Maska taxmayanların cərimələnməsinə başlanıldı - Fotolar

maska-taxmayanlarin-cerimelenmesine-baslanildi
Oxunma sayı: 7450

Azərbaycanda müəyyən olunmuş yerlərdə maska taxmayan şəxslərin cərimə olunmasına başlanılıb. Bu gün Bakı Nəqliyyat Agentliyi və Nizami RPİ birgə reyd keçirib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Koroğlu” Mübadilə Mərkəzində sərnişinlərin dayanacaqlarda, kassa aparatları önündə, avtobuslarda maska taxması yoxlanılıb.

Nizami RPİ rəis müavini, polis polkovniki Müşfiq Aslanov bildirib ki, reyd zamanı xeyli vətəndaşa xəbərdarlıq edilib: “Cərimə isə xəbərdarlıqdan sonra da maska taxmayan şəxslərə tətbiq edilir”.

Bakı Nəqliyyat Agentliyinin sözcüsü Mais Ağayev əlavə edib ki, sərnişinlərin maskadan istifadə etməməsi ictimai nəqliyyatın fəaliyyətini çox ciddi təhlükə altına qoyur: “Vəziyyət belə davam edərsə, ictimai nəqliyyatda çalışan əməkdaşlar arasında virusa yoluxma riski artmış olur. Sürücülər, dispetçerlər arasında koronavirus aşkarlanarsa, ictimai nəqliyyatın fəaliyyətində çox ciddi problemlər yaranacaq. Bu halda, bir və ya bir neçə marşrut xətti üzrə ictimai nəqliyyatın fəaliyyətini dayandırmağa məcbur olacağıq”.

Reyd zamanı maska taxmayan bir neçə şəxs cərimələnib.

Qeyd edək ki, maska taxılması ilə bağlı tələbləri pozan fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir. Bir il ərzində bu tələblər təkrar pozularsa, fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir.

Pərvin Zeynal