İmişlidə 27 sentyabr - Anım Günü dərin ehtiramla qeyd olunub - Fotolar

imislide-27-sentyabr-anim-gunu-derin-ehtiramla-qeyd-olunub
Oxunma sayı: 984

İmişli rayonunda Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi olan 27 sentyabr – Anım Günü qeyd olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə şəhid ailələri, İmişli RİH başçısı Elçin Rzayev, millət vəkili Səyyad Aran, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatlarının kollektivləri, qazilər, rayon ictimaiyyəti və sakinlər iştirak ediblər.

İştirakçılar əvvəlcə şəhidlərimizin məzarlarını və “Şəhidlər” abidəsini ziyarət edərək ruhlarına dualar oxuyublar, önünə gül-çiçək dəstələri düzərək igid Vətən oğullarına ehtiramlarını bildiriblər.

Daha sonra şəhidlərimizin əziz xatirəsinə ehsan süfrəsi açılıb. Mərasim başlamamışdan öncə Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.

Mərasim zamanı çıxış edənlər 27 Sentyabr – Anım Gününün Vətən uğrunda canından keçmiş şəhidlərimizə ehtiramın, qürurun və minnətdarlığın simvolu olduğunu bildiriblər. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qəhrəmanlıq nümayiş etdirərək ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Çıxışlarda həmçinin şəhidlik zirvəsinin müqəddəsliyi, xalqımızın birliyi və ordumuzun şücaəti xüsusi vurğulanıb. Bununla yanaşı antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam təmin olunması və bu zəfərin Azərbaycan xalqının əzminin, iradəsinin və həmrəyliyinin sayəsində mümkün olduğu bildirilib.   

Saat 12:00-da isə respublikamızın hər yerində olduğu kimi, İmişli rayonunda da torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad olunub. Küçələrdə hərəkət dayandırılıb, səs siqnalları verilib.