Maduro işinə sədrlik edən hakimin 92 yaşı var - Məhkəmədə yatırmış

maduro-isine-sedrlik-eden-hakimin-92-yasi-var
Oxunma sayı: 2244

ABŞ‑nin Nyu-York Cənub Dairəsi Federal Məhkəməsində Venesuela Prezidenti Nikolas Maduronun məhkəməsinə baxan 92 yaşlı hakim Alvin K.Hellerşteyn haqqında müzakirələr güclənir.

“Qafqazinfo” xəbər verir ki, bir sıra hüquq ekspertləri və şərhçilər onun yaşının bu qədər mürəkkəb və uzun sürəcəyi proqnozlaşdırılan işə davam etməsinə mane ola biləcəyi barədə narahatlıqlarını bildirirlər.

Hakim bu işi idarə edən ən yaşlı federal hakimlərdən biridir. O, 1998‑ci ildə ABŞ‑nin ovaxtkı Prezidenti Bill Klinton tərəfindən təyin edilib və uzun illər yüksək profilli işlərə baxıb.

Məhkəmənin bu mərhələsində Maduro və həyat yoldaşı Siliya Flores narkotik qaçaqmalçılığı və digər ağır ittihamları rədd edərək, günahsız olduqlarını bildiriblər.

İşin xüsusiyyəti ondadır ki, bu, ABŞ tarixində bir xarici dövlət rəhbərinin federal məhkəmədə cinayətlə mühakimə olunması baxımından nümunəsiz hal sayılır və ciddi hüquqi, diplomatik və siyasi nəticələr doğura bilər.

Hakimin yaşının işin davam etməsinə təsiri barədə narahatlıqlar da var: məhkəmə prosesinin 2027‑ci ildən əvvəl başlamayacağı proqnozlaşdırılır ki, bu zaman Hellerşteyn artıq 93 yaşında olacaq və uzunmüddətli proses boyunca vacib qərarlar verməli olacaq.

ABŞ hüquq sistemində hakimlərin yaş və sağlamlıq səbəblərinə görə vəzifədən ayrılması üçün konkret mexanizm olmasa da, bəzi hüquq dairələri baş hakim Laura Teylor Sveynin Hellerşteynə işdən çəkilməsi üçün çağırışlar etməli olduğunu bildirirlər. Əks halda, gələcəkdə yaşana biləcək sağlamlıq problemləri məhkəmə prosesində gecikmələrə səbəb ola bilər.

Qeyd edək ki, o, 11 Sentyabr hücumlarından sonra açılan mühüm işlərə də baxmış, təqaüdə çıxmaq hüququ olmasına baxmayaraq, vəzifəsində qalmış bir hakimdir. Lakin son illərdə onun məhkəmə fəaliyyətinə dair şübhə və suallar artıb.

Keçən il “JPMorgan Chase” şirkətinə qarşı 175 milyon dollar dələduzluqdaittiham edilən və altı həftə davam edən Çarli Cavis işi zamanı bəzi KİV‑lər hakimin dinləmələr zamanı zaman‑zamən yuxuya getdiyini yazmışdı.

Müdafiə tərəfi bu halı yenidən iş açılması tələbi üçün əsas kimi göstərib. Lakin prokurorlar və vəkillər hakimi incitməmək üçün rəsmi addım atmaqdan çəkiniblər.

Tənqidçilər hesab edirlər ki, Maduro işi kimi kritik və beynəlxalq əhəmiyyətə malik bir məhkəmə prosesində belə vəziyyətin təkrarlanması ABŞ məhkəmə sisteminin nüfuzuna ciddi zərbə vura bilər.