Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, tərəflər ölkələrimizdə aqrar sahədə kadr hazırlığı aparan universitetlər arasında tələbə və akademik heyətin mübadiləsi proqramlarının həyata keçirilməsinin, gənc mütəxəssislərin ikili diplom, təlim və təcrübə proqramlarına cəlb edilməsi imkanları, elmi-tədqiqat institutları arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Hər iki nazir Azərbaycan Dövlət Aqrar Universitetinin Gürcüstanın analoji ali təhsil müəssisələri ilə təhsil sahəsində qarşılıqlı əməkdaşlığı dərinləşdirməsinin, birgə elmi-praktik konfransların təşkili, baytarlıq və digər istiqamətlər üzrə kadr hazırlığın təkmilləşdirmək məqsədilə tələbə və müəllim mübadiləsinin aparılmasının, Gürcüstanda yaşayan soydaşlarımızın aqrar təhsilə cəlb olunması üçün stimullaşdırıcı proqramların hazırlanmasının vacibliyini vurğulayıblar. Görüşdə Azərbaycan Dövlət Aqrar Universiteti ilə Gürcüstanın ali təhsil ocaqları arasında daha çevik əməkdaşlıq münasibətlərinin qurulması məqsədilə qısa zamanda universitetlərin rəhbər heyətlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi barədə razılıq əldə olunub.
Daha sonra nazir Məcnun Məmmədov bu ölkənin parlamentinin aqrar komitəsinin sədri Gela Samxarauli ilə görüşüb. Görüşdə iki ölkə arasında aqrar sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün hüquqi-normativ bazanın təkmilləşdirilməsi, bu sahədə mövcud əməkdaşlığı tənzimləyən qanunların və beynəlxalq müqavilələrin daha effektiv işləməsini təmin etmək məsələləri müzakirə olunub.
Tərəflər Azərbaycan və Gürcüstanın strateji tərəfdaş ölkələr olduğunu, ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlığın daim inkişaf etdiyini vurğulayıblar. Qeyd olunub ki, Azərbaycanla Gürcüstan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumu aqrar sektora dair qarşılıqlı münasibətlərin hüquqi çərçivəsini təmin edir, aqrar sahədə fəaliyyət istiqamətlərinin müəyyən edilməsi ilə bağlı yaradılacaq birgə İşçi Qrup bu əməkdaşlığı daha da irəli aparmağa imkan verəcək. Görüşdə kənd təsərrüfatı məhsullarının qarşılıqlı ticarət dövriyyəsinin artırılması, transsərhəd xəstəliklərə qarşı birgə mübarizənin təşkil edilməsi, bu sahədə müntəzəm məlumat mübadiləsinin aparılması, elmi tədqiqatlar və təhsil sahəsində əməkdaşlıq və digər məsələləri dəstəkləyəcək qanunvericilik bazasının təkmilləşdirilməsi mövzuları geniş müzakirə olunub.
Bundan əlavə, Məcnun Məmmədov bu ölkənin bir sıra kənd təsərrüfatı təyinatlı müəssisələrinin fəaliyyəti ilə də tanış olub.
Kartli regionunda yerləşən şərabçılıq müəssisəsinə baş çəkən Azərbaycan nümayəndə heyətinə burada Kartli regionuna məxsus Chinuri, Goruli Mtsvane, Tavkveri, Shavkapito yerli üzüm sortlarından şərablar istehsal olunduğu barədə məlumat verilib. İstehsal olunan şərablar palıd çəlləklərində saxlanılaraq “Saguramo” brendi ilə yerli və beynəlxalq bazarlarda satılır. Şərabçılıq müəssisəsi ilə tanışlıq zamanı müəssisənin gələcək hədəfləri, dövlət tərəfindən üzümçülük sahəsinə və şərab istehsalına göstərilən dəstək, kiçik şərab müəssisələrində şərabların keyfiyyətinin artırılması istiqamətində atılan addımlar və beynəlxalq bazarlara çıxış imkanları barədə müzakirələr aparılıb.
Gürcüstanın Kənd Təsərrüfatı Elmi-Tədqiqat Mərkəzinin nəzdində fəaliyyət göstərən Tingçilik Mərkəzi ilə tanışlıq zamanı bu müəssisənin ölkənin ən böyük aqrar tədqiqat bazası kimi fəaliyyət göstərdiyi qeyd edilib. Mərkəz meyvə tingçiliyi, calaqaltı istehsalı, yerli sortların qorunması və dekorativ bitkilərin yetişdirilməsi, həmçinin heyvandarlıq və akvakultura istiqamətləri üzrə elmi tədqiqatlar aparır. Mərkəzdə alma, armud, gilas, şaftalı, üzüm və digər çoxillik meyvə növləri üçün sertifikatlı ting və calaqaltı istehsal olunur. Mərkəzlə tanışlıq zamanı ölkədə ting istehsalı, sertifikatlaşma, yerli sortların qorunub saxlanması, çoxaldılması və regionlar üzrə adaptasiyasına dair fikir mübadiləsi aparılıb.
Azərbaycan nümayəndə heyəti həmçinin ölkənin un məmulatları istehsalı sektorunda fəaliyyət göstərən yerli şirkətlərin və iri heyvandarlıq müəssisəsinin fəaliyyəti ilə tanış olub, istehsal prosesinin təşkili, xammal və yem təminatının təşkili, məhsuldarlığın artırılması, istehsal prosesinin gücləndirilməsi və digər mövzularla bağlı təcrübələrini bölüşüblər.










