“Qafqazinfo” Ümid Partiyasının sədri İqbal Ağazadənin “Bizim Yol” qəzetinə verdiyi müsahibəni təqdim edir:
- Nəhayət, iqtidarla müxalifət eyni masa arxasına oturdu. Məhz, müxalifətin ən radikal qanadı kimi təqdim olunan İctimai Palata təmsilçiləri görüşdə iştirak etsə də, parlament müxalifəti olan Ümidin nümayəndələri gözə dəymədi. İqbal bəy, yəni həmin görüşü qeyri-ciddi hesab etdiniz?
- Buna iqtidar-müxalifət görüşü deməzdim. Hansısa məsələ ilə bağlı masa arxasında toplaşmaq kimi dəyərləndirərdim. Partiyamızın prosesə qoşulmamasının da fundamental səbəbləri vardı:
Əvvəla, Avropa Parlamentinin qətnaməsi, iddia edildiyi kimi, təkcə Ramil Səfərovla bağlı deyildi, qətnamədəki əsas çağırışlar demokratiya və insan haqları ilə bağlı idi. Və demokratiya, insan haqları və azad seçkilərlə bağlı çağırışlar hardan gəlməsindən asılı olmayaraq, Ümid Partiyası onu dəstəkləyir. Siyasi partiyaların cavab bəyanatında isə yazılıb ki, “Avropa Birliyinin bu qətnaməsini birmənalı rədd edirik”. Halbuki həmin qətnamənin yalnız bir müddəası Ramil Səfərova aiddir, qalanları isə demokratiya və insan haqları ilə bağlıdır.
İkincisi, qətnamədəki Ramil Səfərovla bağlı müddəa Avropa Birliyinin təəssüfünü ifadə edirdi. Və bütün beynəlxalq təşkilatlar, dövlətlər öz mövqelərini ifadə etməkdə sərbəstdir. Nəhayət, üçüncüsü, məhz Ermənistanın israrla gündəmdə saxlamağa çalışdığı və daim qabartdığı bir məsələnin üzərinə biz də qayıtmaqla, əksinə milli mənafelərimizə, maraqlarımıza ziyan vurmuş oluruq. Biz hesab edirik ki, Ramil Səfərov məsələsi artıq tarixdir və bizim üçün hazırda aktual olan “ASALA” terror təşkilatının Azərbaycana və azərbaycanlılara qarşı verdiyi siyasi bəyanatlar, hədələrdir. Bu baxımdan, Azərbaycanın siyasi partiyaları bu məsələni gündəmə gətirməli, onun ətrafında toplaşmalı və beynəlxalq təşkilatların mövqeyini qazanmağa çalışmalıdır, nəinki artıq tarix olmuş məsələ ilə bağlı kiminsə təəssüfünə cavab vermək. Bütün bunları nəzərə alaraq, biz həmin bəyanata qoşulmağa ehtiyac duymadıq.
- Gətirdiyiniz arqumentlər görüşdən sonra mətbuatda dolaşan bir versiyanı təsdiqləmiş olur ki, “Müxalifət iqtidarla birgə atdığı bu anti-Qərb addımı ilə yeganə ümidi olan Qərbin dəstəyini də itirəcək”. Razılaşırsınız?
- Zənnimcə, artıq Qərb dairələri, xüsusilə də Avropa Birliyi və ATƏT bu məsələləri, ən azı təhlil edəcək və münasibətlərin səviyyəsi ilə bağlı qənaətə gələcək.
- Daha bir diqqətçəkən məqam var. Mühüm proseslərdən kənarda qalmamağı tərcih edən bir millət vəkili Ramil Səfərovun əfvi olayının üzərindən tam sükutla keçdi və bu istiqamətdəki dartışmalara heç bir yöndən reaksiya vermədi. Səbəb?
- Ramil Səfərov Macarıstanda həbsdə olarkən problem idi, Azərbaycana qayıtdıqdan və əfv edildikdən sonra problem deyildi artıq. Problem olmayan bir şeydən tərəflərin hansınınsa sui-istifadə etməsinə imkan vermək olmaz. Ramil bir Azərbaycan vətəndaşıdır, ittiham olunduğu cinayətin mahiyyətindən asılı olmayaraq, azad olunmasını arzulayırdım və azadlığa çıxması məni də sevindirdi. Amma bu hadisədən bir qismin qələbə, digər qismin məğlubiyyət piarı kimi istifadə etməsi doğru deyil. Çünki bu cür piar kampaniyalar təkcə ölkə daxilində deyil, həm də beynəlxalq arenada ölkəmizin imici üçün yaxşı heç nə vəd etmir. Belə hallarla xaricdən üzərimizə gəlinməsinə bəhanələr veririk. Bu səbəbdən hesab edirik ki, bəzi hadisələrin üzərindən sükutla keçmək daha məqsədəuyğundur.
- Əfvin siyasi tərəflərini bir kənara qoyaraq, sırf hüquqi baxımdan həmin addımı necə dəyərləndirirsiniz?
