“Mən inanmıram” – Müsahibə

men-inanmiram-musahibe-
Oxunma sayı: 800

Millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadənin “Qafqazinfo”ya müsahibəsi


- Asim Mollazadə mövcud cəmiyyəti dəyişmək yolunu tutan partiya liderlərindən biridir. Ötən illər ərzində məqsədinizə nail ola bilmisinizmi?

- Bir çox hallarda nail olmuşam. Mənim nikbinliyimin əsası Azərbaycanın gəncliyidir. Azərbaycanın savadlı gənclərinin siyasətdə, ictimai fəaliyyətdə iştirak etdiklərini görərək bu hadisələrə nikbin yanaşıram. Ümidvaram ki, məhz ölkənin də siyasi elitasının peşəkar və gənc kadrlar ilə əvəzlənməsi nəticəsində biz öz siyasi məqsədlərimizə nail olacağıq. Biz bu prosesdə Azərbaycan qadınlarının rolunu daha güclü görmək istəyirik. Azərbaycan xanımının siyasi ictimai hadisələrdə fəal mövqeyi bizim dövlətimizin inkişafına yeni bir dinamika gətirər.

- Hazırda ölkədəki ictimai-siyasi durumu necə qiymətləndirirsiniz?

- Ölkədə ictimai-siyasi vəziyyət stabildir. Ciddi hansısa dəyişikliklər yoxdur. 2013-cü il seçki ilidir. Hesab edirəm ki, bu ərəfədə canlanma olacaq. Bu məqsədlə də siyasi partiyalar öz güclərini dəyərləndirir və işlərini qurur. Son vaxtlar müşahidə edirəm ki, ölkədə güclənən ictimai sektor öz fəaliyyətini müxtəlif istiqamətlərdə qurmağa çalışır. Bu istiqamətdə yeni yaranan qadın təşkilatlarının fəaliyyətini müsbət qiymətləndirirəm. İctimai sektor çalışır ki, bir neçə istiqamətlərdə dövlətin heç vaxt görə bilmədiyi işləri həyata keçirsin. Gənclər təşkilatlanır, onların işləri daha da mükəmməl olmağa başlayır.
Düşünürəm ki, ölkənin tale yüklü məsələlərinin həllində cəmiyyətin rolu artmalıdır. Əslində, bizim istifadə olunmayan böyük potensialımız var. Ümid edirəm ki, Azərbaycanın qeyri-hökumət təşkilatları bu sahədə daha təcrübəli olacaq. Cəmiyyətin proseslərə təsir imkanlarını daha güclü formada nümayiş etdirə biləcəklər.

- Taleyüklü məsələlər demişkən, Ramil Səfərova görə iqtidarla müxalifətin bir araya gələrək Avropa İttifaqına qətnamə göndərməsi müxalifət arasında birmənalı qarşılanmadı. Siz bu barədə nə düşünürsünüz?

- Ölkənin taleyüklü məsələlərinin həllində iqtidar müxalifət anlayışı düzgün deyil. Azərbaycan dövlətinin maraqlarından hamımız vahid cəbhə kimi çıxış etməyi öyrənməliyik. Mən bunu müsbət hal kimi dəyərləndirirəm. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar birləşərək Avropa Parlamentinə qətnamə göndərdilər. Elə məsələlər var ki, orada Azərbaycan xalqı haqsızlığa qarşı birləşə bilir. Deməli, bu bizim xalqımızı və dövlətimizi güclü göstərə bilən amildir. Çox ciddi problemlərin həllində də Azərbaycanın bütün intellekti səfərbər olmalıdır. Hansısa xarici amillərlə , təzyiqlərlə bağlı deyil, ölkənin daxilindəki ciddi problemlərin həllində həm siyasi qüvvələr, həm də ictimaiyyət birləşərək müvafiq bir orta mövqe müəyyənləşdirməlidir ki, bu problemlərin həlli tezləşsin.

- Bu məsələni uzun müddətdir baş tutmayan iqtidarla müxalifət danışıqlarına təsir edən müsbət hadisə kimi qiymətləndirmək olarmı?

- Bu gələcək üçün müsbət addımdır. Ancaq tək bir haldır. Bizim istəyimiz Azərbaycanda siyasi mədəniyyətin daha yüksək formada olmasıdır. Ölkəmizin buna ehtiyacı var. Bir sıra hallarda “kim mənimlə deyil, mənim düşmənimdir” anlayışı məhz Azərbaycanın siyasi həyatında əsas motivə çevrilib. Bolşevik partiyasının ənənələrindən qurtulmalıyıq. Yenə də təkrar edirəm ki, taleyüklü məsələlərin həllində birləşərək birgə çıxış yolu əldə edilməlidir.

- Ümumiyyətlə, müxalifətdaxili radikal və loyal cəbhənin qarşıdurmalarını kənardan izlədiyinizdə bu sizə necə təsir bağışlayır?

-Hər kəsə qiymət vermək istəmirəm. Hamı siyasi fəaliyyəti üçün məsuliyyətini özü daşıyır. Biz siyasi mədəniyyəti yüksək səviyyəyə çatdırmaq üçün hələ çox işlər görməliyik. Ən azı öz nümunəmizdə bu mədəniyyəti nümayiş etdirmək bizim istəyimizdir. Onun üçün mən istəmirəm ki, bizim hansısa siyasi təşkilatın fəaliyyəti ilə bağlı dediyimiz sözlər onlara qarşı istifadə olunsun, kiminsə maraqlarına toxunsun. Azərbaycanın qarşısında duran əsas problemlərdən biri yüksək peşəkarlığa nail olmaqdır. Söhbət ölkənin təhsil, geniş anlamda mədəniyyət sisteminin inkişaf etdirilməsindən gedir. Bu istiqamətdə hələ çox işlər görməliyik.

- Hiss olunur ki, 2013-cü il prezident seçkilərində mübarizə daha gərgin müstəvidə keçəcək. Sizcə, bu dəfəki seçkilərdə kimin qalib gəlmə şansı daha yüksəkdir?

-Təbii olaraq ölkədə ən yüksək şanslar dövlət başçısındadır. Ölkənin həm iqtisadi, həm də sosial sahəsində görülən işlər onların şanslarının daha yüksək olduğunu göstərir. Düşünürəm ki, seçki prosesində öz təklifləri ilə çıxış edən, müvafiq platformasını xalqa cazibədar edən namizəd, qalan müddət ərzində uğurlu fəaliyyət göstərə bilərsə, seçki ərəfəsində şansları daha düzgün qiymətləndirmək olacaq.

- Sizcə, müxalifət bu dəfəki seçkilərdə vahid namizəd şəklində iştirak edə biləcəkmi?

- Mən inanmıram. Bəlkə də buna heç ehtiyac da yoxdur. Əslində siyasi proseslərə iki cəbhənin mövqeyi kimi qiymət vermək də düzgün deyil. Ölkədə çoxşaxəli və rəngarəng siyasi palitra olmalıdır. Seçkidə hər bir qüvvənin öz baxışlarına, iqtisadi və sosial platformasına uyğun olaraq namizədləri formalaşmalıdır. Bunun üçün də iqtidarın yaxud da müxalifətin vahid namizədi olmasını düzgün yanaşma hesab etmirəm. Düşünürəm ki, ölkənin inkişafına yönəlmiş birliklərə ehtiyac var. Bu birliklər də müəyyən proqramı həyata keçirə bilən siyasi liderlərini namizəd kimi müəyyənləşdirməlidir. Mən ölkənin siyasi palitrasının iki rəngdən ibarət olduğunu görmürəm. Azərbaycanın siyasi mühiti iqtidar və müxalifət, yaxud ağ-qaraya bölünmür. Rəngarənglik artır. Fərqli siyasi qüvvələr öz fəaliyyətini göstərir. Ümidvaram ki, onlar öz fikirləri, təklifləri ilə xalqa öz mesajlarını çatdıra biləcəklər. Real demokratik cəmiyyətdə siyasət bundan ibarətdir. Ağ-qara rənglərdə olan palitra əslində keçmiş dünyadan bizə miras qalmış bir anlamdır.

- Lideri olduğunuz Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP) seçkilərə necə hazırlaşır və hansı formada seçkilərə qatılacaq?

- Əslində, biz hər bir seçkiyə hazırlaşırıq. Bunun nəticəsini partiyanın rayon şöbələrinin gücünün artırılmasında görəcəyik. Potensialımızı artırmağa çalışırıq. Real siyasi fəaliyyətlə məşğuluq. Seçkilərdə iştirak formamızı zamanında öz gücümüzə və real seçicilərimizə niyyətlənərək qərar verəcəyik. Bütün siyasi partiyalar seçkilərdə iştirak etməlidir.

- Bu dəfəki seçkilərdə sizcə, Qərb yoxsa Rusiya modeli qalib gələcək?

