlarını darmadağın etməklə məşğul olan qüvvələr Azərbaycanda da fəaliyyət göstərirlər. Azərbaycanda da bir çox dini qurumlara terrorist, İrana işləyən damğası vururlar. Zamanında bu quruma rəhbərlik edən Allahın hidayəti kəsilmiş insan uzaqlaşdırdılar və yeni təyinatın necə olacağını görərik. Hər halda Azərbaycanın baş bilənləri bilməmiş olmaz ki, müsəlman zülmə dözən deyil.

- Maraqlı fikir işlətdiniz. Allahdan hidayəti kəsilmiş şəxs bu quruma rəhbərlik edirdi dediniz, bu tapıntı ifadəyə oxşayır. Həqiqətənmi pis rəhbərlik edirdi?

- Öz dinin sıxışdırıb, başqa dinlər üçün şərait yaradan adam necə ola bilər?! Mən xüsusilə vurğulamaq istəyirəm ki, Quranda da Allah tərəfindən buyurulub ki, müsəlman zülmə dözməli deyil. Hesab edirəm ki, dövlət başçısı da müsəlman insan olaraq bu milləti qoruyan insandır, bilməlidir ki müsəlmanlar cəmiyyətin ən işıqlı, millətə görə hər şeyə getməyə hazır olan insanlardır. Müsəlmanın qanında şəhidlik anlayışı var. Onlar sabah başqa məmurlar kimi Qarabağ uğrunda danışıqlar aparmayacaqlar, onlar özlərini şəhid edəcəklər. Hesab edirəm ki, cəmiyyətin, prezidentin arxalandığı insanlar inanc sahibləri olmalıdır. Amma cəmiyyətdə dini zəmində qarşıdurmalar və gərginlik yaradılır. Bu səbəbdən müsəlman icmasına çox diqqətlə və ehtiramla yanaşmaq lazımdır. MTN-in fəaliyyəti nəticəsində dini hörmətdən salmaq lazım deyil. Məscidin axundu kamil insandan daha çox işverəndir. Amma onun işi insanların içində Allahın qurduqlarını, milli düşüncələri təbliğ etməkdir, cəmiyyəti vahidləşdirməkdir. Fələstinin Şeyx Yəsini kimi bizdə şeyx varmı?! Bizdə şeyxlər ölülərin şeyxidir, dirilərin deyil.

- Yeni sədrlə münasibətiniz var?

- Mənim onunla şəxsi tanışlığım yoxdur.

- Haqqında eşitmisiniz?

- Eşitməmişəm və insan haqqında eşitdiklərimə önəm vermirəm. Əsas olan əməldir.

- İnanırmısınız ki, o gəncdir...

- İnanmaq istəyərdim. Cəmiyyətdə hamı bilməlidir ki, xüsusilə də hakimiyyətdə bilinməlidir müsəlman zülmə dözən deyil.

- Şeyxlərlə bağlı danışdınız. Şeyxülislama münasibətiniz necədir?

- Mənim münasibətimlə ölçülmür. Hesab edirəm ki, bu iş Azərbaycanda təyinata deyil, seçki ilə olmalıdır. Bilərdik ki, hər bir dini qurum rəhbəri öz icmasının qarşısında məsuliyyətlə daşımalıdır, nümunə olmalıdır. Dini qurum təbii ki, dövlətlə sırf fəaliyyətdə olub milləti daha çox ruh sahibi yönəltməlidir?

- Nardarana getməmisiniz?

- Mən zatən orada yaşayıram.

- Nardaran camaatı narahat camaatdır. Oranın camaatı ilə tez-tez münaqişələr yaranır, insanlar İrana işləməkdə ittiham olunub həbs olunurlar. Niyə ora elə qaynayır?