- Ramil Səfərovun Azərbaycana ekstradisiyası beynəlxalq hüquqa uyğun həyata keçirildi və heç bir hüquq pozuntusu yoxdur. Və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsi ilə Azərbaycan Prezidentinə müstəsna səlahiyyətlər verilir, Prezident isə bu səlahiyyətlərdən biri kimi istənilən məhbusu vaxtından əvvəl azadlığa buraxa bilər. Yəni, istər ekstradisiya prosesində, istərsə də əfv sərəncamında beynəlxalq və yerli qanunvericiliklə ziddiyyət təşkil edəcək nüans yoxdur.
- Amma, bəzi hüquqşünaslar iddia edirlər ki, qanunvericilik ömürlük məhkumun əfvlə birbaşa azadlığa buraxılmasını qadağan edir...
- Azərbaycan qanunlarında bu kimi məqamlar nəzərdə tutulmayıb.
- Bəs, Ramilin əfvi Qarabağ danışıqlarına nə dərəcədə təsir göstərə bilər?
- Ciddi təsir göstərəcəyini düşünmürəm. Nə supergüclər, nə beynəlxalq təşkilatlar danışıqlar prosesinin durdurulmasına imkan verməyəcək. Ermənistan-Azərbaycan münaqişəsində daha dəhşətli hadisələr baş verib ki, heç biri danışıqların dayandırılmasına, atəşkəs bağlanmasına və sonrakı prosesə mane olmayıb. İndi Ermənistan hadisəni şişirtməyə çalışsa da, bir müddətdən sonra geri çəkiləcək. Adətən, bu cür hadisələrdən iqtidarlar daxili auditoriyaya oynamaq üçün istifadə edirlər. Ermənistan tərəfi də bundan həm daxilə oynamaq, həm də danışıqlar prosesində divident qazanmaq məqsədilə yararlanmağa çalışır, amma ciddi nəticə verməyəcək.
- Yeri gəlmişkən, bəzi təhlilçilər iddia edirlər ki, Səfərovun əfvi də məhz Azərbaycan hakimiyyətinin öz siyasi çıxarlarına hesablanıb...
- Hər bir iqtidar öz maraqları yolunda müxtəlif vasitələrə əl atır. Lakin, siyasi maraqlar dövlətə və dövlətçiliyə ziyan vurursa, onu kənara qoymaq lazımdır, ziyan vurmursa, normal haldır.
- Qayıdaq yuxarıda danışdığımız görüş məsələsinə. Bu addımı iqtidar-müxalifət dialoqunun başlanğıcı kimi dəyərləndirmək olar? Hətta, Əli Həsənov səviyyəsində “dialoq olacaq” mesajı verildi...
- Əgər iqtidar düşünürsə ki, aramızda uçurum var və bu addım başlanğıcdır, olsun. Problemlərin masa arxasında çözülməsi xoşməramlı haldır. Bizsə hesab edirik ki, oturub danışmağımız üçün heç vaxt uçurum olmayıb, həmişə dialoqa açıq olmuşuq, zaman-zaman bir masa arxasında oturmağı bacarmışıq. Hansısa detal ətrafında bir araya gəlmək o zaman dialoqun başlanğıcı hesab olunur ki, orada qəti barışmaz tərəflər, hətta silahlı qruplaşmalar olur. Bu baxımdan, qeyd etdiyiniz görüşü dialoqun başlanğıcı hesab etmirəm. Düşünürəm ki, bu, sıradan bir tədbir idi və sabah müxalifət də hansısa ümummilli məsələ ilə bağlı sənəd hazırlayıb, iqtidarı imza atmağa dəvət edə bilər.
Dialoq üçün konkret predmet olmalı və tərəflər yığışıb öz fikirlərini, təkliflərini ifadə etməlidirlər. İqtidarla müxalifət arasında dialoq olarsa, bunun 2 nəticəsi meydana çıxa bilər: Ya, hansısa konkret hadisə, məsələn 2013-cü il seçkiləri ilə bağlı tərəflər üzərlərinə öhdəlik götürüb, altına imza atır. Yaxud da uzunmüddətli proqramlar dartışılır, tutalım iqtidar bəyan edir ki, korrupsiyaya qarşı mübarizə sahəsində filan işlər görülüb və filan çətinliklər var, müxalifət də o proqramın həyata keçməsinə təklif və töhfələrini verir. Başqa cür dialoq ideyasının heç bir əhəmiyyəti yoxdur.
- O zaman sizin fikirlərdən belə anlaşılır ki, “Qərbdən gələn təzyiqlərdən yayınmaq üçün hakimiyyət bu cür görüş tamaşası qurdu” deyənlərin iddiaları doğrudur...?
- Tam olaraq bu şəkildə də ifadə etməzdim. Hakimiyyət artıq beynəlxalq aləmdə baş verən prosesləri görür, Yaxın Şərqdə və Cənubi Qafqazda yaşananları izləyir və bunlardan nümunə götürərək, öncədən dialoq anonsları verir. Bu, həm Qərbə sakitləşdirici mesaj, həm də cəmiyyətə barış və demokratiya siqnalları ötürməkdir. Yəni, indidən zəmin yaradırlar ki, bir mərhələdən sonra eyni masa arxasında oturmaq çətin olmasın.
