İmişlidə Prezident İlham Əliyevin doğum günündə ağacəkmə aksiyası keçirildi - Fotolar

imislide-prezident-ilham-eliyevin-dogum-gununde-agacekme-aksiyasi-kecirildi
Oxunma sayı: 337

İmişli rayonunda Prezident İlham Əliyevin doğum günü münasibətilə ekoloji mühitin yaxşılaşdırılması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə ağacəkmə aksiyası təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, aksiyada İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və digər rəsmi şəxslər də iştirak ediblər.

İmişli RİH-nin və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən aksiya çərçivəsində İmişli şəhərinin Nəcməddin Savalanov küçəsinin hər iki istiqamətində - sağ və sol hissələrində, eləcə də rayonun Göbəktala kəndində Vətən müharibəsi şəhidi Əmrah Çingiz oğlu Səfərlinin adını daşıyan küçə boyunca ümumilikdə 950-dən çox müxtəlif növ ağac, o cümlədən dekorativ tinglər əkilib.

Ağacların seçimi və əkini zamanı ərazinin landşaft xüsusiyyətləri, torpaq örtüyü, eləcə də iqlim şəraiti nəzərə alınıb, əkin prosesi zamanı agrotexniki qaydalara riayət edilib.

Qeyd edək ki, bu cür tədbirlər rayon ərazisində yaşıllıq sahələrinin artırılmasına, ətraf mühitin mühafizəsinə və ekoloji tarazlığın qorunmasına mühüm töhfə verir.