İnstitut direktorunun ölümü yenidən araşdırılacaq

institut-direktorunun-olumu-yeniden-arasdirilacaq
Oxunma sayı: 3614

Ali Məhkəmədə Xızıda AMEA-nın Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məhkəmə hökmündən kassasiya protestinə baxılıb.

“Qafqazinfo” xəbər verir ki, ağır qəza törətməkdə təqsirləndirilən Ramil Hüseynovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən protest təmin edilib. Həmçinin Ali Məhkəmə T.Məmmədovun hüquqi varisinin kassasiya şikayətini təmin edib.

Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin çıxardığı qərar ləğv edilib, cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin olunub.

Qeyd edək ki, Xızı Rayon Məhkəməsinin hökmü ilə R.Hüseynov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını məntəqə tipli müəssisədə çəkməsi hökmdə qeyd edilib. Bu isə zərərçəkmiş tərəfin və prokurorluğun hökmdən narazı qalmasına səbəb olub. Zərərçəkmişin hüquqi varisi apellyasiya şikayəti versə də Sumqayıt Apellyasiya Məhkəməsi vəsatəti təmin etməyib. Daha sonra onlar Ali Məhkəməyə müraciət ediblər.

Xatırladaq ki, hadisə 2022-ci ilin 19 may tarixində Xızı-Giləzi yolunun 24-cü kilometrliyində Xızı rayonunun Təzəkənd kəndindən keçən hissəsində qeydə alınıb. DİN-in Baş Mühafizə İdarəsinin Siyəzən Regional Şöbəsinin əməkdaşı, polis baş serjantı, 1987-ci il təvəllüdlü Ramil Hüseynovun idarə etdiyi “Daewoo Nexia” markalı avtomobillə Sahib Eyvazovun sürdüyü “VAZ-2121” toqquşub. Nəticədə S.Eyvazovun sükanı arxasında olduğu avtomobil zərbənin təsirindən idarəetmədən çıxıb və yolun kənarına doğru hərəkət edərək piyada, 1957-ci il təvəllüdlü Məmmədov Tofiq Sadıq oğluna çırpılıb. Baş nahiyəsindən ağır xəsarət alan Tofiq Məmmədov hadisə yerində vəfat edib.

Məlumata görə, hadisə polis baş serjantının istirahətdə olduğu vaxt baş verib. T.Məmmədov isə bir qrup iş yoldaşı ilə Xızıya iş səfərinə gedibmiş.