“Mənəviyyatımız yararsız, yarıtmaz insanların əlindədir” – Müsahibə

meneviyyatimiz-yararsiz-yaritmaz-insanlarin-elindedir-musahibe
Oxunma sayı: 945


Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri Jalə Cəfərovanın “Qafqazinfo”ya müsahibəsi.


- Jalə xanım, təşkilatınız çoxdan yaransa da bir ildən artıqdır qeydiyyatdan keçib. Bu müddətdə hansı işlərlə məşğul olmusunuz?

- Bizim təşkilat əslində 2006-cı ildə yaranıb. Beş il qeydiyyatsız fəaliyyət göstərib. Ötən il qeydiyyatdan keçdi. Yarandığı ilk gündən bizim əsas amalımız mənəvi bərpasına ehtiyacı olan bütün sahələrə nüfuz etməkdir. Bacardığımız işləri layihə şəklində etməkdir. Elə məsələlər var ki, onlar mütləq gündəmə gətirilib işıqlandırılmalıdır. 2009-cu ildə “Məktəblərdən muzeylərə” layihəsinə start vermişdik. O vaxta qədər bu haqda bir yerdə yazılmamışdı, əgər yazılmışdısa könüllü şəkildə cəmiyyətimdən imtina edə bilərəm. Və təxminən iki ay öncə Təhsil Nazirliyinin belə bir qərarı oldu ki, orta məktəb şagirdlərinin dərslərinin bir çoxu muzeylərdə keçirilsin. Əslində QHT-lərin yaranmasında məqsəd dövlət qurumlarına yardım etməkdir. Çox istərdim ki, heç olmasa bir istinad olunaydı. Bizim bu layihəmiz uğurlu alındı. Hansı məktəblərdə muzeylərimizi təbliğ etdiksə, bu gün də onlar bu ənənəni davam etdirirlər. Ancaq məsələ burasındadır ki, bu gün İctimai Televiziyanın borcudur belə mövzuları işıqlandırsın. Məndən də qat-qat artıq bu işləri görməyə qadir olan insanlar var. Şərait yaradılmalıdır. Nə qədər olar, səhərdən axşamadək Xatirə İslam ərə getdi, başqası neylədi. Onun da əleyhinə deyiləm. Ancaq balans olmalıdır. Üç dənə şoudan xəbər yazanda, ikisini də mədəniyyətimizi təbliğ edən məsələlərə ayırmalıyıq.

- Bu gün mədəniyyətimizin təbliğini necə qiymətləndirirsiniz?

- Məni narahat edən məsələlərdən ən əsası da odur ki, mədəniyyətin təbliğini mədəniyyətin başında duran insanlar düzgün anlamırlar. Bu gün elə bil məqsədyönlü şəkildə mənəviyyatımızın, mədəniyyətimizin həqiqi mənada təbliğinə mane olan qüvvələr var. Çoxları elə başa düşür ki, Azərbaycana gələn qonaqların qarşısında uşaqları hazırlayıb rəqs elətdirmək, 5-10 xalçanı götürüb hansısa ölkədə sərgiyə çıxarmaq mədəniyyətin təbliğidir. Əsla belə deyil. Novruz Bayramı istədiyim şəkildə heç bir ölkədə təbliğ olunmur. Bu bayram şəkərbura, paxlava yeyib, rəqs eləməkdən ibarət deyil. Əgər bu gün mən axtarışlarımın nəticəsində ortaya çıxarıram ki, 11-ci sinif şagirdi üç muzeyin adını çəkə bilmir, getməyə həvəsi yoxdur, onda hansı təbliğatdan söhbət gedə bilər?! Servantesin bir fikri var. Deyir, sərvət təkcə ona malik olmaq deyil, ondan məqsədyönlü istifadə etməkdir. Bu gün uşaqlar qətiyyən mütaliə etmirlər. Ev muzeylərinin qapısı tədbirdən tədbirə açılır. Nə qədər düzgündür? Azərbaycana gələn turistlərdən biri Vaqif Mustafazadənin evinə gedirmi? Getmir. Axı aparmaq lazımdır. Təkcə Bulvarı göstərməklə olmaz. 7-8 il öncə tələbələrimlə Vaqif Mustafazadənin ev muzeyinə getmişdim. Utandım. Toz-torpaq içində idi.

