“Poçta girirəm çıxanda 30 qəpik, marketə girirəm o da 30 qəpik, iş çıxışı bulvara çay içməyə gedirəm, qayıdanda 40 qəpik. Gecə vaxtı hələ 1 manatdan dəm vuranlar da olur. Aylıq əmək haqqımı böləndə günə 17 manat düşür. Bu pulun 1 manatını hər gün dayanacaqlara verirəm”, - deyir 30 yaşlı Bəxdiyar Qasımov.
Dayanacaqlarda xidmət və keyfiyyət...
O, verdiyi pulun müqabilində göstərilən xidmətdən razı deyil: “Yay təzə girmişdi. Maşını saxladım, tapşırdım gözətçiyə. Qayıdanda yox idi. Evakuator aparmışdı. Qalan maşınlar isə yerində idi. Baxırsan hamı saxlayır, yanında da gözətçi var. Düşünürsən ki, pulludursa, deməli, burda saxlamaq olar. Arxayın edirlər ki, problem yoxdur. Sonra da belə... Keçən dəfə isə qəribə bir şey oldu. Yaxınlaşanda 5-6 nəfərin maşınımın üstündə oturduğunu gördüm. Gözətçi də onlara qoşulub deyib, gülürdü. Oturan adamın arxa cibindəki düymə maşının üstünü cızıq-cızıq eləmişdi. Ağ maşın, üstəgəl göy rəngdə şıramlar. Sübut edə bilmədim. Dedilər “biz eləməmişik, söykənməklə nə olacaq ki?” Özüm düzəltdirməli oldum. Qısası, verdiyimiz pul maşını başına gələcəklərdən siğortalamır. Lap pis cızacaqlarından ehtiyat edib, pul verməkdən imtina etmək də olmur. Küçənin ortasında göz görə-görə insanları soyanlardan hər şey gözləmək olar”.
“Səkilər İcra Hakimiyyətinə, dayanacaqlar Nəqliyyat Nazirliyinə baxır”
Bakı Dövlət Universitetinin qarşısında dayanan taksi sürücüləri də maşınlarını rahat saxlaya bilmədikləri üçün gözətçilərdən şikayətçidir: “Biz onlara pul verməkdən imtina edən yeganə adamlarıq. Bütün günü burdayıq. Ona pul çatdırmaq olar? Pul vermirik, dayandığımız yerə də başqasını salıb, pul qazana bilmirlər. Bu isə onları narazı salır. Qanunla qorxuduruq. “Əslində camaata qəbz verməlisiniz niyə vermirsiniz?” deyirik. Mən biləni səkilər Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH), dayanacaqlar Nəqliyyat Nazirliyinə baxır. Burada işləyənlərin isə hamısının arxasında adamı var. Sahə müvəkkilinə hörmət edib küçəni yiyələniblər. Ancaq bizə bata bilmirlər”, - deyir 51 yaşlı taksi sürücüsü Füzuli Babayev.
Dayanacaq işlədənlər...
“Elmlər Akademiyası” metrosu çıxışındakı dayanacaq sahiblərindən münasibət öyrənmək mümkün olmadı: “Beş qəpik çörək pulu qazanırıq, ona da imkan vermirsiniz. Hələ buranı almaq üçün verdiyim pulu çıxara bilməmişəm. Şəhərdə o qədər dayanacaq işlədən var ki... Gözünüz məni görür?”
“Sahil” metrosu yaxınlığında işləyən, 32 yaşlı Bəhlul Dəmirov həm burdakı mağazalara qarovul çəkir, həm də gündüzləri avtomobillərə gözətçilik edir: “Gördüyünüz bu obyektlərin qarovulçusuyam. Gecələr burda qalıram. Gündüzlər isə maşınlara gözətçilik edirəm. Əvvəl yerim böyük idi. Sonra yarısını xaloğluna verdim. Səhər saat 8-dən, gecə 1-2-yə qədər maşın olur. Nəqliyyat Departamentinə tabeyik. Yeri ordan bölüb veriblər. Əvvəl daha böyük yerə baxırdım. Günə 15-20 manat plan verirdim. İndi özləri görür ki, ərazim balacadır. Günə 10 manatdan çox vermirəm. Sıra ilə düzsən 12 maşınlıq ərazidir. Sırf dayanacaq işlətmək fikirim olsa, rahat yerə keçib günə ən azı 60 manat qazanc əldə edərəm. Bu işdən qəşəng pul çıxır. Özü də bulvar ərazisidir. İstirahətə gələnlər çox olur”.
Nəqliyyat Nazirliyinin işçilərinin sosial təminatı varmı?
