“Koroğludan, Qaçaq Nəbidən, Ramildən qəhrəman olmaz” - Müxalifət

korogludan-qacaq-nebiden-ramilden-qehreman-olmaz-muxalifet-
Oxunma sayı: 817

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun “Qafqazinfo”ya müsahibəsi


- Ramil Səfərov ekstradisiya olunub əfv edildikdən sonra ictimai fikirdə iki münasibət hakim kəsilib. Bir tərəf buna çox sevinir, bayraq qaldırır, digər tərəf, o cümlədən siz məyus olursunuz. İddia edirsiniz ki, bu adamı qəhrəmana çevirmək olmaz. Hətta qatil deməkdən belə çəkinmirsiniz. Siz niyə elə düşünürsünüz ki, Ramil Səfərovu ölkəyə gətirmək, əfv etmək düzgün deyil?
- Əvvəla, mən demirəm ki, onu gətirmək olmaz. Mən, ümumiyyətlə Ramil Səfərovun azadlığa çıxması ilə bağlı heç nə demirəm, onun etdiyi əməllərə önəm də vermirəm. Məni əsas narahat edən məsələ bu hadisədən Azərbaycan hakimiyyətinin və dövlətinin ala biləcəyi real zərərdir. Bilidiyiniz kimi Macarıstan nota verib, Amerika prezidenti narazılığını bildirib, Ermənistan bizdən ATƏT-ə şikayət edib. Ermənistan çox güman ki, NATO çərçivəsində bu məsələni qaldıracaq. Ermənistanda yüz minlərlə insan küçəyə çıxır, ölkə öz tarixində ən böyük hərbi əməliyyatlara başlayıb. Azərbaycanla açıq şəkildə müharibə edəcəyini istisna etməyib. Ermənistan bundan sui-istifadə edib çox ciddi təzyiqlər edəcək. Bu məsələnin birinci tərəfi. İkinci tərəf isə odur ki, R. Səfərovun azadlığa buraxılması Azərbaycana neçəyə başa gəlib? Bu Macarıstan iqtisadiyyatının dirçəlməsinə kömək edən 3 milyardın hesabına başa gəlib.

- Axı bu 3 milyard məsələsi ancaq mətbuatın iddiasıdır. Bir də ki, investisiyadan, yatırımdan söhbət gedir.
- Bu dəqiq informasiyadır, bunu “Yeni Müsavat” qəzeti neçə vaxtdır yazır və Azərbaycan hökuməti bunu təkzib etməyib. Üçüncüsü hüquqi tərəfdir. Qanuna görə ekstradisiya olunan şəxsin cəzası 30 ildən tez yüngülləşdirilə bilməz. Səfərova maaş verirlər. Hansı həbs olunan adamın maaşını hökümət bu günə qədər verib? Bizim qanunlara görə o halda həmin şəxsin maaşı verilə bilər ki, məhkəmə ona bəraət versin, qeyri-qanunu həbs olunması ilə bağlı qərar olsun və bundan sonra ona dəyən maddi ziyan ödənilsin. Azərbaycan hakimiyyəti bu addımı hansı Azərbaycan qanununa uyğun olaraq atıb? Gəlin Səfərovun azad olunması məsələsini tərəzinin bir gözünə, digər gözünə isə bu məsələdən Azərbaycan xalqının və dövlətinin nə qədər itirməsini qoyaq. Biz baxırıq ki, itkimiz qazancımızdan min dəfə çoxdur.

- Yaxşı bəs qazanan kim olub?
- Burda sadəcə hakimiyyət qazanıb, bu məsələdən iqtidar seçkidə piar kimi istifadə edəcək. Ramil Səfərovun bu hərəkəti ilk deyil ki... Bundan əvvəl də yüzlərlə azərbaycanlı olub ki, ermənilərin Azərbaycan türklərini təhqir etməsinə, ləyaqətini alçaltmasın görə bu cürə cinayət əməllərinə əl atıblar. Biri bizim partiyada sədr müavini Taliyat Əliyev. Adam 25 il bundan əvvəl bir ermənini türkləri söydüyünə görə gündüz vaxtı döyərək öldürüb. Sonra onu cərimə batalionuna göndəriblər və əsgəri xidmətini orda davam etdirib. Taliyət Əliyev ermənini Ramil Səfərov kimi gecə yatdığı yerdə öldürməyib. Əgər Ramil Səfərov qəhrəmandırsa onda Taliyət Əliyev kimdir? İndi siz hökumətin münasibətinə baxın, Ramil Səfərovu Milli Qəhrəman elan edir, amma Taliyət Əliyevi isə altı dəfə həbsə edib. Həbsə səbəb də bu adamın xalqımızın hüquqlarını müdafiə etməsi olub. Bəs Taliyət Əliyevə niyə belə qayğı göstərmir bu hökumət? Azərbaycan qadınlarını Həcər qeyrətli xanım elan edirlər, amma indi dubayda 6000-nə yaxın azərbaycanlı fahişə var. Bu millətin qəhrəmana ehtiyacı yoxdur, Qaçaq Nəbi, Koroğlu kimi qəhrəmanlar bizi rəzil günə salıb. Bir adamı gecə gedib yuxuda öldürmək qəhrəmanlıqdır məgər? Siz belə bir qəhrəmanlığı yox, Mübariz İbrahimov kimi qəhrəmanlığı təbliğ etməlisiniz. Mübariz öldüyü üçün heç belə bir ajiotaj yaratmadı bu hakimiyyət. Çünki ölünün iqtidara xidmət etmək imkani yoxdur, amma Ramil Səfərov edə bilər.

