Azərbaycanın “Eurovision - 2011” yarışmasında təmsilçisi Eldar Qasımovun “Qafqazinfo”ya müsahibəsi:
- Eldar klip təqdimatından sonra necəsiniz və ümumiyyətlə tamaşaçıların, izləyicilərin və sizi sevənlərin sizə olan reaksiyası necə oldu?
- Mənə çox xoş oldu. Klipin təqdimat mərasimi yüksək səviyyədə keçdi. Təqdimatdan sonra biz “brend val”ın qarşısına yaxınlaşdım və media nümayəndələri məni çox isti qarşıladı.
- Türkiyənin sənət dünyasından olan Hadise, Kenan Doğulu, Sertap Erener kimi müğənnilər “Eurovision” mahnı müsabiqəsindən sonra yaradıcılıqları üzərində çalışaraq yeni layihələrlə yadda qaldılar. Amma, bu müğənnilərlə müqayisədə bizim təmsilçilərimiz də müəyyən qədər passivlik müşahidə olundu. Bu nə ilə əlaqədardır?
- Mənim fikrimcə, Kənan Doğulu, Hadise və digərləri bu mötəbər müsabiqədən öncə də, Türkiyədə kifayət qədər tanınmış hesab olunurdu, lakin biz Azərbaycanda o qədər də məşhur deyildik və müsabiqə həyatımızda çevriliş oldu və nəticəni məqsədəuyğun hesab etmək olar. Başqa bir məsələni də diqqətinizə çatdırmaq istərdim ki Azərbaycanda Avropa üslubunda musiqiləri nisbətən az dinləyirlər. Təbii ki, bizim ölkəmizdə istənilən təmsilçiyə kifayət maddi dəstək ayrılır. Sadəcə biz mükəmməl nəticəyə inanırdıq. Beləliklə, bizim komanda qalib oldu.
- Bildiyimiz kimi, dünyaca məşhur müğənni və bəstəkar Emin Ağalarov sizə dəstək olur. Hazırda onunla münasibətiniz və ümumiyyətlə yaxında tamaşaçıları maraqlı bir layihə gözləyə bilərmi? Eldar, Emin Ağalarovun bəstələrindən bir mahnı oxuyacaq?
- Emin Ağalarovla səmimi dostluğumuz var və mən həmişə onun konsertlərində iştirakımdan böyük məmnunluq duyuram. Bəstələrdən danışdıqda isə bu hələ ki, sirdir. Lakin, gələcəkdə tamaşaçıları maraqlı bir layihə gözləyə bilər.
-Siz “Eurovision” mahnı müsabiqəsində həm də siyasi cavablarınızla yadda qaldınız. Sizin magistr təhsiliniz varmı?
- Bəli var. Mən bu il universitetin magistr dərəcəsini bitirmişəm.
- Siz müasir musiqinin təbliğ edirsiniz. Ölkəmizin şou biznesinə daxil olan müğənnilərin dəyişməsi üçün sizcə biz nə etməliyik?
- Düşünürəm ki, “Eurovision” mahnı müsabiqəsi mötəbər bir yarışmadır. Belə bir müsabiqələrin keçirilməsi az da olsa dəbin formalaşmasında müəyyən qədər rol oynayır. Bildiyiniz kimi, Böyük Britaniyada, hələ 20-ci əsrin əvvəllərində keçirilmiş futbol çempionatı insanların düşüncələrinin dəyişməsində öz mövqeyini göstərdi. Beləliklə, zaman-zaman insanların dünyagörüşü, zövqü, geyim üslubları dəyişilməyə başladı. Belə bir müsabiqələr, həm də mədəniyyətlərarası dialoq hesab olunur. Dünyanın bir çox ölkələrindən olan turistlər, media nümayəndələri, qonaqlar ölkəmizə axışmışdı. Biz hər ölkədən olan insanların mədəniyyətindən özümüzə xas olan müsbət cəhətləri götürməyə çalışdıq. Alınıb alınmadığı haqqında bir söz deyə bilmərəm, çünki çox az müddət keçdi. Lakin mən inanıram ki belə bir müsabiqələr keçirildikcə müəyyən dəyişikliklər baş verməyə başlayacaq. Mən şəhərə az çıxsam da insanların geyimlərində müəyyən qədər dəyişiklərin baş verdiyini müşahidə etdim. Məncə müasir düşünən gənclərin sayı xeyli artdı və bu məni çox sevindirir.
- Sizcə, bu “Eurovision” mahnı müsabiqəsindən sonra baş verdi?
- Əlbəttə, mən ölkəmizdə gələcəkdə də belə bir layihələrin daha çox təşkil olunmasını istərdim. Belə bir mədəniyyətlərarası dialoqda məsələn Avropa, Asiya şərq və qərbin xarakteristikasının qovuşduğu layihələrdə bizə xas olan xüsusiyyətləri tapıb özümüzdə saxlamağa çalışmalıyıq.