- Ən azı bizim istəyimiz ondan ibarətdir ki, dünyanın demokratik formalarda siyasi təcrübəyə arxalanan seçkiləri Azərbaycanda da keçirilsin. Rusiyanın təcrübəsini Azərbaycan üçün məqbul hesab etmirəm. Artıq bu modeli Rusiyanın özündə də məqbul hesab etməyənlərin sayı artmaqdadır. Azərbaycanın siyasi həyatının da öz strateji inkişaf hədəfinə uyğun formalaşmağa ehtiyacı var. Bu gün Azərbaycanın bütün təməl sənədlərində ölkəmizin strategiyası dünyaya inteqrasiyadan ibarətdir. Bunun da təcrübəsi Azərbaycanda bərqərar olmalıdır.

- Demokratik seçki baş tutacaqmı?

- Bunu arzulayırıq və bu məqsədlə də öz işlərimizi görəcəyik.

-Türkiyə XİN rəhbəri Dağlıq Qarabağa dair danışıqların növbəti raundunun İstanbulda keçirilməsini təklif edib. Bu təklifin həyata keçirilməsi danışıqların həlli prosesinə müsbət təsir edə bilərmi?

- Bu münaqişənin həlli ilə bağlı tarix onu göstərir ki, prosesdə Türkiyənin iştirakı hər zaman müsbət irəliləyiş olub. Hələ 1993-cü ildə Rusiya, Amerika və Türkiyənin üç tərəfli təşəbbbüsü ilə çox ciddi irəliləyişlər olmuşdur. Mən həmin razılaşmaları hazırda Minsk Qrupunun fəaliyyətindən daha yüksək qiymətləndirirəm. Türkiyənin bu prosesə ancaq müsbət töhfə vermək imkanları var. Məhz Cənubi Qafqazda sabitliyin, əməkdaşlığın bərqərar olunmasında Türkiyə bu münaqişənin həllinə müsbət təsirini göstərə bilər.
Hazırda münaqişənin həllini Ermənistan tam dondurub. Artıq bir ilə yaxındır ki, bütün beynəlxalq təşkilatlarda bu məsələnin sabotaji ilə məşğuldur. ATƏT, Avropa Şuraında tərəflərin bir-biri ilə razılaşmasının qarşısını kəsən də məhz Ermənistandır. Hətta Qarabağın azərbaycanlı və erməni icmaları görüşündən də Ermənistan imtina edib. Ermənistan bu gün öz təcavüzkar siyasətini davam etdirmək istəyir. Onların bütün dırnaqarası uğurları məhz münaqişə üzərində qurulub. Hər bir bəhanə ilə danışıqlar prosesinin dayandırılmasında maraqlıdırlar. Məsələn, Ermənistan Ramil Səfərov məsələsindən elə bərk yapışıb ki, bununla danışıqlar prosesində öz mövqeyini, iflasını izah edir. Çox təəssüf ki, beynəlxalq təşkilatlar işğalçının siyasətinə qiymət vermək üçün özlərində güc tapa bilmir. Hər bir erməni icması güclü olan ölkədə də seçki prosesləri münaqişənin həlli prosesinə öz mənfi təsirini göstərir. Hazırda ABŞ-da zəngin və öz fəallığı ilə seçilən erməni icması bu prosesdə iştirak edir. Deməli, burdan da biz mənfi vəziyyəti görürük. Bizim tələbimiz ondan ibarətdir ki, beynəlxalq təşkilatlar bəyannamələrin tələbinə uyğun olaraq bu məsələni həll etsinlər. Bizə sülh ona görə lazımdır ki, bizim böyük potensialımız var. Azərbaycanın istəyi Cənubi Qafqazı sülh və əməkdaşlıq bölgəsinə çevirməkdir. Ermənistanın keçmiş baş naziri bu ölkənin borcunun 7 milyarddan artıq olduğunu qeyd edib. Bu onu göstərir ki, Ermənistan bir dövlət kimi iflasa uğrayıb. Vətəndaşlar sürətlə bu ölkəni tərk edir. Ermənistan bir forpostdur. Münaqişənin həll olunmasından Ermənistan da bəhrələnəcək. Bu zaman erməni xalqı bəlkə for postda deyil, normal bir ölkədə yaşamaq imkanı qazanar.

- Hazırda Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi yenidən gündəmə gəlib. Ölkəmizdə bəzi siyasətçilər sərhədlərin açılmasının tərəfdarı kimi çıxış edir. Yalnız bu yolla Ermənistanı Rusiyanın asılılığından azad olunacağı qənaətindədirlər.

