Kənd qızları

kend-qizlari-
Oxunma sayı: 8563


“Cəhalətin bir nömrəli düşməni qadındır. Çünki o oxuyub öyrənərsə, uşağını da öyrədər.”

Keçən il TQDK- belə statistik bir məlumat yaydı. Deməli, əvvəlki illərlə müqayisədə qız abuturiyentlerin, xüsusən də 3-qrupa sənəd verənlərin sayı oğlanlardan artıqdı. Bu göstəricini ancaq alqışlamaq olar Amma.... 

Sözümü (əmmamı) qəribçiliyə salmayın. Necə ki, TQDK-nın işi bu nəticəni xalqa yaymaq, sizin  edəbiləcəyiniz bu müsbət fərqə sevinmək, bizim də işimiz bu məsələnin əmmalamaqdı. Burda “təmz dil” müdafiəçilərinin hücumundan özümü sığortalamaq üçün “əmmalamaq” yerinə söhbəti “əmmamlə(mək)” yazıram. Qərəz, söhbəti uzatmayıb belə də demək olar. -Söhbətin başını bağlayıram.

 Bu yerdəcə əl saxlayıb  kiçik bir haşiyə çıxmaq istəyirəm. Təmiz və zəngin dil qruplarının müdafiəyə və mühafizəyə ehtiyacı olmur.

 Xob, qayıdıb gəlib gedəlim el qızlarının ali təhsilə marağının birdən birə belə müsbətə doğru dəyişmə səbəblərini aramağa. Heç birimizə sirr deyil ki,  taa dövrü-qədimdən Azərbaycan xalqının qız uşaqlarını təhsildən, elmdən, sənətdən bir mərrə uzaq saxlamaq kimi  mərəzi olub. Birdən birə toplumun düşüncəsində belə bir inqilab baş verdi, qızlar kitab-dəftərə qurşandı, desək yalan olar, özü də ağ-appağından. Çünki, hələ də Sabir, Axundov, Mirzə Cəlil qələminin qırmancladığı savadsız, cəhalət içində boğulan,mövhumatçı bədbəxt toplum əyin-başına, üz-gözünə bir balaca əl gəzdirib müasir qılıf-qiyafədə gəlib oturublar çağdaş aydınlarımızın yazılarının manşetində.Yəni dərdimiz həmin dərddi, sadəcə dövr o dövr deyil.

 Bakının mənasız və yorucu səs-küyündə itən başımı  bir təhər tapıb qaçdım kəndə. Lap rəhmətlik Əbülfəz Elçibəyin kəndinə gəldiyi kimi gəldim kəndimə.

 Yazıb sizinlə bölüşmək istədiyim kəndimin çayı, meşəsi, çeşməsi, bulağı kənd insanının zəhmətkeşliyi, saflığı kimi adama hüzur verən mənzərələri deyil. Kəndin kələkötür, toz-torpaqlı yolarında addımbaşı əli kitab-dəftərli məktəbli qızların repetitor yanına gedib-gəlməsidir. Ki, bu mənzərə çiynində səhənglə bulaqdan qayıdan kənd qızı estetikası qədər gözoxşayıcıdı. 

 Təbii ki, buna başqa prizmadan baxıb ürəkağrısı da keçirmək olar. Bəs nə bilmişdiz, elə bilirdiz Azərbaycan təhsil sistemindəki repitetor  bəlası əyalətlərdən yan keçib? Axı kənd müəllimləri də anlayır ki, sinfə girib bilgilərini aldığı 100-uzaqbaşı 200 manatlıq aylıq maaş qarşılığında şagirdə versə adı  kəndin dükan-mağazalarının qara dəftərindən (nisyə dəftəri) əksik olmayacaq. Niyə onlar da Azərbaycan təhsil siteminin müəllimə yaratdığı bu  əlverişli şəraitdən yararlanmasın?! Oz bilgilərini şagirdlərinə daha sərfəli qiymətə, pərakəndə satmasın?! 

Əziz oxucum, mövzunu kontekstden çıxarmaq məcburiyyətində qaldığım  üçün sizdən üzr istəyib qayıdıram kəndimin qızlarına. 

 Bir balaca irəli yeriyib bu qızcığazların  əksəriyyətinin universitet sevdalarının altındakı başqa sevdalara qələm uzatsaq ortaya tam başqa mənzərə çıxar.

