Koçaryanın məhkəmə işinin dayandırılmasına apellyasiya şikayəti verildi

kocaryanin-mehkeme-isinin-dayandirilmasina-apellyasiya-sikayeti-verildi
Oxunma sayı: 1360

Ermənistanın Baş Prokurorluğu ölkənin keçmiş Prezidenti Robert Koçaryan və digərlərinə qarşı cinayət təqibinə xitam verilməsi barədə birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat katibi Arevik Xaçatryan “Sputnik Ermənistan”a açıqlamasında bildirib.

“Baş Prokurorluq 1 mart məhkəmə işində cinayət təqibinə xitam verilməsi və icraatın dayandırılması barədə birinci instansiya məhkəməsinin qərarına etiraz edib”,- deyə Xaçatryan qeyd edib.

6 aprel tarixində İrəvan ümumi yurisdiksiya məhkəməsinin hakimi Anna Danibekyan 1 mart tarixli məhkəmə işinin dayandırılmasına qərar verib. Qərara səbəb Konstitusiya Məhkəməsinin eks-Prezident Robert Koçaryana və bir sıra keçmiş məmurlara qarşı irəli sürülən 300.1-ci saylı ittiham maddəsini konstitusiyaya zidd hesab etməsi olub.

Bununla belə Robert Koçaryan və Armen Gevorkyana qarşı istintaq işi davam edir. Onlar böyük məbləğdə korrupsiya və çirkli pulların yuyulmasında ittiham olunurlar.