- Axı Ramili qəhrəmana bu iqtidar çevirməyib. Xalqın özü bu adamı illərdir sevir və bu gün də ona görə sevinir ki, qəhrəman hesab elədiyi şəxsi Azərbaycan dövləti vətənə qaytarıb.
- Xeyr, bunun hamısını iqtidar edir. Ramilin atası deyir ki, mənim həyat yoldaşım rəhmətə getdi, bir nəfər də gəlmədi. Ramil bizimlə öz cibindən pul verib telefon əlaqəsi saxlayırdı. Bəs indi nə oldu, bu iqtidar birdən-birə bunu azad etdi?
Artıq bizim sərhədimizdə rus qoşunları da toplaşıb, erməni də. Bu gün Ramil Səfərovun evinə gedən gənclərin heç biri əlinə silah alıb Qarabağ uğrunda vuruşmayacaq. Ramil Səfərov qalıb bir kənarda mətbuat İlham Əliyevi təbliğ edir. Bu gün yüzlərcə Azərbaycan vətəndaşı Azərbaycan üçün qurban getməyə hazırdır, amma biz isə deyirik ki, gəlin Azərbaycanı bir nəfərə qurban verək. Bu məntiqlə Azərbaycan xalqı heç vaxt xalq, dövlət ola bilməz. Ramil Səfərov gələrdi ya burda həbsxanada cəzasını çəkərdi, ya da hakimiyyət onu gizlincə buraxardı...

- Tutaq ki, bu hadisəni iqtidar özünü təbliğ etmək üçün eləyib. Bəs iqtidar neyləməlidir, sizcə, öz əleyhinə işləməlidir?
- Azərbaycan xalqı dilənçi vəziyyətindədir, hamı işsizdir, Azərbaycanda milyonlarla problemlər var. Azərbaycanın ziyanına olan hadisəyə mən dəstək verə bilmərəm. Biz bilirik ki, dünya bizi sevmir, özümüz də belə səhv addımlar atırıq və bu da bizim ziyanımıza cərəyan edir. Niyə həbsxanada olan siyasi məhbuslar, hərbiçilər, generallar, başqa bu səpkili problemlərə görə xaricdə həbsxanada olan məhbuslar var, onlar azadlığa buraxılmır? Bu ayrı-seçkiliyin səbəbi nədir?

- Bu gün Azərbaycan xalqının qəhrəmana ehtiyacı var. Və bu gün xalqın qəhrəmanı sizin dediyiniz adamlar deyil, Ramil Səfərovdur. Bu artıq xalqın seçimidir.
- Bu xalqın bu gün alçaq, rəzil, qorxaq olmasının, torpaqlarını qoruya bilməməsinin səbəbi hamısı yalançı qəhrəman ideallardır. Qəhrəmanı düz seçmək lazımdır. Əgər sən düşünürsən ki, qəhrəmanlıq gecə gedib adam öldürməkdisə, onda müharibə olsa bir Azərbaycan oğlu əlinə silah alıb müharibəyə getməyəcək, elə biləcək ki qəhrəmanlıq kimisə gecə öldürməkdir.

- Bəs qəhrəmanlıq necə olmalıdır? 8 ildir Azərbaycan xalqı Ramili unutmur, öz maşınına onun şəklini vurub gəzdirir. Bəyəm bu 8 ildə onun şəklini camaatın maşınına da bu hökumət vurmuşdu?
- Bu qəhrəman deyil axı.

- Gəlin səmimi olaraq bir şeyi deyək. Bu iqtidarın haqqında öz müxalif mövqeyinizdən istifadə edərək nə istəsəniz deyə bilərsiniz. Amma Ramil Səfərov məsələsində iqtidarı söymək olmaz. Digər tərəfdən də, axı bu hadisə Azərbaycan cəmiyyətini yerindən oynadıb, hamını ayağa qaldırıb. Bəyəm bu pis faktdır ki?
- Bəli iqtidar nə çalırsa, camaat da onu oynayır. Ramil Səfərovun gəldiyi gün qəza olub. Amma nə matəm elan olundu, nə də bir şey. Sizcə, o ölənlərin gözardı edilməsi iqtidarın xalqa, millətə, dövlətə münasibətini şərh etmir?

- Son olaraq, mən sadəcə onu demək istəyirəm ki, prosesdən iqtidar da, cəmiyyət də, ordumuz da qazandı. Yəni qalib öz içimizdədir və buna görə narahat olmağa dəyməz...
- Azərbaycan xalqı özünün klassik düşüncə tərzinə uyğun biyabırçı vəziyyətə düşdü. Dünyada Azərbaycana qarşı çox ciddi mənfi rəy formalaşacaq. Azərbaycana çox ciddi təzyiqlər olacaq. Ramil Səfərovun azad olmasından nə Ramil Səfərov qazanacaq, nə də Azərbaycan xalqı, dövləti. Bu yanlış bir siyasət, yalnış bir addım idi.


Elbrus Ərud