Kənd içində şəhər... - Balaxanıdan fotoreportaj

kend-icinde-seher
Oxunma sayı: 17378

Sabunçu rayonu, Balaxanı qəsəbəsində görülən yenidənqurma işləri sosial şəbəkələrdə maraqla qarşılanıb. Odur ki, “Qafqazinfo” olaraq abadlıq işlərini yaxından izləmək üçün Balaxanıya yollandıq.

Balaxanı Bakının ən qədim kəndlərindən sayılır. Abşeronda neft istehsalından əvvəlki dövrdə əhalinin əsas məşğuliyyəti əkinçilik, bağçılıq, bostançılıq olsa da, daha sonra neft qoxulu, zibil poliqonlu bir əraziyə çevrilib.

Uzun illər adı zibilliklə bir çəkilən bu qəsəbə son zamanlar tam fərqli sferalarda medianın diqqətini cəlb edir. İstər iqtisadiyyatımıza töhfə verən sənaye parkı, istərsə də vizual görünüşündə edilmiş dəyişikliklər sözün əsl mənasında göz oxşayır. Belə deyək, qədim Balaxanı ikinci həyat qazanıb.

Kəndin adının mənası “bala” – yuxarı, hündür, “xana” – ev deməkdir. Yerli balaxanılılar isə öz dillərində bu kəndə “Bəəxonə” ​deyir.

Qəsəbənin təmir gedən Səfəvilər, Sabir və Dirçəliş küçələrini dünyanın məşhur turistik şəhərlərinə bənzədirlər.

Tarixi qəsəbəyə rəng qatmaq üçün qapı pəncərələr al-əlvan rənglərə boyanır, dalanlara qəmbər daşlar döşənir, tarixi əsrlik yaşı olan binaların fasadları yenilənir.

Maraqlısı budur ki, küçə uzunu binaların divarlarına fərqli freska və qrafiti nümunələri çəkilib. Xüsusi arxitektur görünüş qazanmış dalanlar rəngarəng dibçək gülləri ilə bəzədilib.

Qəsəbədə yaşıllığa da xüsusi önəm verilib. Belə ki, yeni əkilmiş həmişəyaşıl bitkilər divarlara maraqlı görünüş qatıb.

Düzdür, indiyə kimi bu haqda çox eşitməsək də, qədim şəhərdə həm də müxtəlif tarixi abidələr var. İllərdir, itib batmaq təhlükəsi olan bu abidələrin təmiri üçün də iş başlayıb, artıq restavrasiya işlərinə start verilib. 

Qəsəbəyə səfərimiz zamanı həmin təmir işlərinə başlanılmış məşhur abidələrdən biri olan qədim Qum hamamına da baş çəkdik. Torpağın altında tikilən Balaxanıda nadir hamamlardan sayılan Qum hamamının bir hissəsi artıq dağılıb. Qeyd olundu ki, tikilinin təmirinə başlanılıb və yaxın bir neçə ay ərzində restavrasiya işləri görüləcək.

Hamamın yaxınlığında Şirvanşah əmiri Xaçə Zeynəddinin göstərişi ilə XIV əsrdə tikilmiş məşhur su ovdanı yerləşir. 40 pilləkanlı su ovdanı insanların suya olan tələbatına görə inşa edilib. Bildirildi ki, vaxtilə su quyusunun ortasında olan çarxa sakinlər at bağlayaraq suyu çəkiblər. Həmin su arxlara, eləcə də Qum hamamına da gedərdi. Yeddi metr dərinliyi olan bu ovdan Balaxanı sakinləri üçün təmiz sudan istifadə üçün nəzərdə tutulmuşdu.

Qəsəbə sakinləri də edilmiş bu dəyişikliklərdən xeyli razı görünür. Onların sözlərinə görə, artıq 5 aydır ki, qəsəbəyə yeni ruh gəlib.

Yolların altı kanalizasiya xəttləri, üstü isə maraqlı bəzəklərlə örtülüb. Onlar düşünür ki, bir zamanlar üfunət və zibilliklərə görə Balaxanıdan uzaq gəzənlər indi istirahət və tarixi gözəllikləri görmək üçün buraya üz tutacaq.

Günel Hacı

Nuran Məmmədov