- Layihələrinizlə bağlı Mədəniyyət və Təhsil nazirliklərinə müraciət etmisiniz?

- Hər iki nazirlikdə olmuşam. Amma müsbət nəticə görməmişəm. Sonuncu layihəm “Vətənimi sevirəm, sevdirirəm” layihəsi oldu. Bir neçə il davam edəcək. Məqsəd məktəblərimizdə hər hansı bir xarici ölkənin mədəniyyətinə həsr olunmuş tədbirlərin keçirilməsidir. Həmçinin, həmin ölkənin məktəblərində Azərbaycanın mədəniyyətini təbliğ etməkdir. Birinci tədbirimiz Latviya mədəniyyətinə həsr olundu. Payız aylarında da Latviyada tədbirin ikinci hissəsini keçirəcəyik. Ürəyimi ağrıdan məsələlərdən biri də odur ki, bir neçə təşkilatın, hətta yaxşı münasibətdə olduğum qurumların qapısını döydüm. Deyirlər ki, Jalə xanım biz sizi get-gələ salmaq istəmirik. Bizə də deyirlər ki, televiziyalarda tez-tez gördüyümüz insanlara qrant ayırırıq. Bu nə qədər məntiqə uyğundur?! Mən ikinci dəfə həmin qapını döyə bilərəmmi, ləyaqətimə sığışdırarammı?! Xeyr. Təhsilimizin vəziyyəti çox acınacaqlıdır. Hansı məktəbin qapısını açırsan, 4-cü sinifdən yuxarı hamının cibində mobil telefon var. Müəllim oturur dərsdə, uşaqların qulağında qulaqcıq. Klassik musiqimizlə bağlı layihəm var. Bu barədə müsahibə vermişdim. İndi görürəm artıq kimin imkanı varsa başlayıb bu layihəni həyata keçirməyə. Ona görə də layihələrim barədə çox açıqlama vermək istəmirəm. Keçirdiyim layihələr televiziyada, KİV-lərdə işıqlandırılarsa böyük reaksiyaya səbəb olar. “Bağçalarda uşaqlara nə və necə öyrədirik?” adlı layihəm var idi. Məlum oldu ki, ümumiyyətlə bağçalarda çalışan tərbiyəçilərin 90%-nin nəinki ali, heç orta təhsili yoxdur. Kiminsə qohumudur. Müəllimlər uşaqlara heç bir sərbəstlik, sərbəst düşünmə imkanı yaratmır. Uşağın düşüncəsini əlindən alırlar. Uşaqlardan soruşuram ki, sizə hansı mahnıları öyrədirlər? Hamısı deyir, Röyanın, Aygünün, Sevdanın mahnılarını.

- Bu işlə məşğul olan bir vətəndaş kimi Azərbaycan mədəniyyətinin gələcəyini necə görürsünüz?

- Mən əminəm ki, mədəniyyətimiz üçün canını qoymaq istəyən potensiallı vətəndaşlarımız var. Artıq onlarda xəyal qırıqlığı yaranıb deyə geri çəkiliblər. Mənim özümdə də artıq xəyal qırıqlığı yaranır. Belə davam etsə, deyəsən, mən də geri çəkiləcəm. Evdə də mənə irad tuturlar artıq, deyirlər ye, iç, dünyanı gəz. Edə bilmirəm. Bu günədək həyata keçirdiyim bütün layihələrimi öz vəsaitim hesabına reallaşdırmışam. Amma ürəyim istəyən səviyyədə olmur. Vəsaitim olsa daha yüksək səviyyədə keçirərəm. Xalq, millət üçün nə isə etmək istəyirəm. Bu mənim içimdən gəlir, vətəndaşlıq borcumdur. Mənəviyyatın aşınması çox tez olur, amma onu bərpa etmək üçün onilliklər lazımdır. Bu cür getsə, vay halımıza. İctimai qınaq anlayışı leksikonumuzda silinib, başqa anlayışa çevrilib. Dilimizin lüğət tərkibini yenidən işləmək lazım olacaq. “Hörmət” sözünü “rüşvət”, “ziyalı” sözünü “oliqarx”, “biznesmen” əvəz etməyə başlayıb. Efirlərə baxmaq olmur. Əvvəla verilişdə söz deyən, aparıcı kimdir, bu çox böyük əhəmiyyət daşıyır. Evlilik proqramlarında da həmçinin. Aparıcılarımızda nə efir mədəniyyəti, nə efir geyimi deyilən şey yoxdur. Bəzən verilişə gələn gəlinlə bəyi, talibləri elə təqdim edirlər ki, lağa qoymaq kimi. Bura Azərbaycandır, Bakıdır və hamı bir-birini tanıyır, elə o verilişləri aparanları da...

- Mənəviyyatımızın belə sürətlə aşınmasının günahı kimdədir?

- Əgər mənəviyyatdan, mədəniyyətdən danışırıqsa, bunlar insanın birinci evindən formalaşmalıdır. Bizim idealogiyamızın başında duran insanlar var. Onlar Azərbaycan mədəniyyətini tanıda bilən, xidmət edən iş görmürlər. Əksinə, mənəviyyatımız çox yararsız, yarıtmaz insanların əlindədir. İxtiyarımda olsaydı, o əllərdən qoparardım. Gücüm ancaq danışmağa çatır. Qapı da döyürəm üzümə bağlanır. Nazirlikdə oturan insanın öz içində Azərbaycan mənəviyyatına, mədəniyyətinə qulluq eləmək keçirsə bununla da vəziyyət düzələcək. İngiltərədə olanda maraqlandım ki, Səhiyyə Nazirliyi 7 kabinetdən, Mədəniyyət Nazirliyi deyilən qurum 4 kabinetdən ibarətdir. Hərəsində 7-8 insan çalışır. Təəccüb elədim. Nazirlikdə 3 adam çalışa bilər, amma elə çalışa bilər ki, milyonlara xidmət edər. Bu gün Azərbaycanda mənəviyyatımızın aşınmasının, cılızlaşmasının bir başa günahı Prezident Adminstrasiyasından üzü bəri bütün nazirliklərdədir.

- Bir vaxtlar Azərbaycan Demokrat Partiyasının fəal üzvlərindən idiniz? İndi də siyasi fəaliyyətinizi davam etdirirsinizmi?

- 1998-ci ildə ADP-nin üzvü olmuşam. Humanitar məsələlər üzrə müşavir, sonra katib işləmişəm. Bir çox mədəniyyət adamlarının yaradıcılıq gecələrini keçirmişəm, öz vəsaitimlə. Hətta Rəsul Quliyevin adından özüm həmin sənətçilərə portretlərini də hədiyyə etmişəm. Heç onun bundan xəbəri olmayıb. 2000-ci ildə uşaqlarla birgə parkda “Qarabağı sevirik” adlı yerdə rəsm çəkmək layihəsini keçirdim. Polislər gəlib icazə vermədilər. Üç gün sonra Gülər Əhmədova uşaqları yığıb eynilə həmin tədbirdən keçirdi.

- ADP-nin o vaxtkı sədri Rəsul Quliyevlə əlaqələriniz var?

- 2003-cü ildə getdim Rəsul müəllimlə Amerikada görüşdüm. Həmin il prezident seçkilərindən sonra müxalifət partiyası olaraq bərk sarsıntı keçirmişdim. Onda ona dedim ki, bəlkə mən fəaliyyətimi dayandırım. O, qəti etiraz elədi. Dedi ki, mədəniyyətlə siyasət həmişə xalqa birgə xidmət edib. Hətta YAP-ın üzvü olan mədəniyyət adamlarını da dəvət edin, tədbirlər keçirin. Rəsul müəllim üçün böyük sənət adamı var. Onun üçün sənətçinin YAP və ya ADP üzvü olmasının fərqi yoxdur.

- ADP-nin fəal silahdaşı kimi niyə partiyadan getdiniz?

- 2007-ci ildə qurultaydan sonra bir çox məqamlar məni qane etmədi və fəaliyyətimi dayandırdım. Bu cəmiyyətimi yaratdım.

Nigar Məmmədli