Kənddəki qohum-qardaş arasındakı söhbətlərdən belə başa düşdüm ki, kənd arvadları yaşadıqları kənd həyatının əziyyətli və monoton olduğunu düşünüb, qızlarının daha rahat, daha rəngli həyat keçirməsin istəyirlər. Və qızlaını kənddən şəhərə aparabiləcək kəsə  yolun da universitetdən keçdiyinə inanırlar. Və qızlarına yarananan bu şansdan maksimum faydalanmalarını şiddətlə tövsüyə edirlər. Naxçıvan Dövələt Universitetinin istənilən fakultəsinin 4-cü kursunda  ərə getməmiş, nişanlı olmayan bir, uzaqbaşı iki kənd qızı ola-olmaya. O qalan bir- iki qızı da evdə ana, bibi- xalalar, gözümçıxdıya salırlar ki, bəs “ Əlküt maymaq, sənin üstünə filankəsin, beşmənkəsin qızları ər tapdı getdi, sən hələ də oralarda gicəlirsən” 

Naxçıvan şəhərində yaşayanda yanımda kirayədə həmişə tələbə kənd qızları qalıb. Əyani təhsil alanların demək olar ki, hamısı 3-cü kursda nişanlanmışdılar. Aralarında qiyabi təhsil alan biri vardı. 4-cü kursdaydı. Qış sessiyasına gələndə qız panik vəziyyətdəydi. Bir dəfə bu narahatçılığının səbəbini soruşdum, cavabına indi də yazdıqca gülürəm. “Bir ilim qalıb, bu ili də şəhərdən birini tapıb ərə gedə bilməsəm batdım. Gedib kənddə işləyib, Xeybərdən, Vəliquludan   birinin oğluna  ərə gedib ömürlük kənddə qalası olacam.” 

  O qıza izah edib heç cür başa sala bilmədim ki,  bu qafayla sən Avropanın göbəyində belə yaşasan nə sosiallaşan, nə kariyera quran, nə də fərqli bir həyat yaşayan deyilsən onsuzda. Uzaqbaşı gedib bir məktəbdə iki-üç saat dərsini deyib, gəlib uşağını doğub, bozbaşını bişirəcəksən. Bozbaş-bozbaşdı da bacı, istər bina evinin mətbəxindəki qazanda bişir, istər kənd evinin... Yeganə fərq o olar ki, şəhərdə bişirdiyin bozbaşın kartof-soğanını düşüb marketdən alıb gətirərsən, kənddə düşüb həyətindəki kərdi-külədən yığarsan. Belə də baxanda kənd versiyası daha ağlabatandı, nəinki şəhər.

 Bunları deməsinə dedim, ama... (Ama-sız bir günümüz olmasın)

Hər nə niyyətlə olur olsun, qız uşaqlarının oxuyub ali təhsil almasından gözəl nə ola bilər ?! 

Ən azından gələcəkdə bir qadının sosial azadlığından gedir söhbət. Bilirik ki, ən  mühafizəkar Azərbaycan ailəsində belə evə pul gətirən qadının bir kəlmə artıq, bir kəlmə əksik də olsa mütləq söz haqqı yaranır. Heç olmasa uşaqlarını birinci sinfdən repetitor yanına göndərmirlər. Ətrafımzda nə qədər belə tanış qadınlar var ki, düşdüyü ailədə şiddətli keçimsizlik yaşayır. Hər gün döyülüb-söyülüb,təhqir olunaraq da olsa sırf ərindən maddi asılılığı var deyə ayrıla bilmir. Bütün zülmlərə dözməyə məcbur hissedir özünü.

 Mənə görə yuxarıda sadaladıqlarım qız uşağının elm dalınca gedib ali təhsil almasının ən axırıncı səbəbləri ola bilər. Ama bizim cəmiyyətin öz reallıqları var. Yetər ki, qızlarımız təhsilə tərəf köklənsinlər,baxsınlar. Sonra bu dar çərçivədəki baxış bucağını dəyişmək mümkündü.

Lenin babanın  “Oxumaq, oxumaq yenə də oxumaq” şüarını zamanın süzgəcindən keçirib deyək: -  “Hər nə məqsədlə olur olsun,Oxumaq,oxumaq,yenə də oxumaq!!!”