- İstərdim sizin siyasi yönünüz barədə soruşum. Ümumiyyətlə sizə siyasi hadisələr maraqlıdırmı?
- Bir zamanlar mən Universitetdə oxuduğum illərdə və diplomatiya ilə məşğul olarkən yəqin ki, maraqlı idi. Mən ümumiyyətlə Azərbaycanımızın dünyada təbliğinə çalışıram. Təbii ki, musiqilərimdə müəyyən qədər maarifçiliyin ötürülməsi mənim əsas vəzifələrimdəndir.
- Hazırda müasir şou biznesdən Eldarın dinlədiyi sənətçi varmı?
- Bizim müasir estradamızdan Nigar Camalı çox bəyənirəm.
- Aygün Kazımova, Zülfiyyə Xanbabayeva kimi müğənnilərdən az da olsa dinləyirsinizmi?
- Təbii ki, müğənniləri, efirdə yayımlanan klipləri izləyirəm. Sadəcə ayrı-ayrılıqda bəyəndiyim kliplər olur. Hazırda ad çəkə bilməyəcəyəm.
- İfaçılığa gəlməzdən öncə müasir müğənnilərdən kiməsə pərəstiş etdiyiniz olubmu?
- Xeyir belə bir pərəstiş etdiyim müğənni olmayıb.
- Bəs xaricdə necə?
- Təbii ki, Celine Dion, Lady Gaga. Məndən Jennifer Lopez, Rihanna və Şakiranın Bakıda keçiriləcək konsertləri haqqında soruşduqda onu deyə bilərəm ki, kütlə içərisində olmağı xoşlamıram. Hər zaman ulduzların səhnə arxası görünüşü mənim marağımda olur. Bu məncə böyük bir məktəbdir.
- Belə bir müğənnilərlə xarici ölkələrdə hər hansı bir layihə etmək istərdinizmi?
- Təbii ki, istərdim. Lakin hazırda belə bir zamanım yoxdur. Bu müğənnilərlə səhnəarxası görüşlərim ola bilər. Amma, hələ ki belə bir fikrim yoxdur.
- Siz tez-tez idman geyimlərində də görünürsünüz, Maraqlıdır, idmana ola marağı necədir?
- Bu mənim üçün çox vacibdir. Özümü formada saxlamağa çalışıram. Dənizkənarı gəzinti, təmiz hava qəbul etməyə üstünlük verirəm. Düzdür, işlərimin sıxlığından bunu hərdən edə bilmirəm.
- Şəhərdə insanlarımızın sizə olan marağı, məsələn sizinlə hər hansı bir pərəstişkarınızın şəkil çəkdirmək istəmələri sizi rahatsız etmirmi?
- Əlbəttə, bu mənim həmişə məmnun edir. Bu sevgidən irəli gəlir və təbii ki bu mənə də xoşdur.
- Geyimləriniz bizim səhnə ulduzlarımızla müqayisədə çox fərqlidir. Maraqlıdır, sizin geyimləriniz üzərində işləyən xüsusi stilist var, yoxsa bu geyimləri özünüz seçirsiniz?
- Gündəlik geyimlərimi özüm seçirəm. Lakin, səhnə geyimlərimi nəzərə alsaq, çıxdığım səhnədən və tədbirdən asılıdır. Hər hansı bir promo və ya xarici tədbirlərdə isə geyimlərim üzərində xüsusi komanda çalışır. Geyimlərim ifa etdiyim mahnıya uyğun gəlməlidir. Tamaşaçı qarşısında gülünc görünməməyə üstünlük verirəm.
- Xarici ölkələrdən hər hansı bir təklif varmı və ya varsa orada qalıb işləmək istərdinizmi?
- Mən Azərbaycanı təmsil edirəm. Hər hansı bir ölkədə fəaliyyət göstərsəm də, mən azərbaycanlı kimi tanınmışam və mən ölkəmizə çox bağlıyam.
- Şəxsi həyatınız da sizi sevənləri çox maraqlandırır. Eldarın şəxsi həyatında sevdiyi xanım varmı? Ailə həyatı qurmaq istərdinizmi?
- Sevdiyim var. “İ am Free” mahnısının akustik versiyasını ilk dəfə oxuyanda mənə elə gəldi ki, məhz bu zaman mənim ürəyimi kimsə oğurladı. Bu hissi hazırda yaşayıram. Ailə həyatı ilə bağlı sualınızı belə cavablandırardım ki, hələ ki, hazır deyiləm. Təbii ki,
Nigarın uşaqları ilə oynayarkən və ya küçədə uşaq gördükdə məndə atalıq hissi oyanır. Amma bu ötəri bir hissdir. Ağılla fikirləşdikdə isə bunun böyük bir məsuliyyət olduğu qənaətinə gəlirəm. Bu mənim aləmimdə vətənin keşiyində durmaq kimidir. Çünki, bir şəxsiyyət yetişdirirsən. Vətənə layiqli övlad böyütmək ən əsas amildir.
