Dekabrın 25-də Heydər Əliyev Mərkəzinin parkında “KÜKNAR” Beynəlxalq İncəsənət Sərgisinin rəsmi açılış mərasimi keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub.
Heydər Əliyev Mərkəzindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Leyla Əliyevaya sərgidə nümayiş olunan əsərlər haqqında məlumat verilib.
Sərgidə Yeni ilin rəmzi olan küknar ağacları və oyuncaqları fərqli tərtibatda - müasir incəsənət üslubunda təqdim olunur. Parkda ümumilikdə 30 küknar nümayiş etdirilir. Onlardan 12-si bu sərgi üçün hazırlanmış yeni əsərlərdir. Müəlliflərdən 9-u yerli, 3-ü isə digər ölkələrin - Yaponiya, Sloveniya və Özbəkistan təmsilçiləridir. Sərgidə tanınmış rəssam, heykəltəraş və illüstratorlarla yanaşı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri də iştirak edirlər. Əsərlərdən biri isə IDEA İctimai Birliyinə aiddir.
Qeyd edək ki, Mərkəzin ötən il ilk dəfə reallaşdırdığı bu layihə çərçivəsində sərgi ilə yanaşı müsabiqə də keçirilib və tədbir iştirakçılarının səsverməsi nəticəsində üç küknarın müəllifi mükafatlandırılıb.
Leyla Əliyeva, həmçinin Heydər Əliyev Mərkəzinin parkında istifadəyə verilmiş yeni kafe ilə də tanış olub.
Son xəbərlər
Son Xəbərlər