İşçi razılığı olmadan məzuniyyətə göndərilə biləcək

isci-raziligi-olmadan-mezuniyyete-gonderile-bilecek
Oxunma sayı: 1380

Məzuniyyət hüququ 46 təqvim günü olan xüsusi xidmətləri olan işçilərin siyahısında dəyişiklik ediləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Sənədə əsasən, aşağıdakı işçilərə 46 təqvim günündən az olmayaraq məzuniyyət veriləcək:

• Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və ya Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən əlilliyi olan işçilərə;

• Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış işçilərə;

• Döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçu olmuş işçilərə;

• Azərbaycan Respublikasının ən yüksək təltifi ilə təltif olunmuş işçilərə.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

***

Əsas və əlavə məzuniyyətlərlə bağlı qanunvericiliyə dəyişiklik ediləcək.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, işçinin eyni vaxtda Əmək Məcəlləsinin əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və əmək stajına görə əlavə məzuniyyətlə bağlı maddələrində nəzərdə tutulmuş iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilir.

Layihəyə əsasən, işçinin eyni vaxtda Əmək Məcəlləsinin əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və əmək stajına görə əlavə məzuniyyətlə bağlı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyət hüququ olduqda hər iki maddənin hər biri üzrə əldə etdiyi əlavə məzuniyyət onun əsas məzuniyyətinə birləşdiriləcək.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

***

Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatlarında dəyişiklik ediləcək.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır.

Layihəyə əsasən, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda sonuncu əmək haqqından az olmamaqla orta əmək haqqı saxlanılacaq.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

***

İşçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərə əlavələr ediləcək.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, işçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər veriləcək:

• əsas iş yerində ezamiyyətə gedən işçiyə – əlavə iş yerində əsas iş yeri üzrə ezamiyyə müddətində;

• əlavə iş yerində ezamiyyətə gedən işçiyə – əsas iş yerində əlavə iş yeri üzrə ezamiyyə müddətində.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

***

6 ay çalışan işçiyə məzuniyyət verilməsi məcburi olacaq.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, işçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər. İşçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyət işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda verilə bilər.

Layihəyə əsasən, işçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda veriləcək. İşçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyət işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda veriləcək.

İşçinin təşəbbüsü ilə əmək məzuniyyətindən geriçağırılma yalnız işəgötürənin mülahizəsi ilə həyata keçiriləcək.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

***

İşəgötürən işçini razılığı olmadan məzuniyyətə göndərə biləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, işəgötürənin yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlığından sonra işçi əmək məzuniyyətinin növbəlilik cədvəlinə və əmək məzuniyyətinin başqa vaxta keçirilməsi şərtləri və qaydasına riayət etməyərək əmək məzuniyyətindən istifadə etmək (tam, yaxud bir hissəsindən) üçün işəgötürənə ərizə ilə müraciət etmədikdə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə müvafiq iş ilinin əmək məzuniyyətinə göndəriləcək.

Yuxarıda müəyyən edilmiş hal istisna olmaqla bütün növ məzuniyyətlərin verilməsi işçinin yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdiriləcək.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Nuranə Daxilqızı