- Bizə qəribə bir şərait mövcuddur. Amerikaya işləyənlərin toxunulmazlığı var, İrana işləyən damğası ilə kimisə həbsə atırlar. Niyə bir dövlətlə açıq şəkildə işləmək olar, əməkdaşlıq etmək, maddi dəstək almaq olar və o şəxsə bir söz deməyə heç kimin cəsarəti çatmır. Digəri ilə yox?! Ümumiyyətlə söhbət Nardaran cəmiyyətindən getmir, bütünlükdə cəmiyyətdə belə bir problem var. Sadəcə olaraq Nardaran camaatı dindar olduğuna görə, onlara olunan haqsızlıqla barışmadıqları üçün digərlərindən daha çox etirazlarını bildirirlər. İnsanlarla, müsəlmanlarla zülmlə davranmaq olmaz, insan heyvan deyil.

- İranla Azərbaycanın münasibətlər çox kəskindir. Hər iki tərəf bir-birini nişan almış vəziyyətdədir. Vəziyyəti necə dəyərləndirirsiniz?

- Bizim elə bir durumumuz və gücümüz yoxdur ki, İranı nişan alaq. Biz erməniləri qoyaq bir kənara, daxildə at oynadan məmurların öhdəsindən millət olaraq gələ bilmirik. Mən hesab edirəm ki, bu hansısa üçüncü qüvvələrin sifarişidir. Bu qüvvələrə Ermənistanı da daxil etmək olar, digər dövlətləri də. Burada haqlı-haqsız tərəf yoxdur. Təbii ki, biz nə qədər balaca və zəif olsaq da bu İrana bizə yuxarıdan aşağı baxmaq haqqı vermir.

- Etimad bəy, İran deyir ki, biz İslama normal, düzgün riayət etmirik, gündə bir ayətullah bizimlə bağlı fətva verir. Onlar nə dərəcə haqlıdırlar?

- Onlar haqsızdırlar. Quranda da Allah buyurub ki, “zorla din olmur, din mənim insanlara bəxşimdir”. Heç kim bizə deyə bilməz ki, Allaha necə baş əyməliyik, ən azından ona görə ki, İranda bu məsələdə səmimi deyil. Biz İranın siyasətinə qarışmadığım kimi, məsələn İran istəyirsə Ermənistanla əlaqələr qursun. Biz onun xarici siyasətinə tolerant yanaşırıqsa, o da bizim siyasətimizə tolerant yanaşmalıdır. Bizim xarici siyasətimiz heç bir dövlətin maraqlarına zidd deyil. Bizimlə düşmən olmadıqları halda.

- Siz deyəsən Rusiya ilə vidalaşmısınız?

- Mən heç kimlə vidalaşmamışam. Sadəcə olaraq müəyyən səbəblərdən mənim Rusiyaya getməyim mümkün deyil.

- Azərbaycanda nə ilə məşğulsunuz?

- Azərbaycanda Vəkillər Kollegiyasının üzvü idim, oradan məni qeyri-qanuni olaraq çıxardılar, həm də bu qərarı qeyri-qanuni qurum çıxardı. Vəkillər Kollegiyası Rəyasət Heyəti öz fəaliyyətinin iki il bundan öncə yekunlaşdırıb. Daha sonra iclas keçirilməyib. Orada vəkillərin üzvlük haqlarını yeyib talayırlar.

- Bunu kim edib?

- Azər Tağıyev adlı bir məxluq var. Oda təbii ki, özbaşına deyil. Kimlərəsə bağlı adamdır. Bağlı olduğu adamlarda ona diktə edib ki, məni oradan uzaqlaşdırsınlar. Bu həm də İlyas İsmayılov hakimiyyətə satılıb deyənlərin üzünə tüpürcəkdir. Axı necə satılıb ki, onun oğlunu Vəkillər Kollegiyası adlı bir quruma belə olmasını çox görürlər?!

- Partiyadasınız?

- Demək olar.

- Başqa fəaliyyətiniz yoxdur?

- Mən özümü şəxsi biznesimə kökləmişəm. Türkiyədə yaşayıram.

- Yəni prosesləri sıx izləmirsiniz?

- Mən prosesləri izləyirəm. Amma xüsusi bir prosesin baş verdiyini görmürəm.

- Rusiya yaxşı ölkədir ya Türkiyə?

- Türkiyə.

- Orada siyasi dairələrlə əlaqəniz var?

- Mənim dünyanda çox insanlarla təmaslarım var.

Söhbətləşdi: Elbrus Ərud