“İmkan vermədiz ki, biz könlümüz istəyən tək sevişək...”

imkan-vermediz-ki-biz-konlumuz-isteyen-tek-sevisek
Oxunma sayı: 1721





Sən-gözləri tez-tez dolan erkəyim
əllərimi uzatdım, gözünü sillim
dodaqlarına toxundum.
mənim də əllərim kövrəkdi, neynim?
neynim ki, saçlarımı darayanda
əllərimi unutmaq istəyirəm,
Günəş batanda
saçlarımı.
neynim ki, qarşıdan sənsizlik gəlir...
Ağ rəngli arzular boylanır keçmişdən,
bir qız vardı
onu xatırlayıb ağlayır ömür...

Necəsən,
Hardasan,
necə unudursan?
Nə edirsən, məsələn?
İçirsən,
ağlayırsan...sonra?
Yəqin, sonra, ayaq döyürsən
labirint küçələrdə.
Geriyə yol gəzirsən,
azırsan döngələrdə.
Içirsən, ağlayırsan, unutmursan, unutmursan...
əllərimi hara uzatsam
dodaqlarına dəyir.
Göz yaşın indi hara süzülür..?
Haradı o haqsızlıq döngəsi
eh...bu döngələr ölkəsi
bütün yolları qısaldır.
Burdan hansı yol
Romaya aparır?
Sənsizliksə Romadan uzaqdı...
şeir də yarımçıqdı,
səbəb də,
bir də,
neçə vaxtdı soruşmaq istəyirəm,
bir klassik ifadə vardı-
“səni gözləyəcəm”,
onu ilk dəfə kim deyib,
kimə deyib-bilən varmı ?
bəlkə sən bilərsən...
bilsən...
elə bilməsən də...

***

Qoymadız ay adamlar
imkan vermədiz ki, biz
könlümüz istəyən tək
sevişək...

könlümüz istəyən an
könlümüz istəyən canla
görüşək.

dünyanın dar yolunda
gülsüz kollu bağında
gəzişək.

“ayağını yara basar
tikan batar, ilan çalar,
nəmnə olar”
sizə nə?


bizim əldən, ayaqdan,
sağalmayan yaradan,
sizə nə , bax, sizə nə?!

***

P.S.
qoyun bu mərətə qalmış
ömrümüzü yaşayaq.

***

Mən türk qızıyam.
Iki sevgilim var.
Bir sən ,bir də vətən.
Ən böyük amacım
qadın olmaq deyil.
adam olmaqdı.
Çiynimi
ikinizin çiyninə söykəyib,
silah çəkərəm düşmənə.
Bazardüzünə qalxıb, ordan
Xəzərə enib,
lap dibdən sevərəm ikinizi.
Türk qızıyam
sənin də , vətənin də
sevgilisiyəm.
Gözümdə qorxu görünməz
heç zaman,
Türk qızıyam,
sonra qadın.

***

Nə ümid istəyirəm,
Nə də şirin ayrılıq.
Bura büsbütün sənsiz
Bura alaqaranlıq.
Tək gecə deyil Səni
Başqasına aparan,
Günəş altda gəzirəm
axı yenə onunsan.
bağırır səs içimdə
bağla özünə məni.
ayağına zəncirlə
saxla özünlə məni.
azadlıq istəmirəm
acığım tutur ona.
Dişləm-dişləm bitirir
yeyib çıxır sonuma.
Hesab sor, cavab istə
silkələ, coşub çığır-
“gözünü çək dünyadan”
deyib, üstümə bağır.
Bədənimi ayırıb
Təbiətdən dönərəm.
Ürəyinə çağırsan
Ayağına gələrəm.
Yəni dəyməzmi buna?
Bağla özünə məni
zəncirlə ayağına.

***

Bu da ona bənzəməsin,
Necə gəlib , elə getsin.

hay-küy, arzu, ehtirasla
sevə sevə ziyan etsin.

Gözlərinin içindəki o şəhəri
qoyub getsin.
ocaq kimi bədəniylə
yandırmasın,
o şəhərdə tərlətsin.

Çıraq gözlüm, gözlərini
bura tut
toranlığı aydınlat...

Düşündükcə su salacaq arzular
Damcı- damcı yığılacaq, artacaq
Şəhəri də batıracaq o sular
Bu da ömrün “dəniz sonu” olacaq.

***

özünü olduğundan anlamsız duymaq
min ad içindən birini bulmamaq
və yarğanda yaralı tək çırpınmaq...
bir də sözlükdəki axtarışın...

tapılmayacaq bir anlayışdı var oluşun.
üstəgəl
ayrılıq da çapıq qoyduğu üçün ayrılıqdı.

əlin də ağrıyır,
qolun da
çiynindən aşağı duyulmur.
çiynindən o yanda unudulmaqdı özləm...

öz özünü alqışlamaqdı yalan.
ora-bura
çırpıla-çırpıla
incinməməkdi
dizin-dizin yeriməkdi yaşam,
həm yorulmaq, həm də yorulmamaqdı

Üstəlik, qarşıdadı hələ son...

***

Özün öz qəlbini bəyəndinmi sən?
Sevindinmi bu ürəyin sahibisən?
Arqanın səsindən canlandımı
hər gün gördüyün adam
başqa üzlə, başqa düzlə?
Bir yol öpüş yolladınmı adalara?
Tələsmə sən o yollara.
Tanıdınmı o adamı sonatada,
yoxsa həmən yoxa çıxdı səs anında?
Ya bəlkə o səsə dəyib, dağa döndü gözlərində?
Tomasonun dediyini o bildimi, sən biləndə?
Cek Londonu dəyişdinmi sadəsinə?
Sən Arqanın gur səsində böyüdünmü?
Himalaya qalxdınmı heç xəyal boyu..?
Sən sonata dinlətdinmi “qal” yerinə?
Gör nə qədər səs var orda -bizdən böyük
Sən o səsdə yaşadınmı bircə günlük...
Axtardınmı öz-özünü başqa yerdə?
Əllərini toxundurub bədəninə
bir dəfə də tapma onu öz yerində.
Bir çökük, bir sökük uçuq daxmadan
saraya döndər evini
qızıl balıq tək...
...

Sən,
ey sonuncu “getmə” sözünə gələn
gecikdinmi sən?