Bəhlul gördüyü işin asan olmadığını deyil: “Yol qırağıdır. Keçən maşınların asan hərəkət edə bilməsi üçün, park edənləri kürsünün dibinə qədər dirətmək lazım gəlir. Nəticədə, iki ay əvvəl “Prado” markalı cip ayağımın üstünə çıxdı. Dörd barmağım birdən qırıldı. İki həftə işə çıxa bilmədim. Di gəl, hər axşam bir dəqiqə belə gecikmədən plan almağa gələn adam heç maraqlanmadı da. Onların yeganə istəyi kim işləyir işləsin, axşam plan əksiksiz əllərində olsun. Daha kim öldü, kim qaldı, nələrinə lazımdır? Baxanda işçi sayılırıq. Özbaşımıza gəlib burda dura bilərik? Ancaq başına iş gəlsə, qanunsuz dayanacaq işlədən biri hesab olunursan”.
Qanunla...
“Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə, bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş yerli özünü idarəetmə qurumuna ödənilməlidir.
“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanunun 7-ci maddəsində isə göstərilir ki, kurort rüsumu, mehmanxana rüsumu, avtomobillərin dayanacaqları üçün rüsum və qanunla müəyyən edilən digər yerli vergi və ödənişlər bələdiyyə gəlirləri hesab olunur.
Bəs əslində necədir?
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin 2010-cu ildə hazırladığı “Avtomobil dayanacaqları ilə bağlı ümumi vəziyyətin təhlili və problemin həlli yolları” adlı rəydə də göstərilir ki, “Yerli vergilər və ödənişlər haqqında” (2001) (maddə 9.1.5.) qanuna əsasən, bu istiqamətdən daxil olan ödəniş yerli orqanlara aiddir: “Adıçəkilən qanunlardan irəli gələrək həmin dövrdə paytaxtın keçmiş icra başçısı (1993-2000-ci illərdə BŞİH-in başçısı olmuş mərhum R.Allahverdiyev nəzərdə tutulur) şəhərdə olan dayanacaqların bələdiyyələrə verilməsi barədə sərəncam imzalayaraq (01.09.2000-ci il tarixli № 849 saylı), dayanacaqları müvəqqəti olaraq bələdiyyələrin istifadəsinə vermiş və bu addımını “icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrin maliyyə problemlərinin həll olunmasına kömək məqsədi ilə” həyata keçirildiyini bildirmişdi. Bir il sonra paytaxtın yeni icra hakimiyyətinin başçısının sərəncamı ilə (“Bakı şəhərinin ərazisində yerləşən gündüz avtomobil dayanacaqlarının bələdiyyələrə verilməsi barədə BŞİH başçısının 01.09.2000-ci il tarixli № 849 saylı sərəncamının ləğv edilməsi və Bakı şəhərində minik avtomobilləri dayanacaqlarının işinin təşkilinin tənzimlənməsi haqqında” № 655 saylı 15.10.2001) bələdiyyələr həmin maliyyə mənbəyindən məhrum olundu”.
Əsas kimi də göstərildi ki, bələdiyyələr Bakı şəhərinin ərazisində minik avtomobilləri dayanacağı işinin təşkilinin lazımi səviyyədə qurmayıb, bu da dayanacaqlarda əhalinin və nəqliyyat vasitələrinin hərəkətinə maneçilik törətməklə yol hərəkəti qaydalarının pozulmasına gətirib çıxarıb.
“Dayanacaqların illik gəliri 10 milyon manatdır”
Bələdiyyələr üzrə ekspert Vüqar Tofiqlinin sözlərinə görə, avtomobil dayanacaqları, bu istiqamətdə daxil olan ödənişlərin yığılması yerli özünüidarətmə orqanlarının səlahiyyətinə daxildir: “Bu “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunda da göstərilib. Təəssüf ki, sonradan yerli icra hakimiyyəti orqanları, o cümlədən Nəqliyyat Nazirliyinin rəsmiləri qəbul etdikləri qərarda müəyyən dəyişiklik etdi. Bir müddət əvvələ qədər həmin vəsaiti BŞİH öz sərəncamı ilə toplayırdısa, indi həmin proses rəsmi şəkildə Nəqliyyat Nazirliyinə verilib. Ancaq bir məsələ var. Nə bələdiyyənin, nə BŞİH-in, nə də Nəqliyyət Nazirliyinin dövründə bu sahədə heç nə dəyişməyib. Avtomobil dayanacaqlarının pərakəndəliyi, yaratdığı xaos Bakıda nəqliyyatın hərəkətinə mane olur. Bundan başqa, çox bahadır. Məsələn, Nəsimi heykəlinin yanındakı dayanacağın saatı bir manatdır. Araşdırmalar göstərir ki, il ərzində paytaxt dayanacaqlarında olan uzunmüddətli, mövsümi, gündəlik və gecə avtomobil dayanacaqlarından gələn gəlirin ümumi həcmi 10 milyon manatdan artıqdır. Bu məbləği də heç bir dövlət və ya icra strukturu bələdiyyəyə vermək istəmir”.
Avtomobil dayanacaqlarının BŞİH-ə aidiyyatı yoxdur?
Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin (BŞTXD) mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyir ki, paytaxt ərazisində olan avtomobil dayanacaqları onların balansında deyil: “Dayanacaqların 2002-ci ildə bir hissəsi, 2005-ci ildə isə tamamı bizim səlahiyyətimizdən çıxdı. Artıq bu məsələnin BŞİH-ə aidiyyatı yoxdur. Dayanacaqlar bizim səlahiyyətimizdə, bizim balansımızda deyil, Nəqliyyat Nazirliyinə tabedir”.
“İcra Hakimiyyəti ilə müqaviləmiz var”
Nizami Bələdiyyəsinin Vergi şöbəsinin rəisi Abbas Rəhimovsa deyir ki, Nizami rayon bələdiyyəsinin ərazisində qanuni 80 dayanacaq var. Ancaq onlardan yalnız gecə dayanacaqları bələdiyyə səlahiyyətindədir: “İcra Hakimiyyəti ilə müqaviləmiz var. Ərazidə olan yalnız gecə dayanacaqları bizim səlahiyyətimizdədir. Gündüz dayanacaqları Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərir. Özbaşına dayanacaq işlədənlər də var. Belə sahibkarlarla daim mübarizə aparırıq”.
Badamdar Bələdiyyəsinin Vergi şöbəsinin rəisi Mahir Məmmədov isə deyir ki, avtomobil dayanacaqları ümumiyyətlə heç vaxt Badamdar Bələdiyyəsinin səlahiyyətində olmayıb: “Başqa bələdiyyələr ola bilər ki, hardasa vergisini yığır. Ancaq bizdə belə hal olmayıb. Badamdardakı avtomobil dayanacaqlarının hamısı Nəqliyyat Nazirliyinin nəzdindədir. Pullar nazirliyin tabeçiliyində olan işçilər tərəfindən toplanır. Qanuna qalanda bələdiyyə səlahiyyətində çox şey var, reallıqda isə belə deyil”.
Nəqliyyat Nazirliyi açıqlama verməkdən yayınır
Araşdırmalar bütün ip uclarını Nəqliyyat Nazirliyinə yönəldir. Lakin 3 gün ərzində nə qədər çalışsaq da, Nəqliyyat Nazirliyindən məsələyə münasibət öyrənə bilmədik. Konkret cavab verməkdən boyun qaçırmasalar da, nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun köməkçisi, onun gah yuxarıda, gah iclasda, gah bir saat sonra gələcəyini, gah da ki, bu gün olmayacağını dedi.
Məlumunuz olsun ki, hazırda avtomobil dayanacaqlarından daxil olan ödənişləri Nəqliyyat Nazirliyi yığırmış. Bir neçə il öncə Nazirlik bu vəsaitləri öz nəzarətinə götürüb və müvafiq strukturu dayanacaqlardan daxil olan ödənişləri toplayır. Bu istiqamətdə dövlət siyasətini bu qurum həyata keçirdiyi üçün Bakı Şəhər İcra Hakimiyyəti də prosesə nəzarətdən imtina edib.
Lakin bu mövzuda ötəndəfəki yazımızda N. Həsənovdan açıqlama ala bilmişdik. Həmin açıqlamasında N. Həsənov demişdi ki, əvvəllər dayanacaqların məsələsində qarışıqlıq var idi: “Mövcud dayanacaqların bir hissəsinə Bakı Şəhər İcra Hakimiyyəti, digər hissəsinə Nəqliyyat Nazirliyi nəzarət edirdi. Amma indi bu məsələ həll olunub. Paytaxtdakı bütün dayanacaqlar “Bakısərnişinnəqliyyat” MMC-nin nəzarətinə verilib. Bu dayanacaqlar da MMC ilə müqavilə əsasında fəaliyyət göstərir. Bu məsələ qanuni əsaslarladır. Belə ki, həmin dayanacaqlarda sürücülərdən alınan rüsumun əvəzində çek verilməlidir. Yığılan vəsait də büdcəyə gedir”.
Yol kənarındakı dayanacaqların fəaliyyətinə DYP nəzarət etmir
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin növbətçisi yol kənarında olan dayanacaqlara nəzarət mexanizmlərinin olmadığını dedi: “Bu dayanacaqlar ciddi təhlükələr yaradır. Əsasən də hərəkət istiqamətində olanlar. DYP bununla bağlı qanuni tədbir görür. Protokol tərtib edir, evakuator həmin avtomobilləri cərimə meydançasına aparır, dövlət nömrə nişanları çıxarılır və s. Ancaq bütün bu tədbirlərə baxmayaraq, dayanacaqlar fəaliyyətini davam etdirir. İndi şəhərdə yeni dayanacaqlar açılır, ümid edirik ki, istifadəyə veriləndən sonra bu halların qarşısı qismən də olsa alınacaq”.
Gülər Mehdizadə