- Mənim heç şübhəm yoxdur ki, Türkiyə Ermənistanla nəinki sərhədləri açsın, əməkdaşlıq edib Ermənistanı gücləndirə bilsin. Burada bir məsələ var. Türkiyə Ermənistanla sərhədlərini Azərbaycanın torpaqları işğal olunduğuna görə bağlayıb. Bu istiqamətdə heç bir dəyişiklik yoxdur. Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən öz qüvvələrini çəkərsə, Türkiyə nəinki sərhədləri aça bilər, onun Ermənistana verəcəyi imkanlar da çox ola bilər. Bu gün Ermənistanın işğal etdiyi ərazi Qarabağın dağlıq hissəsindən beş dəfə çoxdur. Türkiyə hansısa bir zor istifadə etmədən təcavüzkara təsirini göstərdi. Eyni addımı biz Avropa Birliyindən, Amerikadan, Rusiyadan gözləyirik . Onlar Ermənistanı sülhə məcbur etməlidirlər. Türkiyə rəhbərliyi bəyan edib ki, 100 mindən artıq Ermənistan vətəndaşı onların ərazisində yaşayır. Türklərin ermənilərə qarşı nifrəti və ya ermənilərin türklərdən qorxusu varsa, onda vətəndaşlar bu ölkədə niyə yaşayırlar? Orta əsr təfəkkürünə Ermənistan son qoymalıdır. Öz qonşuları ilə normal əməkdaşlığa, sülh qurmağa çalışmalıdır.

- Rusiya Qafqazda geniş miqyaslı təlimlər keçirir. Xarici mətbuat belə təlimlərin Dağlıq Qarabağ ərazisində də keçirildiyini yazır. Bu cür təlimlərlə Rusiya nə demək istəyir?

- Şimali Qafqazda və Gürcüstanın işğal olunmuş ərazilərində hərbi güc nümayişi mənə elə gəlir ki, bütün beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməlidir. Biz gözləyirik ki, bölgədə sülh və əmin amanlıq yaratmaqda maraqlı olan güc mərkəzləri bu prosesə ciddi olaraq diqqət yetirsinlər. Bəlkə ona görə də NATO-nun Baş Katibinin bölgəyə səfəri oldu. Yaxın müddətdə Gürcüstanda və Azərbaycanda Avropa ölkələrinin xarici işlər nazirlərinin səfəri baş tutdu. Bu diqqət daha da artmalıdır.

- Putinin Avrasiya İttifaqi ideyasında , o cümlədən Qəbələ RLS məsələsində Azərbaycanla razılığın əldə olunmamasına görə təlimləri ölkəmizə qarşı da təzyiq metodu kimi qiymətləndirmək olarmı?

- Heç bir təzyiqlə ittifaq qurula bilməz. Kimisə də zorla, döyə-döyə bu ittifaqa salmaq olmaz. Əgər Putin belə bir ittifaq qurmaq istəyirsə, ilk növbədə onun cazibəsini göstərməlidir. Hamının maraqları indidən bəlli olmalıdır. Ancaq hansısa böyük qardaş siyasətindən irəli gələn ittifaqların gələcəyinə və mümkünlüyünə inanmıram.

- Asim bəy, Suriyada yaşanan olaylar bəllidir. Sizcə hadisələrin bu qədər uzanmasının səbəbi nədir?

- Bu rejimin zora arxalanan siyasətindən irəli gəlir. Bunun nəticəsində minlərlə vətəndaşlar ölür. Ölkədə vətəndaş müharibəsi yaşanır. Bu münaqişədən əziyyət çəkən Türkiyənin də maraqları bizim üçün mühümdür. Türkiyənin sərhədlərində qanunsuz terror qruplaşmaları öz fəaliyyətini artırıb. Suriya rejmi beynəlxalq ictimaiyyət üçün necə təhlükəli olduğunu göstərir. Beynəlxalq aləm də mülki əhalinin ziyan çəkdiyini nəzərə alaraq bu ölkədə sülh və əmin amanlığın tezliklə bərpa olunmasına çalışmalıdır.

- Suriya hadisələrinin gedişatında dini amil nə dərəcədə rol oynayır?

- Suriya özünü həmişə dünyəvi və sosialist ölkə elan edib. Mən bu məsələyə dini qarşıdurma müstəvisində baxmaq istəməzdim. Bəlkə də bu milliyyətçi sosialist siyasəti xalqa hansısa problemlər yaradıb ki, onlar da üsyana qalxıblar. Çünki Suriyanı uzun müddətdir idarə edən bu milliyyətçi sosialist partiyası artıq xalq tərəfindən qəbul olunmur. Burada mənə elə gəlir ki, dini amil rol oynamır.

