“Məni döyüb uşaqların gözü qarşısında alt paltarlarımı balkondan həyətə atırdı”

meni-doyub-usaqlarin-gozu-qarsisinda-alt-paltarlarimi-balkondan-heyete-atirdi
Oxunma sayı: 13875

Bakıda ailə münaqişəsinə görə dəfələrlə döyüldüyünü iddia edən qadın polis müstəntiqinin hərəkətsizliyi və məhkəmənin ədalətsiz qərarına görə iki uşağı ilə küçədə qalmaq təhlükəsi ilə üzləşdiyini bildirir.

“Qafqazinfo”ya müraciət edən vətəndaş Jalə Arzumanova bildirib ki, keçmiş ərinin işçisi ilə sevgili olması onun ailəsini və həyatını alt-üst edib:

“15 il əvvəl Elnur Əliyevlə sevib ailə qurmuşam, ilk illərdə kirayə evdə qalmışıq. Biz evli olanda Nizami rayonunda ev aldıq, özümüz təmir etdirdik. Amma Elnur işinə görə sənədlərlə bağlı gedib-gələ bilmədiyi üçün evi atasının adına almışdı. Daha sonra isə atam mənim adıma ev aldı. Bir neçə il sonra Elnur evə gec gəlməyə başladı, bizimlə maraqlanmadı. 2014-cü ildə bir qızla sevgi yazışmasını gördüm, buna görə dəfələrlə mübahisələrimiz olurdu. Həmin zaman mən qızıma hamilə idim. Sentyabrda qızım olandan sonra Elnurun işində problemlər yarandı. Elnur Əliyev “Sinteks” şirkətinin “Emporium Armani” mağazasının meneceri, yəni mağaza müdiri idi. Onu həmin vaxt mağazadakı yeyinti və saxta mallara görə Səbail rayon prokurorluğuna apardılar. Məlum olmuşdu ki, İtaliyadan mağazaya orijinal mallar, saatlar, qalstuklar filan gəlib. Buradakı mağazada eyni mal Çində istehsal olunan oxşarları ilə dəyişdirilmişdi. Prokurorluqda getdi danışdı, oradan təmiz çıxdı. Amma 2015-ci ilin əvvəlində təkrar yoxlama aparıldı, satışda olan mallardan hətta geyinilmiş qadın alt paltarları aşkarlanmışdı. Həmin vaxt Elnuru MTN-ə apardılar, işi aparan müstəntiqin müəllimi atamın dostu idi, onlar ziyanı ödəyib Elnuru çıxartdırdılar. Ondan sonra Elnur hara müraciət etdisə, bu məsələyə görə işə götürmədilər. Sonradan mən öyrəndim ki, Elnur mağazadakı satıcısı N. Quliyeva ilə sevgi münasibətində olub. Bütün bunları da həmin qıza görə edib. Sonra da onu özünə köməkçi götürdü. Elnur İtaliyaya mal gətirməyə gedəndə həmin qızı da özü ilə aparırdı, oteldə bir otaqda qalırmışlar”. 

J.Arzumanova bildirib ki, boşanandan sonra keçmiş əri evi əlindən alıb uşaqları ilə birgə evdən çıxartmaq istəyir:

“Elnur uzun müddət işsiz qalandan sonra ABŞ-a qardaşının yanına gedib bizneslə məşğul olması qərarına gəldik. Əlimizdə pul olmadığı üçün atamın mənə aldığı evi, evliliyimiz dövründə aldığı maşını və qızıllarımı satıb 100 minə yaxın pul düzəltdi və ABŞ-a getdi. Amma gedəndən sonra bizlə əlaqə saxlamırdı. Getmədən əvvəl mənə demişdi ki, onunla əlaqəsini kəsib. Mənim sosial şəbəkələrdən məlumatım yoxdur. Bir dəfə “Linkedin”ə girib Elnurun profilinə baxdım. Gördüm ki, N. Quliyeva məşhur “Mall”ların birində yerləşən “Mark Jacobs” mağazasının meneceri olub, Elnur da onu təbrik edib. Mən başa düşdüm ki, onlar ayrılmayıb. 2019-cu ilin martında Bakıya qayıtdı, başladı məni dəli etməyə. Evdə dava salıb uşaqların gözü qarşısında alt paltarlarımı balkondan həyətə atırdı. Məni döyürdü, uşaqlar da qorxub stolun altına girirdi. Hər ikisinin əsəbləri pozulub, 13 yaşlı oğlum məktəbdə qollarını cırmışdı. 

Elnurun qızla yazışmasını tutdum, məni vurub yerə yıxdı, başladı təpikləməyə. Qızım stolun altına girib ağlayırdı, oğlum arxadan onun üstünə atılıb dedi ki, “səni öldürəcəm, mamadan əl çək”. Sonradan öyrəndim ki, Elnur N-nı ABŞ-a aparmaq üçün gəlib. Amma səfirlik ona viza verməkdən imtina etdi. Ondan sonra Elnur boşanmaya müraciət etdi və bizi evdən çıxarmağa başladı. 

İstəyir ki, məni iki uşaqla evdən çıxarsın, sevgilisi ilə evlənib burada qalsın. Bu söhbətə görə bir dəfə məni döyəndə qaçıb qonşunun evində gizləndim. Məni döyməyinə görə dəfələrlə 24-cü bölməyə şikayət etmişik. Sonuncu dəfə anası və bacısı ilə birgə evə gəlib məni döydülər, sonra da dəlixanadan həkim çağırmışdılar ki, məni ora yerləşdirsinlər və evi əlimdən alsınlar. Oğlum dərsdən gələndə bunların məni döydüyünü görüb geri qaçmışdı, atama zəng edib məlumat vermişdi. Onlar da polisə demişdilər. Elnurun anası məni boğanda onun qolunu dişləyib əlindən çıxdım və balkona qaçıb özümü atmaq istədim. Həmin vaxt polislər gəldi, məni bölməyə apardılar. Dəlixanadan gələn həkim də bölməyə gəlmişdi. Orada mənlə söhbət etdilər, həkim dedi ki, “bunu yox, bizi bura çağıranı dəlixanaya aparmaq lazımdır”.

Bu hadisəyə görə Nizami Rayon Prokurorluğu Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başladıb Nizami Rayon Polis İdarəsinə göndərdi. Amma polis idarəsindəki müstəntiq Şirxan Allahverdiyev bir ildir heç bir iş görmür. Heç kimi dindirmir, hətta məni hədələyir ki, Elnurun anasının qolunu dişlədiyin üçün səni həbs edəcəyik. Elnur da Şirxana arxayın olub istədiyi kimi hərəkət edir, onunla bağlı istintaqın hərəkətsiz qalması mənim həyatımı təhlükəyə atır. Elnur mənim evimi, qızıllarımı xərcləyib, indi qaldığım ev də nikah dövründə alınıb. Amma Elnur evi atasının adına aldığı üçün məhkəməyə deyir ki, ev ona atasından miras qalıb. Evlənmədən əvvəl mən özəl şirkətlərdə işləyirdim, sonra isə “Azərenerji”də işlədim. Amma ailə həyatı qurandan sonra Elnur işləməyimə icazə vermədi, o vaxtdan bəri işsizəm. Buna görə maddi sıxıntılar çəkirəm. İndi də məni iki uşaqla çölə atıb onunla evlənib burada yaşamaq istəyir. Mənə də deyir ki, polislə də, məhkəmə ilə işimi həll etmişəm. Buna görə də bir neçə gün əvvəl Bakı Apellyasiya Məhkəməsi qərar çıxardı ki, mən evi boşaldıb Elnura təhvil verim, özüm uşaqlarımla evdən çıxım. Bu evi biz birgə almışıq, mən evdən çıxıb iki uşaqla harda qalım?"

Murad Əhməd

Nuran Məmmədov