“Yüksəkixtisaslı insan kapitalının yetişdirilməsi üzrə fəaliyyət qlobal beynəlxalq İT şirkətlərinin ölkəmizə cəlb olunması ilə birgə vəhdət halında icra edilməkdədir. Məqsəd yalnız həmin şirkətlərin Azərbaycanda fəaliyyət göstərməsi deyil, eyni zamanda yerli insan kapitalının inkişafına real və davamlı töhfə verməkdir”.
“Qafqazinfo” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Kibertəhlükəsizlik Mərkəzinin 6-cı məzun günü tədbirində çıxışı zamanı deyib.
O qeyd edib ki, bu şirkətlərin ölkəmizə gəlməsi ilkin bilik və bacarıqlara malik mütəxəssislərimizin işlə təmin olunmasına, onların real iş mühitində təcrübə qazanaraq daha güclü peşəkar bilik və bacarıqlara yiyələnməsinə geniş imkanlar yaradır: “Eyni zamanda, bu əməkdaşlıqlar vasitəsilə mütəxəssislərimizin xarici ölkələrdə həmin şirkətlərin icra etdiyi beynəlxalq layihələrə cəlb olunması təmin edilir ki, bu da bilik və təcrübə mübadiləsi ilə yanaşı, ölkəmizə valyuta axınlarının dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə həyata keçirilən layihələr arasında xüsusilə “Andersen Lab” və “EPAM Systems” şirkətləri ilə əməkdaşlıqları vurğulamaq istərdim.
“Andersen Lab” şirkətinin Azərbaycanda rəsmi mərkəzi artıq fəaliyyət göstərir və ölkəmizdə peşəkar kadrların hazırlanmasına öz töhfəsini verir. Texnopark rezidenti statusu ilə fəaliyyət göstərən bu mərkəz Azərbaycan İnnovasiya Mərkəzi çərçivəsində yaradılıb. “Andersen Lab” ilə həyata keçirilən proqram çərçivəsində 210 nəfər təlimə cəlb olunub, hazırda isə 125 nəfər təlim prosesindədir. Xüsusilə vurğulamaq istərdim ki, bu proqram çərçivəsində seçilmiş iştirakçılar yalnız təlimlə kifayətlənmir, eyni zamanda “Andersen Lab” şirkətində işlə təmin olunmuş, onlarla əmək müqavilələri bağlanmış və real iş mühitində peşəkar inkişaf etməkdədirlər. Proqramı uğurla tamamlayan mütəxəssislər “Andersen Lab” şirkətində fəaliyyətlərini davam etdirəcək və şirkətin reallaşdırdığı qlobal layihələrin birbaşa iştirakçıları olacaqlar”.
Nazir müavini əlavə edib ki, burada məqsəd təlimlə məşğulluğun paralel şəkildə aparılmasının effektiv modelini formalaşdırmaqdır: “Eyni zamanda, rəqəmsal inkişaf və İT konsaltinq sahəsində dünya liderlərindən biri olan “EPAM Systems” şirkətinin Azərbaycanda fəaliyyətə başlaması da beynəlxalq əməkdaşlıq baxımından mühüm hadisədir. Bu nümayəndəlik yalnız əməliyyat funksiyalarını yerinə yetirməyəcək, eyni zamanda innovasiya mərkəzi kimi fəaliyyət göstərərək irimiqyaslı rəqəmsallaşma layihələrinin icrasını təmin edəcəkdir.
Bu sahədə aparılan işlərin davamı olaraq, diqqəti Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyətinə yönəltmək istərdim. Mərkəz öz fəaliyyəti vasitəsilə strateji sənədlərdə müəyyən edilmiş hədəflərin icrasını təmin edir və həyata keçirdiyi layihələr kibertəhlükəsizlik sahəsində insan kapitalının inkişafına və milli ekosistemin möhkəmləndirilməsinə mühüm töhfə verir.
Qürurla deyə bilərik ki, bu günə qədər 360-a yaxın şəxs red və blue team, yəni hücum və müdafiə üzrə təlimləri başa vurub və onların 86 faizi artıq müvafiq sahədə işlə təmin olunub. 120 nəfər dövlət və özəl sektorda çalışan mütəxəssis ixtisasartırma proqramlarında iştirak edib, 53 qurumda kibermaarifləndirmə təlimləri təşkil olunub, 7 minə yaxın şəxs kibergigiyena üzrə biliklərini artırıb. 200-ə yaxın rəhbər şəxs üçün kibermaarifləndirmə təlimləri keçirilib. Bu təlimlər də kibertəhlükəsizliyə yalnız texniki deyil, eyni zamanda idarəetmə və strateji səviyyədə yanaşmanın vacibliyini göstərir.
Akademik istiqamətdə də mühüm addımlar atılıb. Bu çərçivədə ali və peşə təhsili müəssisələri ilə əməkdaşlıq əlaqələri qurulub. Əməkdaşlığın əsas məqsədi ali və peşə təhsili müəssisələrində kibertəhlükəsizlik və əlaqəli sahələr üzrə tədris olunan fənlərin sillabuslarının beynəlxalq tələblərə uyğun şəkildə təkmilləşdirilməsi, tələbə və müəllim heyətinin qabaqcıl beynəlxalq bilik və təcrübələrlə təmin edilməsidir. Bu əməkdaşlıq çərçivəsində 5 ali təhsil müəssisəsində 7 fərqli fənn üzrə tədris həyata keçirilib, 3 kibertəhlükəsizlik məhsulunun hazırlanmasına dəstək göstərilib və 3 beynəlxalq yarışa hazırlıq proqramı uğurla icra olunub”.
Gülnar Əliyeva