Mehriban Əliyeva qızları ilə Yeni il şənliyində- - Fotolar

mehriban-eliyeva-qizlari-ile-yeni-il-senliyinde-
Oxunma sayı: 3910


Heydər Əliyev Fondu “Buta” sarayında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində uşaqlar üçün bayram şənlikləri keçirib.

“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki,  Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva dekabrın 30-da keçirilmiş şənlikdə iştirak ediblər.

Mərasimdə uşaq evləri və internat məktəblərinin yetirmələri, sağlamlıq imkanları məhdud olan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən uşaqlar, eləcə də təhsildə fərqlənən məktəblilər dəvət olunublar. 

Şənlikdə Mehriban Əliyeva çıxış edib:

“- Hörmətli valideynlər, hörmətli müəllimlər, əziz uşaqlar!

Ənənəvi olaraq hər il Yeni il ərəfəsində biz birlikdə ötən ili yola salırıq və Yeni il bayramını bir yerdə qeyd edirik. 2014-cü ili ölkəmiz uğurla yola salır. Azərbaycanda quruculuq, inkişaf işləri davam edir. Bu gün hər birimiz fəxr edirik ki, biz müstəqil, azad, güclü Azərbaycanda yaşayırıq. 2014-cü ildə dünyanın müxtəlif yerlərində böhran, qarşıdurmalar, toqquşmalar baş verib. Amma bizdə - Azərbaycanda hər bir insan sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayıb. Biz fəxr edirik ki, ölkəmiz Azərbaycan, artıq 23 ildir ki, müstəqil ölkədir. Müstəqilliyimizin möhkəmlənməsinə öz töhfəmizi veririk.

Bizim ən böyük arzumuz, əlbəttə, uşaqlarımızı, gənclərimizi savadlı, təhsilli və sağlam görməkdir. Əlbəttə, bunun üçün bizim uşaqlar bu gün gərək çox yaxşı oxusunlar. Çünki hər bir gəncin, hər bir uşağın gələcəyi onun təhsilindən, savadından, biliyindən asılıdır. Ölkəmizin gələcəyini, sabahını siz – bugünkü gənclər, bugünkü uşaqlar təmin edəcəksiniz. Ona görə bu gün sizin ən vacib borcunuz yaxşı təhsil almaqdır. Müasir dünyanın çağırışlarına cavab vermək üçün siz gərək hərtərəfli savada və biliyə malik olasınız. Siz gərək öz Vətəninizi sevəsiniz, vətənpərvərlik ruhunda tərbiyə olunasınız, eyni zamanda, bütün dünyaya açıq olasınız.

Əziz dostlar, mən sizin hamınızı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm, sizə xoşbəxtlik, ölkəmizə əmin-amanlıq arzulayıram. Çox sağ olun, bir daha sizi təbrik edirəm”.