- Sizə Azərbaycanın şou biznesi ilə bağlı sual ünvanlandıqda bu mövzudan yan keçirsiniz. Bu nədən irəli gəlir? Özünüzü şou biznes aləmində görmürsünüz?
- Məncə, bizim estrada ulduzlarına baxdıqda, insanda hələ üzərlərində işləməli olan çox şeylərin olduğu qənaəti formalaşır. Mən çox geniş və daha professional şou biznesin olmasını istərdim. Bəlkə bu zaman özümü şou biznesin bir hissəsi kimi görə bilərəm.
- Şou biznes nümayəndələri ilə hər hansı bir tədbirdə qarşılaşdıqda görüşürsünüzmü?
- Telekanalların birində hər hansı bir müğənni ilə qarşılaşdıqda təbii ki, söhbətləşirəm.
- Ümumiyyətlə, özəl xüsusiyyətlərinizdən söz açdıqda telekanalların hansısa birində görünüb-görünməmək kimi bir kapriziniz olurmu?
- Məncə, sənətdən söz açırıqsa burda ayrı-seçkilik düzgün deyil. Mənimlə bir komanda çalışır. Yekunda komandanın proqramına uyğun hərəkət edirəm. İşlədiyim komandaya çox etibar edirəm.
- Həyatda olan “kapriz”ləriniz barədə nə deyə bilərsiniz?
- Həyatda deməzdim, amma işimə qarşı yetərincə kaprizliyəm. İfa etdiyim mikrofona qədər çox məsuliyyətliyəm.
- Siz “Grammy” mükafatı alacaq ifaçılar sırasında ola bilərsinizmi və bu istiqamətdə hansısa işlər görürsünüzmü?
- Təbii ki, istərdim. Lakin bunun üçün böyük bir komanda çalışmalıdır.
- Azərbaycan dilində mahnı ifa etmisiniz. Bunun davamı olacaqmı? Ölkəmizin bəstəkarlarından daha çox hansı ilə işbirliyində olmaq istərdiniz?
- Təbii ki, İsa Məlikovla bir neçə işbirliyimiz var. Mahnılarımda müəyyən bir fikri tamaşaçılara aşılamağa çalışıram.
- Bildiyimiz kimi tərəf müqabiliniz Nigar Camal Rusiya estradasının məşhur ulduzu Dima Bilanla birlikdə duet ifa etdi. Sizin Avropa və ya dünya səhnəsindən olan hər hansı bir müğənni ilə belə bir duetiniz gözlənilirmi?
- Bu yaradıcılıqdır. Təbii ki, təkliflər var və bu təkliflər hazırda çalışdığım komanda tərəfindən dəyərləndirilir.
- Görünüşcə bir çox insanların bəyəndiyi simasınız. Sizin özünüzdə bəyənmədiyiniz nəsə varmı?
- Təbii ki, özümə qarşı çox nöqsanlıyam. Hər zaman mahnılarımı dinlədikdə nöqsanlar tapıram. Kliplərimi izləyərkən mən hər hansı bir hissəni başqa cür canlandıra biləcəyimi düşünürəm. Hər bir işimə tənqidi yanaşıram. Bir insanda tənqid onu inkişafa aparan bir vasitədir.
- Siz plastik əməliyyat keçirən məşhur kişilərə necə yanaşırsınız? Ümumiyyətlə gələcəkdə siz hər hansı bir dəyişiklik etməyi düşünürsünüzmü?
- Kişilər üz quruluşlarında hər hansı bir dəyişiklik edərkən onların simalarındakı dəyişiklik qadınlardan fərqli olaraq, elə həmin an nəzərə çarpır. Lakin, belə bir əməliyyatlar həyata keçirilməsinə, əgər sağlamlığa zərərli deyilsə və çərçivədən kənara çıxmırsa təbii ki, normal yanaşıram. Amma məncə təbiətlə mübarizə etmək olmaz. Əgər insan özünü rahat hiss edirsə və bununla komplekslərindən azad olacaqsa, niyə də olmasın.
- Başqa ölkələrdə tez-tez səfərlərdə olursunuz. Orda sizi görəndə tanıyırlarmı, münasibət necə olur?
- Çox olur ki, tanıyırlar, ən çox da Maltada... Orda “Eurovision”a maraq çox böyükdür. Həm də Malta insanlarının bizim insanlarımıza bənzərlik çoxdur. Çox ürəyi açıq, istiqanlı, mehribandırlar. Ona görə də musiqiyə bağlı adamlardır. Ukraynada, Rusiyada məni tanıyan çox olur. Bu yaxınlarda Türkiyədə dincəlirdim. Bilmirəm nəcə olmuşdur mənim qaldığım oteli bir neçə insan tapmışdı. Gəldilər yanıma görüşdük onlarla. Hamısının telefonlarında mənlə Nigarın şəkilləri vardı. Yəni Türkiyədə də çox olur. Gəlib yaxınlaşırlar avtoqraf istəyirlər, şəkil çəkdirirlər. Bunları yaşamaq çox gözəl hissdir.
Aynur Babayeva