Japarov 3 naziri istefaya göndərdi

japarov-3-naziri-istefaya-gonderdi
Oxunma sayı: 1288

Qırğız Respublikasının Prezidenti Sadır Japarov daha 3 naziri vəzifəsindən azad edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qırğızıstan dövlət başçısının Mətbuat xidməti məlumat yayıb. 

Sadır Japarovun imzaladığı Fərmana əsasən, Meder Maşiyev təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri, Boobek Ajikeyev fövqəladə hallar naziri, Absattar Sırqabayev isə nəqliyyat və rabitə naziri vəzifəsindən azad edilib.

Nazirlərin vəzifələrindən azad edilmə səbəbləri açıqlanmayıb.

“Kabar” dövlət informasiya agentliyinə müsahibəsində S.Japarov ölkədə dövlət çevrilişi üçün zəmin olmadığını bildirib: “Birincisi, qanun bunu nəzərdə tutmur, ikincisi isə bunun üçün heç bir zəmin yoxdur”.

Xatırladaq ki, fevralın 10-u Qırğızıstan lideri yaxın silahdaşı, Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DTMK) sədri Kamçıbek Taşiyevi və onun üç müavinini istefaya göndərib. Fevralın 12-si isə Qırğızıstanın Ali Şurasının sədri Turgunbek Nurlanbek uulu istefa ərizəsini təqdim edib.