“Mən onu tanımıram”

men-onu-tanimiram
Oxunma sayı: 665

Salman Əliyev isə “Yeni Müsavata” açıqlamasında Sülhəddin Əkbərin ittihamlarına cavab verərək bildirib ki, onun etibardan danışmağa haqqı yoxdur: “Çünki bu məsələyə yanaşmamız fərqlidir. Siz mənsub olduğunuz partiyanın liderinin və şəxsən öz maraq və oyunlarınıza xidmət edən şəxslərə “etibarlı adam” deyirsiniz. Əgər siz etibarlı adam olsaydınız, şəxsi, korporativ maraqlarınız xətrinə uzun illər bir yerdə olduğunuz əqidə dostlarınızı və rəhbərliyində təmsil olunduğunuz partiyanı əhəmiyyətsiz, boş bəhanələrlə atıb getməzdiniz. İndi isə sizin əqidəniz dəyişərək “bəli, baş üstə, necə buyurarsınız” mahiyyətini daşıyır. Onu da bilirəm ki, məni Rəsul müəllimin tapşırığı ilə “etibarsız” adlandırmısınız. Çox etibarlı, əqidəli və səmimi insan olduğum sizə çoxdan bəllidir. Siz AXCP-dən çıxıb ACP-yə gəldiyim ilk gündən öz əvvəlki əqidə dostlarımın haqlı mövqeyində dayandığımı gözəl bilirsiniz. Bu qədər geniş əlaqələrim və kifayət qədər məlumatlı olmağım məhz etibarlı insan olmağımın sayəsindədir. Onu da gözəl bilirsiniz ki, ACP-yə Rəsul Quliyev faktorunu nəzərə alaraq gəlmişəm, sizə görə yox. Bunu ACP-nin toplantısında üzünüzə söyləmişəm. AXCP-dən ACP-yə gələrkən müəyyən perspektivləri itirdiyimi və istər-istəməz bu addımımın nüfuzuma xələl gətirəcəyini bilə-bilə, əqidəm, amalım, vətənpərvərliyim, ən əsası isə bu antimilli rejimin dəyişdirilməsi uğrunda müxalif siyasi qüvvələrin, region və partiyaların birliyi ideyası məni bu addımı atmağa vadar etdi. Siz və ACP lideri, təəssüf ki, özündən müştəbehsiniz. Son açıqlamalarımın əslində öz əleyhimə olduğunu bilirəm. Xalqımızın mənafeləri, şəxsən ACP liderinin mənafeyi tələb edir ki, şəxsi hikkələri, ambisiyaları kənara qoyub birlik istiqamətində səmimi və real addımlar atasınız. Yenə də gec deyil. Ümid edirəm ki, bu açıqlamalardan sonra özündən müştəbehliyi kənara qoyub səhv və yanlışlıqları düzəldəcək, bununla da xalqımızın, müxalif partiyaların, ictimaiyyətin, hər birimizin rəğbətini qazanacaqsınız. Milli mənafelərimizi və dostlarımızın xahişini nəzərə alıb ilin-günün bu vaxtı sizə sərt tonda cavab verməyi məqsədəuyğun hesab etmədim. Düz həmişə əyrini kəsir. Buna əminəm və özümlə bağlı tam arxayınam".

Salman Əliyevin ittihamları ilə bağlı ACP lideri Rəsul Quliyev “Qafqazinfo” ya açıqlama verib. Rəsul Quliyev bildirib ki, Salman Əliyevin kim olduğunu heç vaxt bilməyib: “Onu tanımıram. Bir neçə facebook yazısını oxumuşam. Heç vaxt o adda müşavirim olmayıb”.

Günel