İki ölkə arasında uçuşlar 4 ildən sonra bərpa olundu

iki-olke-arasinda-ucuslar-4-ilden-sonra-berpa-olundu
Oxunma sayı: 1295

Qətərlə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında Körfəz böhranı səbəbi ilə 3,5 ildir pozulan uçuşlar bərpa edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qətər Hava Yollarının tvitter hesabında məlumat verilib. Qeyd olunub ki, çərşənbə günündən etibarən Dubaya gündəlik iki uçuş başlanıb.

Açıqlamada bu gündən etibarən paytaxt Əbu-Dabiyə də gündəlik uçuşların baş tutacağı ifadə edilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir 2017-ci ildə Qətəri terror qruplarını dəstəkləməkdə ittiham etmiş, iqtisadi embarqo qoymaqla bütün diplomatik münasibətlərini kəsmişdi. Qətər bu ölkələrin bütün ittihamlarını rədd etsə də, bu, Körfəz bölgəsində böhrana səbəb olmuşdu.

Böhrana son qoymaq səyləri bu ilin əvvəlində nəticə vermişdi. Küveyt xarici işlər naziri Əhməd Nasser Mohammed es-Sabah yanvarın 4-də Səudiyyə Ərəbistanı ilə Qətər arasında quru, dəniz və hava sərhədlərinin açılması üçün razılaşma əldə edildiyini elan etmişdi.

Səudiyyə Ərəbistanı xarici işlər naziri Faisal bin Farhan Al Suud yanvarın 5-də Əl-Ula şəhərində təşkil edilən 41-ci Körfəz Əməkdaşlıq Şurasının (GCC) Sammitində Qətərə embarqo qoyan ölkələrin Doha ilə diplomatik əlaqələrini bərpa etdiklərini və sanksiyanın aradan qaldırıldığını bəyan etmişdi.