Marketlərdə çörək tapmayanların nəzərinə...

Marketlərdə çörək tapmayanların nəzərinə...
Oxunma sayı: 11594

“Çörək bol olarsa, basılmaz vətən” deyən Səməd Vurğunun vəfatından 36 il sonra vətən, 64 il sonra isə marketlər basıldı. 

Və beləcə şairi “neprav” çıxarmağı bacardıq. Əslində, Səməd Vurğunu da qınamıram. Şair idi də, münəccim deyildi ki, 92-93-cü illərdə çörək satılan vitrinə vətənin də çıxarılacağını proqnozlaşdırsın.

O vaxt hakimiyyətdə olanların hamısı çörəyə and içirdi ki, “çörək haqqı, mənim günahım yoxdur”. Yaxşı ki, bu çörək var e... Var deyəndə ki, indi artıq o da yoxdur. İki günlük küçəyə çıxma qadağasına görə marketdə çörək tapana “sən çörək tapacaqsan” deyirlər...

Müharibə illərindən sonrakı mənzərə ilə bugünkü mənzərə tamamilə eynidir. Fərq ondadır ki, o vaxt başqalarının, indi isə özümüzün səhvi ucbatından çörək davasına çıxmışıq. Çörəyə and içib inandığımız qədər koronavirusa inanmadıq. COVİD-19-u oyun sandıq, oyuncağa çevirdik. 

Və nəticədə həftəsonu qadağası qaçılmaz oldu. Hər gün ölkədə koronavirusa yoluxanların sayının 300-ü keçdiyini, ölüm sayının da artığını nəzərə alsaq, qərar başadüşüləndir. Amma qərarı həftəsonu kimi yox, dünyanın sonu kimi başa düşənlər var. Bu şəxslər də marketlərə hücum çəkib az qala bir aylıq tədarük görən, 5-6 banka turşu alan, 6-7 qab düyü, 10-15 çörək götürənlərdir ki, onlardan heç Allah da baş açmır. 

Sanki qadağanın başladığı dəqiqədən etibarən 8 iyun saat 06:00-dək dayanmadan yeyəcək. Ramazandan yeni çıxmışıq da, nə olub? Bəs oruc tutmağın məqsədi acların halını başa düşmək idi? Yoxsa, aclıq güc gələndə, sən o sən deyilsən?

Biz axı niyə beləyik? Niyə hər şeyi dünyanın sonuymuş kimi başa düşürük? Onsuz da bir neçə il əvvəl də “Dünyanın sonudur” şayiəsini də belə başa düşdük də, marketlərdə şam qalmamışdı. Sanki hamı öləcək, biz şam işığında oturub ikinci bir dünyanın yaranışını gözləyəcəkdik.

Və belə mənzərədən sonra başa düşürsən ki, bizə həqiqətən də müharibə lazım deyil. Bunu müharibə uşağı kimi əminliklə deyirəm. O vaxt bizim sabaha ümidimiz yox idi. Heç bilmirdik sabah necə olacaq, nə yeyəcəyik, necə həyatda qalacağıq. Amma indi ümid yox, inam var ki, bazar ertəsi saat 06:00-dan qadağa götürüləcək, həyat öz axarı ilə davam edəcək.

48 saatın təxminən 16-sını yuxuda keçirəcəyik. Yerdə qalan saat isə düşünmək üçün yaxşı vaxtdır. Bir şeyi dəqiq başa düşməliyik ki, koronavirus da təkcə bizə yox, dünyaya qarşı müharibədir. Bu savaşda bütün dövlətlərin mübarizəsi eynidir. Hamı öz sağlamlığını düşünməlidir. Daha koronavirusa yoluxmuş tanış axtarmaq sevdasına düşməməliyik. Sanki bəziləri ateisdir, koronavirus da Allah, görməsə inanmayacaq... Sizi and verirəm, marketdə tapa bilmədiyiniz çörəyə, bu COVİD-19-a inanın. Bəlkə onda çörək tapdız...

P.S. İnsan orqanizmi nəinki həftəsonu qadağasının qüvvədə olduğu 48 saatda, hətta həftələrlə ac qalma potensialına sahibdir.

Emin Səfərov



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi