“Mən həqiqətən şadam”

men-heqiqeten-sadam-
Oxunma sayı: 712

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Milli Olimpiya Komitəsinin 20 illik yubileyində iştirak etmək üçün ölkəmizə gəlmiş xarici dövlətlərin nümayəndələrini qəbul edib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan 20 ildir ki, Olimpiya ailəsinin üzvüdür.

"Biz bunu bu gün qeyd edəcəyik, faktiki olaraq bir neçə gün əvvəldən qeyd olunmağa başlayıb. Sizin bu tədbirlərdə iştirakınız bizim üçün çox əhəmiyyətlidir. Olimpiya ailəsinin üzvü olandan bəri beynəlxalq əlaqələrimiz sürətlə inkişaf etməyə başlayıb. İndi, 20 ildən sonra bizim artıq federasiyalarla, Olimpiya komitələri, beynəlxalq və Avropa Olimpiya komitələri ilə çox yaxşı əlaqələrimiz vardır. Biz Azərbaycanda bir çox mühüm tədbirlər - Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclasını, həmçinin müxtəlif seminarlar, konfranslar, dünya kubokları yarışlarını keçirmişik. Bu yaxınlarda biz 17 yaşadək qadınlar arasında futbol üzrə dünya çempionatı keçirmişik. Bizim artıq beynəlxalq tədbirləri təşkil etməkdə təcrübəmiz vardır. Biz Azərbaycanda daha çox və böyük beynəlxalq tədbirlərə ev sahibliyi etmək əzmindəyik. Eyni zamanda, əminəm ki, siz həmkarlarınız tərəfindən ölkəmizdə idmanın inkişafı, idman infrastrukturu, beynəlxalq yarışlardakı nailiyyətlərimiz barədə məlumatlandırılacaqsınız. Mən həqiqətən şadam ki, Azərbaycanda idman və Olimpiya hərəkatı artıq həyatımızın bir hissəsinə çevrilib, idmançılara və veteranlara münasibət yüksək səviyyədədir".

Prezident bildirib ki, Dövlət Proqramı idman və Olimpiya hərəkatının inkişafının bir çox aspektlərini əhatə edir. Cəmiyyətdəki ümumi əhval-ruhiyyə olduqca yüksəkdir. "Sizlərdən çoxunuz əvvəllər Azərbaycana səfər etmisiniz. Mən burada bir çox köhnə dostlarımı görürəm. Bildiyimə görə, sizin bəziləriniz ölkəmizə ilk dəfədir səfər edir. Əminəm ki, burada baş verənləri görmək və dostlarınızla bir neçə gün keçirmək maraqlı olacaqdır. Bir daha xoş gəlmisiniz. Bugünkü tədbirdə iştirakınıza görə sizə bir daha təşəkkür etmək istərdim. Mən sizə ən xoş arzularımı bildirirəm, ölkələrinizə, təmsil etdiyiniz ölkələrin idmançılarına uğurlar arzu edirəm".

Sonra Polşa Olimpiya Komitəsinin prezidenti Andrzej Krasnicki, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Gazdar Mohammad Saleh, Sloveniya Olimpiya Komitəsinin rəhbəri Janez Koçijançiç yubiley tədbirlərində iştirakdan məmnun olduqlarını vurğulayıblar.