-İndiyədək Ramil Səfərovdan daha önəmli məsələlər olub, məsələn Qarabağ danışıqları ilə bağlı. Nədən indiyədək iqtidar müxalifətlə və vətəndaş cəmiyyəti təmsilçiləri ilə eyni masa arxasında oturub həmin məsələləri müzakirə etməyə ehtiyac görmürdü?
- O zaman regionda baş verən proseslər iqtidarın lehinə olub. İqtisadiyyatın siyasət üzərində hökmranlığı hakimiyyətə sərf edirdi. Artıq 2009-cu ilin ortalarından siyasətin iqtisadiyyat üzərində hökmranlığı dövrü başlayıb. Hazırda dünyada ayrı-ayrı milyarderlərin, klanların hakimiyyətdən getmə prosesini müşahidə edirik. 2008-ci ilədək dünyanın prioriteti təhlükəsizlik və iqtisadiyyat idisə, artıq siyasət onların fövqünə keçir. Bu baxımdan, həmin dövrlərdə dünya prioritetinin nədən ibarət olduğunu anlayan Azərbaycan hakimiyyəti zaman-zaman dialoq çağırışlarına məhəl qoymayıb, indi isə priorietlərin dəyişdiyini görür və yumşalma meylləri nümayiş etdirir.
- Siyasətin iqtisadiyyatın üzərinə qalxdığını deyirsiniz. Bəs, hesab etmirsiniz ki, 10 il bundan öncəki Azərbaycanla müqayisədə indi oliqarxlar siyasi proseslərə daha çox nəzarət edirlər, yəni siyasət artıq onların arxasınca sürünür?
- Azərbaycanda oliqarxların, yaxud vəzifəli şəxslərin siyasətə təsiri görünən səviyyədə ola bilər. Amma, əslində çox ilginc bir mənzərə yaranıb. Əgər 5-10 il əvvəl 3-5 məmurun ayrı-ayrılıqda sərvəti ümumilikdə Azərbaycanın dövlət büdcəsindən çox idisə və ölkə iqtisadiyyatını təhdid edə bilirdilərsə, bu gün hamısının birgə sərvəti Azərbaycanın valyuta ehtiyyatlarını təhdid edə biləcək həddə deyil. Artıq iqtisadiyyat ayrı-ayrı fərdlərin nəzarətindən çıxır, nəticədə ölkənin inkişafı üçün müsbət impulslar görünür.
- Ramil Səfərov olayından sonra ölkə mətbuatında “2013-cü il seçkilərindən sonrayadək Qarabağ danışıqları dayandırılsın” təklifləri səslənməyə başlayıb. Necə təklifdir?
- Ümumiyyətlə, indiki tərkibdə və situasiyada danışıqların heç bir perspektivi yoxdur. İlk növbədə Ermənistan-Azərbaycan danışıqları üzərində siyasət dəyişdirilməlidir. Yəni, yeni atmosfer yaradılmalı, ardınca Cənubi Qafqazın ictimai institutları prosesə cəlb edilməli, ardınca dövlət orqanları qoşulmalıdır. Çünki hazırki situasiyaya nəzarət Moskvanın əlindədir və Rusiya dəngələri özü müəyyənləşdirir. Nəzarət Rusiyadan alınmadıqca, danışıqları dayandır, 10 il sonra yenidən başla, heç bir mənası yoxdur. Rusiya regionun qapılarını başqa dövlətlərin üzünə bağlayıb, sadəcə öz maraqlarını diqtə edir və bu proses mövcud olduğu sürəcə Qarabağ danışıqları hələ uzun müddət davam edəcək. Lakin, Türkiyə, ardınca da demokratik Qərb bölgəyə daxil olarsa, Ermənistanın özündə belə, “yeganə nicatımız Rusiyadır” ideyası sıradan çıxacaq. Türkiyə cəmiyyətindəki demokratik ab-havanı, yaşam tərzini görən ermənilər şüurlarındakı ifrat millətçiliyi, faşizmi silib ata biləcəklər.
- Yəni, Azərbaycan neynəməli - birmənalı qərbyönümlü kurs seçməlidir?
- İki seçimdən birini edirik: ya avtoritar, demokratikləşməyə imkan verməyən bir idarəetməni seçirik, ya da sivil, demokratik modeli. Hələlik də idarəetmənin Qərb modelindən yaxşısı yoxdur. Deməli bu yolu seçməliyik.
- Deməli, ikinci yol həm də Qarabağa aparır...?
- Birmənalı. Fikir verin, beynəlxalq siyasi masaların üzərində Azərbaycan kəlməsi yoxdur, Cənubi Qafqaz var. Qərb bu regionu vahid halda, demokratik parça kimi görür. Biz də prosesə bu prizmadan yanaşmalıyıq.
Ardı var...