“Komanda başsız qala bilməz” – Müsahibə

komanda-bassiz-qala-bilmez-musahibe
Oxunma sayı: 676




“Neftçi” klubunun müdafiəçisi Mahir Şükürovun “Qafqazinfo”ya müsahibəsi:


- “Neftçi” son oyunlarında məğlub olur. Bu məğlubiyyətlərin səbəbi nədir?
- Məğlubiyyətin səbəbi odur ki, bizdə geniş heyət yoxdur. Həm də bizim oyun qrafikimiz gərgindir. “Neftçi” həm Avroliqada, həm də ölkə çempionatında oynayır. Keçən ayın 25-dən noyabrın 3-nə kimi biz 4 oyun keçirmişik. Bunlardan 3-ü çempionat, 1-i sə UEFA-nın oyunudur. 7-8 oyunçumuz var ki, meydanda daima oynayır. Belə oyun qarfiki həqiqətən ağırdır.

- “Rəvan”a məğlubiyyətdən sonra vitse-prezident başda olmaqla məşqçilər heyəti istefa verdi. Bu istefalarla bağlı nə deyə bilərsiniz?
- Mənə elə gəlir ki, istefa etmək çıxış yolu deyil. Sadəcə olaraq “Neftçi” yorğundur. Bizim istirahətə vaxtımız olmur. Əgər biz Avroliqada oynamasaydıq, onda “Neftçi” mütləq çempionatda birinci pillədə olardı. Ancaq yenə də gec deyil. Bizim hələ 3 oyunumuz qabaqdadır. 15 xalımız var və bizi birincilikdən yalnız 5 xal ayırır.

- Sizcə, “Neftçi”nin belə gərgin oyun qrafiki olduğu bir vaxtda, eləcə də Avropada Azərbaycanı təmsil etdiyi bir vaxta klubu məşqçisiz qoyaraq istefa etmək nə dərəcədə düzgündür?
-Mən istefanı düzgün saymıram. Belə bir vaxtda komanda başsız qala bilməz. Həmin rəhbərlik və həmin oyunçularla biz tarix yazmışıq. Axıra kimi davam etmək istəyirik. Buna görə də belə bir vaxtda istefaya vermək düzgün deyil.

- Belə gərgin oyun qrafikində “Rubin”lə keçiriləcək oyuna necə hazırlaşırsınız?
- Qəbələdən qayıtdıqdan sonra dünən bizə istirahət verildi. Artıq bu gün yenidən məşqə başlayırıq. “Rubin” ilə oyun çətin olacaq. Bizim 1 xalımız var. Sizin vasitənizlə bütün “Neftçi” azarkeşlərini də stadiona gələrək bizə dəstək olmağa çağırıram.

- Səfərdə məğlub olduğunuz “Rubin”ə ev oyununda qalib gələ biləcəksiniz?
- “Rubin” asan komanda deyil. İki il Rusiya çempionu olan klubdur. Bu klubun 1 futbolçusunun transfer qiyməti bizim klubunun büdcəsindən çoxdur. Həmçinin “Rubin”in Avropadakı oyunlarda təcrübəsi də çoxdur. Səfərdə bizim oyumuza hava şərariti də əngəl oldu. İnsan harasa gedəndə oranın havasına 3 günə adaptasiya olunur. Biz isə orada 1 gün qaldıqdan sonra oyuna çıxdıq. Ancaq indi evdə oynayacağıq. İnanıram ki, azarkeş dəstəyi altında daha inamlı oyun nümayiş etdirəcəyik.

- Deməli, sizcə futbolda azarkeş amili bu qədər önəmlidir?
- Tək bizim klubda yox, bütün komandalarda belədir. Azarkeş 12-ci futbolçu kimidir. Azarkeş dəstək olanda daha inamlı oynayırsan. Həm də elə oynayırsan ki, onların ümidlərini doğruldasan.

Sevinc Mənsimli