Koronaviorusu bu analizlə tapmaq olur...

koronaviorusu-bu-analizle-tapmaq-olur
Oxunma sayı: 9257

Koronavirus (COVİD-19)  infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. “Qafqazinfo” xəbər verir ki, ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar müvafiq xəstəxanalar ayrılıb və karantin zonaları yaradılıb. Koronavirusun aşkar olunduğu ölkələrdən gələn şəxslərin müayinəsi ilə bağlı zəruri tədbirlər həyata keçirilir. İxtisaslaşmış xəstəxanalar və laboratoriyalar xəstəliyin müayinəsi və müalicəsi üçün müvafiq avadanlıqlarla və dərman preparatları ilə təmin edilir. Peşəkar həkimlər bölgələrdə bu məqsədlə ayrılmış xəstəxanalara ezam olunublar.

“Qafqazinfo” bu məqamda özündə virusun əlamətlərini hiss edən şəxslərin hara müraciət etməli olduqlarını araşdırıb.

Aydındır ki, bu xəstəliyin ilkin simptomları qrip virusuna oxşayır.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, kimsə özünü narahat hiss edirsə, ilk olaraq Təcili Tibbi Yardıma müraciət etməlidir: “Bundan əlavə, TƏBİB-ə, İcbari Tibbi Sığorta Agentliyinə, o cümlədən, Nazirlər Kabineti yanında yaradılmış Qərargahın “qaynar xətt”lərinə də müraciət etmək olar".

Qeyd edək ki, son vaxtlar vətəndaşlarımızda koronavirus infeksiyalarının laborator diaqnostikasına dair bəzi suallar yaranıb. Nazirlər Kabineti yanında operativ qərargah bildirir ki, koronavirus infeksiyalarının vaxtında aşkar olunması üçün hazırda xəstəliyin geniş yayıldığı bölgədən gələn, yaxud həmin bölgədən gələnlə, eləcə də xəstəliyi təsdiq olunmuş şəxslə təmasda olan şəxslərdən analiz nümunələrinin götürülməsi vacibdir. Hazırda xüsusi ayrılmış dövlət tibb müəssisələrindəki laboratoriyalarda ÜST-ün protokoluna əsasən sözügedən şəxslərin tibbi müayinələri dövlət büdcəsi hesabına həyata keçirilir.

Xatırladaq ki, koronavirusun yayılmasının qarşısının alınması və müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə intensiv iş aparılır, verilən bütün tövsiyələrin yerinə yetirilməsi üçün ciddi səylər göstərilir.

Bundan başqa, Çin, Almaniya və digər ölkələrlə aparılan danışıqlar nəticəsində lazımi avadanlıqların, preparatlarının, mütəxəssislərin Azərbaycana gətirilməsi üçün müvafiq razılaşma əldə olunub.
Koronavirusun Azərbaycanda yayılmaması üçün bütün lazımi tədbirlər həyata keçirilir, sanitar-epodemoloji vəziyyət ciddi nəzarət altında saxlanılır. 

Günel Türksoy