- Praqada keçirilən “Postsovet məkanında demokratiya- 20 il sonra” adlı konfransdan yenicə qayıtmısınız. Sizcə, 20 ildən sonra bu məkanda ən demokratik ölkə hansıdır?

- Baltik ölkələri. Bəlkə də bunun əsas səbəbi ondan ibarətdir ki, bu ölkələrin Sovet İttifaqına qatılmağının müddəti ikinci dünya müharibəsindən sonra olub. 70 il müddət ərzində bu ölkələrdə nə dini, nə də insan hüquqları tanınıb. Totalitarizmdən demokratiyaya keçid bu ölkələrdə çətin baş verib. Amma başqa yol yoxdur. Sürətlə biz də bu yolu keçəcəyik. Azərbaycanın da bu istiqamətdə böyük potensialı var. Mən əminəm ki, Belarusiya da Avropa kimi olacaq. Çünki o xalqı yaxşı tanıyıram. Eyni zamanda bu ölkələrdə iqtisadiyyat və sosial həyat da yaxşılaşacaq. Çünki ac ölkələrdə demokratik rejim qurmaq mümkün deyil. İpək yolu layihəsi Orta Asiyada yerləşən keçmiş SSRİ ölkələrini də demokratiya və rifah istiqamətində inkişaf etmək üçün böyük perspektivlər yaradır. 20 il əslində bir göz qırpımıdır. Heç bir nəslin dəyişməsinə də nail ola bilməmişik.

- Amerikalı konqresmen Şimali və Cənubi Azərbaycanın birləşdirilməsi məsələsində ölkəmizə dəstək olmağı Ağ Evə təklif edib. Sizcə, hazırkı situasiyada ABŞ bu məsələdə hər hansı uğura nail ola bilərmi?

- Don Rorabaherdən bu təklifi mən bir neçə illərdir ki eşidirəm. Bu yeni bir fikir deyil. Bu onun öz fikridir. Mən 5 il bundan qabaq Rorabaherlə görüşəndə də o bu fikri söyləmişdi. Cənubi Azərbaycanın taleyi bilavasitə orada yaşayan soydaşlarımızın qərarından asılıdır. Mən burda onların yerinə qərar verə bilmərəm. Hansı yol seçmələri onların iradəsindən asılıdır. Mən sadəcə olaraq onların milli və mədəni hüquqlarının tanınmasını beynəlxalq səviyyədə müdafiə edə bilərəm. Gənc və müstəqil Azərbaycan dövlətində azlıq çoxluğun yerinə qərar verə bilməz. Amerikanın siyasətində məhz bu istiqamətdə yaxın müddətdə ciddi dəyişikliklər olacağını görmürəm.

- Mediaya açıq insansız. Biz bunu təqdir edirik. Maraqlıdır, gün ərzində hansı media orqanlarının informasiyalarını izləyirsiniz?

- Demək olar ki, əksər media vasitələrinin xəbərlərini diqqətlə izləyirəm. Ümumiyyətlə, dünyada yeni proses gedir. Artıq internet media çap mediasını üstələyib. Yeni texnologiyalar da cəmiyyətdə şəffaflığı artıraraq dördüncü hakimiyyətin gücünü artırır. Bunu müsbət hadisə kimi qiymətləndirirəm. Sərhədləri aşan media öz fəaliyyətini ölkəmizdə peşəkar səviyyədə həyata keçirməlidir. Medianın ən əsas qüsuru məhz peşəkarlığın lazımı səviyyədə olmamağınan irəli gəlir.

- Hazırda ölkəmizdə 17 yaşlı qadınlar arasında futbol üzrə dünya çempionatı keçirilir. Belə bir çempionatın ölkəmiz üçün əhəmiyyəti nədən ibarətdir?

- Ölkəmizdə dünya miqyaslı tədbirlərin keçirilməsi həm Azərbaycanı tanıtmaqla yanaşı, həm də yüksək səviyyədə istənilən beynəlxalq tədbirə ev sahibliyi etməyə qadir olduğunu göstərir. Əminəm ki, ölkəmiz ən yüksək səviyyəli tədbirləri həyata keçirməyə qadirdir. Bu həm də təcrübəmizin artmasına kömək edir. Azərbaycanın gələcəyini izolyasiyada olmuş dövlət və xalq kimi görmürəm. Türk və İslam dünyasının lider ölkəsi kimi biz dünyaya hələ çox söz deyə biləcəyik.

Günel Türksoy