İradə Gülməmmədova müşavirə keçirdi

irade-gulmemmedova-musavire-kecirdi
Oxunma sayı: 2558

Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən rayon icra hakimiyyətinin geniş şura iclasında 2019-cu ildə rayonun sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr müzakirə edilib.

"Qafqazinfo"nun məlumatına görə, Abşeron RİH başçısı geniş məruzə ilə çıxış edərək bildirib ki, 13 yanvar 2020-ci il tarixdə Azərbaycan Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə dövlət başçısı 2019-cu ilin ölkəmiz üçün uğurlu il olduğunu, ilin əvvəlində qarşıya qoyulan bütün vəzifələr icra edildiyini və dayanıqlı inkişafın təmin olunduğunu qeyd edib.

2019-cu il Abşeron rayonu üçün də uğurlu il olduğunu vuğulayan başçının sözlərinə görə, ötən il rayonun sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində abadlıq-quruculuq işləri davam etdirilib, rayon ərazisində su-kanalizasiya sistemlərinin yenidən qurulması, avtomobil yollarının əsaslı təmiri, elektrik enerjisi, təbii qaz ilə təchizat və digər sosial problemlərin həlli istiqamətində mühüm layihələr icra olunub.

Xırdalan şəhərində 3 yeni istirahət parkının salındığını söyləyən başçı qeyd edib ki, Sumqayıt-Bakı yolunun üzərində Xırdalan şəhərinin girişini bildirən və şəhərin adı yazılmış metal konstruksiya quraşdırılıb. Bundan əlavə Heydər Əliyev Prospektində hasara 560 kv.metr suvaq vurularaq rənglənmiş, 98 kv.m aqlay daşla üzlənib. Rayonun Məmmədli kəndinin mərkəzi Heydər Əliyev, Hökməli-Qobu yolunda Koroğlu küçəsi boyunca yol kənarlarının abadlaşdırılması işləri həyata keçirilib. 2019-cu il ərzində rayonun daxili imkanları hesabına yol infrastrukturunun bərpası və inkişaf etdirilməsi məqsədilə daxili yollara 46886 kub metr çınqıl tökülərək yayılıb, 12590 p/m səki daşı düzülüb. Mehdiabad qəsəbəsində Azadlıq küçəsində 850 kv.metr, Novxanı kəndində M.Sənani, Bakı və M.Ə.Rəsulzadə küçələrinə ümumilikdə 8400 kv.metr, Ceyranbatan qəsəbəsində qəbiristanlığa gedən yola 3000 kv.metr, Masazır kəndində Binəqədi rayonu ilə həmsərhəd hissədə 6000 kv.metr sahəyə asfalt örtük verilib.

Bildirilib ki, hesabat dövründə Xırdalan şəhərində və Ceyranbatan qəsəbəsində 7 çoxmənzilli yaşayış binasının dam örtüyü yenilənib. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 fevral tarixli Sərəncamına əsasən ayrılan vəsait hesabına Xırdalan şəhərində 6 çoxmənzilli yaşayış binasında 27 istismara yararsız lift əsaslı təmir olunub.

Ölkə Prezidentinin sahibkarlığın inkişafı ilə bağlı rayon İcra Hakimiyyətləri qarşısında qoyduğu vəzifələrlə bağlı Abşeron rayonu çox böyük nəticələr əldə edib. Respublika iqtisadiyyatına qoyulan özəl investisiyaların həcminə görə Abşeron rayonu 2018-ci ildə Respublikada birinci yerdə olub və 2019-cu ildə də bu uğurlar davam etdirilib. Ötən il özəl sahəyə 242 milyon manat investisiya cəlb edilib, Sahibkarlığın İnkişafı Fondu tərəfindən rayon ərazisində fəaliyyət göstərən sahibkarlara 40 investisiya layihəsi üçün 42.5 milyon manat güzəştli kredit verilib.

Əvvəlki illərdə olduğu kimi rayon ərazisində məskunlaşmış 11172 məcburi köçkün ailəsinin qayğıları da daim diqqət mərkəzində saxlanılır. Həmişə olduğu kimi məcburi köçkün rayonlarının işğal günü ərəfələrində həmin rayondan olan şəhid ailələri ilə görüşlər keçirilərək onlara maddi köməkliklər olunub.

2019-cu il ərzində rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin normal fəaliyyətlərinin təmin edilməsi istiqamətində işlər davam etdirilib. 

Bundan sonra rayonun sosial-iqtisadi, mədəni və ictimai həyatında səmərəli fəaliyyətlərinə və əldə etdikləri nailiyyətlərə görə bir neçə şəxs Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar.