“Mənim öz evimdə xəstəliyə nə qədər yoluxan oldu”

“Mənim öz evimdə xəstəliyə nə qədər yoluxan oldu”
Oxunma sayı: 7287

Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayılın “Qafqazinfo”ya müsahibəsi:

- Hamı gileylənir ki, karantin qaydaları yumşaldıqdan sonra virusun yoluxmasında xeyli artım var.

- Bəli, karantin qaydalarında yumşalma olduqdan sonra yoluxma hallarının artımı doğrudur. Ancaq bu məqam var ki, səhiyyə sistemimiz də bu artıma hazırdır. 

Burada xəstə qəbulu ilə bağlı bəlli rəqəm var. Görsələr ki, həmin rəqəm aşılır, qaydalar yenidən sərtləşdiriləcək. Hazırda yoluxma prosesi nəzarət altında gedir. Onsuz da hamı yoluxacaq, indi də bəlli miqdarda insan yoluxmalıdır və bu, onların pisliyi üçün edilmir. Hazırda sağaldılmış xəstə statistikası çox yaxşıdır. 

- Artıma səbəb insanlarda virusa qarşı inamsızlığın yaranması ola bilər?

- İnsanlarımızda inamsızlıq yox, bezginlik var. Çox qəribə bir hal yaranıb. Artıq insanlar sosial məsafəni gözləməyə də çalışmır. Sadəcə ictimai nəqliyyatda yox, gündəlik həyatda da insanlar bu qaydalara əməl etmirlər. 

- Yoluxmadan yoluxmaya fərq var demisiz. Bu fərqin insanların xəstəliyi keçirmə prosesinə nə kimi təsiri var?

- Yoluxmanın formasının çox böyük təsiri var. Onsuz da hamı bu virusa yoluxacaq. Bir var insana 70 virus keçsin, bir də var ki, 7 min. İkisinin də test cavabı müsbətdir. Sosial məsafəni qoruyan, gigiyenik qaydalara əməl edən insanlara virus az miqdarda keçəcək. O, xəstələnmədən virusa qarşı immunitet qazanacaq. Ancaq digər şəxslərə çox virus keçəcək və immuniteti nə qədər güclü olsa da, yenə də xəstələnib ciddi fəsadlarla qarşı-qarşıya qala bilər. 

İki aydan çoxdur ki, insanlara sosial məsafə anlayışını tətbiq etməyə çalışırlar. Hamı uymur, amma əksəriyyət uyur. Gigiyenik qaydalara əməl etmək üçün çox pul xərcləməyə ehtiyac yoxdur ki... Su və sabun hər yerdə var. 

Bu qaydalara əməl edən insanlara virus yoluxmayacaq demirik, yoluxacaq. Ancaq çox az, 30, 100, 150. Elə virusa az yoluxanların ötürdüyü virus sayı da az olacaq. 

- Virusa yoluxmaq xəstələnmək deməkdir?

- Hər virusa yoluxan xəstələnmiş sayılmır. 100 yoluxandan maksimum 20-si xəstələnə bilər. Həmin şəxsin sağlamlıq dərəcəsindən asılı olaraq vəziyyəti dəyişəcək.

- Virusa az yoluxanların digərlərinə yayma faizi də ona adekvat olaraq dəyişir?

Yoluxucu xəstəliklərin minimal yoluxdurma deyə bir dəyəri var. Bu dəyər nə qədər aşağı olarsa, o qədər tez immunitet qazanır. 

Bir ara məqalələr çıxdı ki, virus yoluxduqca təsiri azalır, daha sonra bunun tam əksini iddia edən məqalələr də çıxdı. 

Onsuz da, hava-damcı yolu ilə keçən viruslar hamıya yoluxacaq, bunun başqa çarəsi yoxdur. Uşağından tutmuş böyüyünə qədər. Burada əsas məsələ odur ki, yoluxduğu zaman xəstələnməsin, xəstələndiyi zaman tibbi yardım göstərilə bilinsin.

- Hazırkı vəziyyəti necə qiymətləndirirsiz?

- Hazırda vəziyyət birmənalı olaraq nəzarət altındadır. 

Çox ölkə bu virusa hazırlıqsız yaxalandı. Elə Azərbaycan da hazır deyildi, ancaq çox sürətlə özünü toparladı və ortaya çox yaxşı rəqəmlərlə çıxa biləcək sistem qoydu. Çox ciddi xəstələnənlər oldu, ancaq onların çoxu sağaldıla bildi.

Virusun yayılma sürətinə görə birinci dalğanı keçmişik. Ancaq ikinci dalğa 3 ay sonra yəni, avqust-sentyabr aylarına gözlənilir. Ümumilikdə koronavirusun 3 dalğasının olması və üçüncüdən sonra sönməsi gözlənilir. 

- Artıq peyvəndlərlə bağlı da müəyyən fərziyyələr irəli sürülür. Bildirilir ki, bu zaman çip qoyulacaq. Belə olan halda yəqin ki, peyvənddən imtina etmə halları olacaq və bununla bağlı da problemlər yaşana bilər.

- Əgər peyvənd tapılsa, bu, məcburi şəkildə hamıya vurdurulacaq. Artıq "istəmirəm", çip söhbətləri keçməyəcək. 

İnsanlar şayiələrə inanmağı sevir. Hətta mən həkimlər arasında virusa inanmayanları görmüşəm. Ancaq Azərbaycanda həkimlər arasında o qədər yoluxma, ölüm halı oldu ki, artıq inanmayanlar əvvəlki kimi cəsarətlə bu sözü deyə bilmir. Mənim öz evimdə xəstəliyə nə qədər yoluxan oldu. Ölümdən dönənlər oldu. Hazırda vəziyyətləri yaxşıdır. Gələcəkdə necə olacaq bilmirik. 

Günel Hacı


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi