“Ulduz” jurnalı ilə “Qafqazinfo”saytının aylıq layihəsi
İlham Abbasovun təqdimatında
Moris Meterlink. Simvolizmin İlk Nobel Mükafatçısı
1911-ci ildə ədəbiyyat üzrə on ikinci Nobel mükafatı fransız dilində yazan Belçika şairi, dramaturqu və esseisti Moris Meterlinkə (Moris Polidor Mari Bernar Meterlink) verildi. Nobel Komitəsinin qərarında onun bu mükafata “çoxcəhətli ədəbi fəaliyyətinə, ilk növbədə isə təxəyyül zənginliyi və poetik fantaziyanın qüdrəti ilə diqqəti çəkən dram əsərlərinə görə” layiq görüldüyü qeyd olunurdu.
M.Meterlink Nobel laureatları sırasında Belçikanın ilk təmsilçisi olmaqla yanaşı, həm də XIX əsrin sonu – XX əsrin ilk onilliklərində Avropa incəsənətində aparıgı rol oynayan və yaradıcılıq mühitinə təsirini bu günəcən itirməmiş simvolizm ədəbi-estetik cərəyanının ilk nümayəndəsi idi.
Simvolizmin estetik doktrinasının əsas prinsipi sənətdə həyat həqiqətlərinin simvol səviyyəsində ümumiləşdirilmiş obrazlar vasitəsilə əks etdirilməsindən və bunun müvafiq dil üslubu ilə ifadə edilməsindən ibarətdir. Reallığın inikası üsuluna görə romantizmə bağlanan simvolizmin ideya kökləri idealist fəlsəfənin A.Şopenhauer, İ.Hartman və qismən də F.Nitsşe kimi nümayəndələrinə gedib çıxır. Simvolistlər poetik simvolu adi bədii obrazlılıqdan daha üstün tutur və həyatın bədii qavrayışı üçün daha təsirli hesab edirdilər. Simvolizmin ideya başlanğıcı cəmiyyətdəki böhran proseslərindən qidalansa da, onun bir çox görkəmli nümayəndələrinin, o cümlədən M.Meterlinkin yaradıcılığı insanlığın mənəvi tərəqqisinə xidmət edir və ümumbəşəri dəyər kimi qiymətləndirilir.
M.Meterlink 1862-ci il avqustun 29-da Belçikanın Hent şəhərində varlı flamand ailəsində doğulmuşdur. Onun atası şəhərin notariusu idi, babası da ölkənin tanınmış hüquqşünası olmuşdu. Belçika əhalisinin xeyli hissəsi kimi Morisgilin ailəsi də fransızdilli idi və sonralar M.Meterlink ədəbi əsərlərinin, demək olar ki, hamısını məhz bu dildə yazmışdı.
İlk təhsilini katolik kilsəsi nəzdindəki yezuit kollecində alan Moris bədii yaradıcılığa da kiçik yaşlarından başlamışdı. Lakin onun ilk qələm təcrübələrindən bizim günlərə yalnız bəzi fraqmentlər gəlib çatmışdır, çünki peşəkar yaradıcılığa başlayandan sonra o özü ilk gənclik illərində yazdıqlarının çoxunu yandıraraq məhv etmişdi. Onun ilk mətbu şeiri isə 1883-cü ildə dərc olunmuşdu.
Dini təhsil almasına baxmayaraq, ömrü boyu ateist əqidəli olan Moris kollecdə ən cox ədəbiyyat fənninə həvəs göstərirdi, ancaq ata-anası onun ailə ənənəsini davam etdirərək hüquq təhsili almasını istəyirdi. O, valideynlərinin iradəsinə tabe olsa da, həyatını hüquqçuluğa deyil, ədəbi yaradıcılığa həsr etdi. 1885-ci ildə Henk Uni¬versi¬tetinin hüquq fakültəsini bitirəndən sonra ixtisası üzrə biliklərini təkmilləşdirmək üçün onu Parisə göndərdilər, lakin burada keçirdiyi altı ayı bütünlüklə ədəbiyyata həsr etdi. Parisdə Fransanın gənc simvolist şairləri ilə yaxınlaşan Moris bədii yaradıcılığa daha dərindən bağlanır. Yeni dostlarının təsiri ilə onun yaradıcılıq üslubunda simvolist təmayülün ilk elementləri görünməyə başlayır. Tanınmış Fransa şairi Vilye de Lil-Adanın məsləhəti ilə XIV əsrin mistik flamand klassiki Yan van Rausburkun yaradıcılığı ilə tanış olur. Milli koloritin və mistik düşüncənin mənimsənilməsi baxımından onun yaradıcılıq manerasının formalaşmasına bu faktın da ciddi təsiri olur. Sonralar, 1891-ci ildə M.Meterlink Y.Rausburkun “Dini kəbinin məziyyəti” əsərini flamandcadan fransız dilinə tərcümə edir.
Parisdən qayıtdıqdan sonra bir müddət atasının notariat kontorunda ixtisası üzrə işləsə də, bədii yaradıcılığa olan həvəs üstün gəlir və 1886-cı ildə Parisdə çıxan “Pleyada” jurnalında onun “Günahsızların qətli” adlı ilk hekayəsi dərc edilir, 1889-cu ildə isə “Şüşəbəndlər” adlı ilk şeir kitabı nəşr olunur. Elə həmin ildə M.Meterlink sənət yolunun əsas istiqamətini müəyyənləşdirərək nağıl süjetli “Şahzadə Malen” adlı ilk dram əsərini yazıb tamamlayır. Əsər cap olunduqdan sonra dövrün ən nüfuzlu fransız tənqidçisi Oktav Mirbo “Fiqaro” qəzetində “Şahzadə Malen” haqqında təqdiredici yazı dərc etdirir. O.Mirbo heç kəsin tanımadığı gənc yazıçının ilk əsərini “şedevr” adlandıraraq onu Uilyam Şekspirlə meqayisə edir. Bu cür yüksək dəyərləndirmədən sonra daha da ruhlanan M.Meterlink hüquqçu karyerası ilə birdəfəlik vidalaşır və ömrünü bütövlüklə bədii yaradıcılığa həsr edir.
Sonrakı illərdə M.Meterlink bir-birinin ardınca “Çağırılmamış qonaq” (1890), “Korlar”(1890), “Yeddi şahzadə”(1891), “Peleas və Meliandra”(1892) pyeslərini yazır. Birinci əsərdə o, ilk dəfə olaraq tənhalıq və ölüm mövzusuna müraciət edir, ikincidə bu ideya meşədə azmış korların rəmzində metaforik tərzdə davam etdirilir. Sonrakı iki əsər isə faciəvi məhəbbət mövzusundadır. Bu pyeslərin hamısını birəşdirən cəhət nağıl poetikasının aparıcı rol oynamasıdır. Onun peşəkar yazıçı kimi qələmə aldığı ilk əsərlər həyatı simvolizmin estetik prinsipləri zəminində əks etdirirdi. Bu pyeslərdə gənc dramaturq həyatda öz yerini və xoşbəxtliyini axtaran, lakin tapmayaraq məyusluğa qapılan küskün insanların faciəvi gün-güzəranını və psixoloji sarsıntılarını təsvir etmişdir.
M.Meterlink 1894-cü ildə kukla teatrı üçün üç birpərdəli pyes yazır: “Alladina və Palomed”, “Orada – içəridə”, “Tentajilin ölümü”. Kükla teatrı fomasına müraciət etməsinin səbəbini müəllif özü belə izah edir ki, simvolist məzmun və ideyaları ifadə etmək üçün kuklalar canlı aktyorlardan daha münasibdir. Onun dramaturgiyasının birinci mərhələsinin əsaında duran yaradıcılıq konsepsiyasına görə, insan həyatı oz-özlüyündə faciəvidir və bu tragizm hansısa böyük kolliziyalarda yox, ölümə məhkum olan hər bir adi insanın gündəlik mövcudluğundadır. Sonralar dünyada J.P.Sartr, A.Kamyu, S. de Bovuar, H.Marsel kimi nümayəndələrinin adları ilə şöhrət tapan ekzistensializm ədəbi-fəlsəfi cərəyanının daha geniş və daha dərin ifadə edəcəyi bu ideyanı ədəbiyyatda ilk dəfə məhz M.Meterlink əks etdirmişdir. Bu fikirlər yazıçının 1896-cı ildə nəşr olunmuş “Mütilərin xəzinəsi” adlı esselər kitabının əsas ideyasını təşkil edir.
1895-ci ildə tale M.Meterlinki müğənni və aktrisa Jorjetta Leblan ilə rastlaşdırdı. Onların 25 il davam edən birgə həyatı ərzində yazıçını gündəlik məişət qayğılarından azad edən, ən yaxın köməkçisinə çevrilən J.Leblan həm də onun bu dövrdə yazdığı pyeslərin çoxunda əsas qadın rollarının ifaçısı olnuşdu. Əsasən ənənəvi üslubda yazılmış bu pyeslər – “Aqlavena və Seliretta”(1996), “Peatrisa bacı”(1900), “Ariana və Göysaqqal”(1901), “Monna Vanna”(1902), “Juazel”(1903) dramları müəllifin simvolist əsərləri qədər parlaq olmasalar da, onun yaradıcılığında ayrıca bir mərhələ təşkil edir. Məsələn, “Monna Vanna” pyesində dramaturq həyat və ölüm mövzusunu davam etdirərək cəmiyyət və tarixdə insanın yeri problemini, qəzavü-qədərin insan taleyindəki məşum rolunu nisbətən real vasitələrlə araşdırır.
1896-cı ildə ikinci şeir kitabını nəşr etdirən M.Meterlink xanımı ilə birlikdə daimi yaşamaq üçün Parisə köçür və elə həmin il burada onun ədəbi-estetik görüşlərini əks etdırən esse və traktatlardan ibarət “Mütilərin xəzinəsi” kitabı isıq üzü görür. Kitaba daxil edilmiş məqalələr artıq ədəbi mühitdə nüfuz sahibi sayılan M.Meterlinkin ədəbi və estetik mövqeyini dolğun şəkildə nümayiş etdirirdi. Məsələn, onun fikrincə, anlasılmaz, dərkolunmaz ölüm qarşısında insan həmişə tənha və köməksizdir. Və ölüm xofunu dəf etmək üçün yeganə əlac gündəlik həyatında bu barədə düşünməməkdir. Eləcə də həyat haqqında da düşünməmək lazımdır ki, onun mənasızlığı, dəyərsizliyi səni ruhdan salmasın.
M.Meterlinkin nəzəri görüşlərində bu cür nəticələrə gəlməsi o vaxta qədərki ədəbi yaradıcılıq təcrübəsində əks olunmus ideyalara əsaslanırdı. Onun 1889-cu ildə yazdığı ilk dram əsəri “Şahzadə Malen” pyesi kohnə alman nağılının süjetinə əsaslanır. Bu əsərdə ümidsizlik və faciəvilik ideyası aparıcı motiv olaraq götürülmüşdür. Saray mühitinin təsvirində və Malenin nişanlısı şahzadə Yalmar surətinin xarakterində böyük ingilis dramaturqu U.Şekspirin ölməz “Hamlet” faciəsinin təsiri duyulur. Şübhəsiz, ədəbi tənqidin M.Meterlinki U.Şekspirə bənzətməsində bu amilin də təsiri var idi. Müəllif bu əsərdə günahsız yerə təqib olunan məsum bir qızın taleyi simvolunda insan həyatının puçluğu ideyasını əks etdirmişdir. Kral sarayını əhatə edən və əsər boyu tez-tez xatırladılan qəbiristanlıq mövzusu ölümün simvolu kimi pyesin əsas motivinə çevrilir. Ümumiyyətlə, ölüm bir simvol olaraq M.Meterlinkin ilk pyeslərinin baş qəhrəmanı kimi görünür.
“Korlar” pyesində gözdən əlillər üçün sığınacaqda yaşayan, qoca bələdçinin gəzintiyə apardığı bir dəstə kor kişi və qadının başına gələn faciəvi hadisədən bəhs olunur. Bələdçilik edən qoca keşiş onları meşədə yiyəsiz qoyaraq harasa çıxıb gedir. Onlar əlacsız halda oturaraq bələdçinin qayıtmasını gözləyirlər, lakin o gəlib çıxmaq bilmir. Bu sükut və qaranlıq içində təlaşa düşən korlar ətraf aləmlə əlaqəni tamam itirirlər. Onların qorxusu get-gedə artır və həyəcanlarını boğmaq üçün rabitəsiz söhbətlər edərək öz tənhalıqları haqqında danışır, dünyanın, hətta öz mövcudluqlarının mənasını anlamadıqlarını söyləyirlər. Nəhayət, onlar vahimə və dəhşət içində belə qənaətə gəlirlər ki, bələdçi onları atıb gedib. Çaşqınlıq içərisində qalan binəvalar əlləri ilə ətrafı axtarıb öyrənməyə çalısırlar və onlardan biri bələdçinin – qoca keşişin meyitini tapır. Sən demə, o sakitcə ölüb, onlar isə bundan xəbər tutmayıblar və bütün bu müddət ərzində bələdçinin cəsədi korların arasında imiş. Sonra onlar qorxu içində kiminsə yaxınlaşan addım səslərini eşidirlər. Qərara gəlirlər ki, bu kimdirsə, dəhşətli bir varlıqdır - yəqin ki, Ölümdür.
Bu əsərlə M.Meterlink həyat amalını, yaşamağın mənasını, yolu və səmti itirərək bir dəstə kora çevrilmiş bəşəriyyətin simvolik obrazını yaratmışdır. Əsrlər boyu insanlıq üçün bələdçi, xilaskar missiyasını yerinə yetirən dini inanc da (qoca keşişin rəmzində) artıq sakitcə, hiss olunmadan ölərək insanları tərk etmişdir. Və belə bir situasiyada bəşəriyyət də məhvə məhkumdur.
M.Meterlinkin bədbin ruhlu digər bir əsəri “Orada – içəridə” pyesidir. Bu əsərdə miskin görünüşlü bir evin qarşısında çaşqın vəziyyətdə dayanıb qalmış iki nəfər təsvir olunur. Onlar pəncərədən içəri boylanaraq sakinlərin nə işlə məşğul olduqlarını seyr edir, lakin tərəddüd edərək içəri girməyə qərar verə bilmirlər. Məsələ bundadır ki, onlara dəhşətli bir xəbəri sakinlərə çatdırmaq həvalə olunub – bu ailənin gənc bir qızı özünü göldə batıraraq imtihar edib. Bundan bixəbər olan ailə üzvləri isə deyib-gülür, əyləncə içində öz gündəlik həyatlarını yaşayırlar. Buna görə də pəncərə önündəki adamlar orada – içəridə baş verənlərlə bağlı bu qədər həyəcan keçirirlər.
Təsvir olunan mənzərə həyatın faciəviliyini, etibarsızlığını əyani şəkildə göstərməyə xidmət edir. Müəllif demək istəyir ki, hər bir evdə istənilən anda faciə baş verə bilər, çünki biz hətta ən yaxınlarımızın belə qəlbində, orada – içəridə nələr baş verdiyindən xəbərdar deyilik. İntihar etmiş qız qapalı bir insan imiş və yaxın adamlarından heç birinin onun qəlbinin dərinliyində hansı hisslərin tüğyan etdiyindən xəbəri yox imiş.
Nəhayət, bəd xəbəri gətirənlərdən biri cəsarətlənərək içəri girir və əsərin finalında ailə üzvlərinin bu qəfil ölüm xəbərini necə qarşılayacağına tamaşa etmək üçün bütün kənd camaatı pəncərə önünə toplaşır.
“Çağırılmamış qonaq” pyesində də bir ailənin faciəli gün-güzəranı təsvir olunur. Gənc qadın dünyaya uşaq gətirən zaman vəfat edib. Amansız ölüm çağırılmamış qonaq kimi bu zavallı insanların həyatına daxil olub. Bütün ailə üzvləri bir masa arxasında oturaraq ümidsiz düşüncələrə dalıblar. Küləyin ürəkləri üşüdən vıyıltısı eşidilir. Qəfildən ölüm simvolu olan qara külək qapını zərblə açaraq evin közərən çırağını söndürür.
Böyük istedad sahibi olan gənc dramaturqun geniş oxucu və tamaşacı kütləsi içərisində sürətlə şöhrət, populyarlıq qazanmasının səbəbi əsərlərində insanları maraqlandıran mövzuları, narahat edən problemləri əks etdirməyi bacarması idi. Dövrün keşməkeşli hadisələrindən, mənəvi böhranlarından təngə gəlmiş ziyalı təbəqəsi də onun ideyalarını qəbul edirdi. Buna görə də M.Meterlinkin məhəbbətin ölüm üzərində qələbəsini vəsf edən sonrakı pyesləri müəllifə daha böyük nüfuz qazandırdı. Dramaturq və mütəfəkir kimi yetkinləşdikcə o, əsərlərindəki ümidsizlik və bədbinlik notlarını tədricən dəf edərək onları həyatsevərlik və optimizm ideyaları ilə əvəz etməyə başlayır. Nağıl süjeti əsasında yazılmış “Ariana və Göysaqqal” pyesində əsərin baş qəhrəmanı Ariana artıq şərə qarşı fəal mübarizəyə qalxır. Bu işdə ətraf kəndlərin sakinləri də ona kömək edirlər. Beləliklə, bu dövrdən başlayaraq M.Meterlinkin əsərlərində sosial motivlər də müşahidə olunur.
“Müqəddəs Antoninin möcüzəsi” pyesində isə artıq realist, hətta satirik detallar ön plana çıxmağa başlayır. Əsərin maraqlı bir süjet xətti var: Dünyadan köçmüş varlı bir qadının tabutu başına toplaşmış qohum-əqrəbası heç bir hüzn hissi keçirmədən ancaq mərhumun var-dövlətini ələ keçirmək barədə düşünür və didişməyə hazırlaşırlar. Qadının ölümünə yalnız gənc qulluqçu qız acıyır və göz yaşları içində dua edərək onun həyata qaytarılması üçün Allaha yalvarır. Uca Tanrı qızın yalvarışlarını eşidir və Müqəddəs Antoni qadını diriltmək məqsədilə zühur edir. Yalnız sərvət hərisliyi ilə yaşayan qohumlar Müqəddəs Antoninin istəyinə qəti etiraz edirlər və onu qovmaq üçün polis çağırırlar. Onların müqavimətinə baxmayaraq, Antoni qadını dirildir və qadın dirilən kimi Müqəddəs Antonini üst-başından dilənçiyə oxşadaraq dərhal qovulmasını tələb edir. Antoni ilə birgə onu çağırmış qulluqçu qızı da günahlandıraraq qovurlar. Beləliklə, mistik əfsanə süjeti satirik komediya mövzusuna çevrilir.
M.Meterlinkin dram əsərləri içərisində bu pyes Azərbaycan ədəbi mühiti üçün xüsusi, bir az da qalmaqallı məna kəsb edir. Məsələ bundadır ki, son vaxtlar bəzi ağzıgöyçək “ədəbiyyat xadimləri” böyük Mirzə Cəlilin ölməz “Ölülər” əsərinin süjetinin bu pyesdən götürüldüyünü, daha doğrusu, plagiat olduğunu iddia edirlər. Nə demək olar? Görünür, həmin fikri söyləyənlər nə M.Meterlinkin əsərindən (əgər oxuyublarsa), nə də “Ölülər”dən heç nə anlamayıblar. Əvvəla, fırıldaqçı “şeyxdən” fərqli olaraq, Müqəddəs Antoni ölünü həqiqətən dirildir. Cahillər bilməsə də, bilənlər yaxşı bilir ki, xristian mistiksında ölü diriltmək ecazı geniş yer tutur və bu missiya ilk növbədə İsa peyğəmbərin öz adı ilə bağlıdır. İsa Məsihin ölmüş Lazara öz nəfəsi ilə yenidən can verməsi əhvalatı müqəddəs “İncil”in ən maraqlı epizodlarından biridir. Bu əməl Allahın iltifatı sayılır və kinayə mövzusu ola bilməz. Yeri gəlmişkən, peyğəmbərin bu möcüzəsi İslam ilahiyyatında da birmənalı şəkildə qəbul edilir və əsrlər boyu ədəbi qaynaqlarda da öz təsdiqini tapmışdır. Füzulini yada salaq: “Çün Məsihi-vəqtsən, can vermək asandır sana.” Yaxud Seyid Əzimdə: “Tut bərabər dəmi-İsayə müğənni dəmini”...
Cəlil Məmmədquluzadə isə öz əsərində ölülərin “dirildilməsi” fikrindən möhtəkirlik vasitəsi kimi istifadə edən fırıldaqçıları ifşa edir. Bu hiyləyə aldanan, özləri də düz əməl sahibi olmayan nadan insanları isə acı bir sarkazmla “ölülər” adlandıraraq daha kəskin satira atəşinə tutur.
Ümumiyyətlə, “Ölülər”lə müqyisədə “Müqəddəs Antoninin möcüzəsi” həm ideya-məzmun, həm də bədii-estetik cəhətdən çox balaca görünür. Adi məişət intriqası üzərində qurulmuş bu komediyadan fərqli olaraq, Mirzə Cəlilin əsərində öldürücü ictimai satira və dərin fəlsəfi tragizm var. “Ölülər”in məzmunu milli zəminə, ideyası isə milli varlığa bağlıdır və bu əsərlər arasında bənzərlik “Qurbanəli bəy” ilə rus yazıçısı N.V.Qoqolun “Kolyaska” hekayəsi arasındakı oxşarlıqdan artıq deyil. Bu tipli detallara əsaslanaraq fikir söyləməyə qalsa, onda gərək deyək ki, Füzuli də “Leyli və Məcnun”u Nizamidən köçürüb.
Bu səviyyəli bəsit və gülünc mülahizələrlə tək bizim yox, ümumən dünya dramaturgiyasının ən nadir nümunələrindən biri olan möhtəşəm tragikomediyanın dəyərini azaltmaq olmaz. Təsəvvür edin, “Ölülər”in finalında (oxumaq üçün yox, məhz tamaşa üçün yazılmış bir əsərdə -- !) İsgəndər cahil kütləni “ölülər” adlandırdıqdan sonra səhnənin önünə gələrək üzünü tamaşaçılara (millətə -- !) tutub – “tfu sizin üzünüzə!” – deyir. ...Və tamaşa zalı onu (həm də müəllifi--!) alqışlayır!!! Dünya ədəbiyyatı tarixində Mirzə Cəlildən başqa heç bir müəllifdə belə bir cəsarət görünməyib. (Və bu, -- “oxucu hələ məni qəbul etmək ücün yetişməyib” -- iddiasına düşən Əkrəm Əylisli kimilərin mövqeyinin nə qədər cılız və miskin olduğunu bir daha sübut edir.)
M.Meterlinkin yaradıcılığının ikinci dövründə yazdığı əsərlərin coxu kimi onun dramaturgiyasının zirvəsi sayılan ən məşhur əsəri – “Göy quş” pyesi də nikbin ideyaları təlqin edir. Uşaq nağılı poetikasında yazılmlş bu əsər elə uşaqcasına sadəlövh və həyatsevər, eyni zəmanda müdrik və ibrətamizdir. Əsərin qəhrəmanları — odunçunun övladları olan Tiltil adlı oğlan və onun Mitil adlı bacısı qonşudakı xəstə qıza əlac etmək üçün Milad bayramı gecəsi sehrli Göy Quşun axtarışına çıxırlar. Avropa xalqlarının əski inancına görə, Göy Quş xoşbəxtlik simvoludur. Yola çıxarkən qonşudakı pəri xislətli qoca nənə onlara üstünə sehrli almaz vurulmuş köhnə bir papaq bağışlayır. Bu almaz uşaqlara hər şeyin, hər kəsin qəlbini, yəni gizli mənasını, mahiyyətini görmək imkanı verir. Bu yolla onlar rastlarina çıxan itin, pişiyin, odun, çörəyin, suyun, südün, işığın... qəlbini, yəni gizli mənasını görə bilirlər. Uşaqlar bu yeni dostlarını da toplayıb onlarla birlikdə başqa dünyalara əsrarəngiz səyahətlər edirlər.
Əvvəlcə onların yolu Xatirələr Dünyasına düşür. Uşaqların bizim dünyadan çoxdan köçmüş nənə-babaları burada yaşayırlar. Məlum olur ki, vəfat etmiş insanlar, sadəcə olaraq, yuxuya gedirlər, lakin yaxınları və doğmaları hər dəfə onları xatırladıqca onlar bu yuxudan oyanır və fərəhlənirlər. Buna görə də dünyasını dəyişənləri tez-tez yada salmaq lazımdır.
Uşaqların səyahət etdikləri ikinci dünya Qəbiristanlıq Dünyasıdır. Burada onların başına qəribə və gözlənilməz bir əhvalat gəlir. Sehirli almazı qəbirlərə tərəf tuşlayan Tiltil oradan kabusların çıxacağını gözləyir. Lakin məzarlardan gül-çiçək dəstələri çıxır. Məlum olur ki, qəbirlərdə heç kim yoxdur, ümumiyyətlə, ölüm yoxdur, çünki insan ruhu ölməzdir.
Sonra uşaqların yolu Xoşbəxtliklər Bağçası Dünyasına düşür. Xoşbəxtliklər Bağçasında yaşayan xoşbəxtliklərin hamısı canlı varlıqlardır. Onlar iki qismə bölünürlər: pislər və yaxşılar. Sərxoş Olmaq Xoşbəxtliyi və Heç Nə Bilməmək Xoşbəxtliyi kimi “xoşbəxtliklər” kobud və eybəcər, Xeyirxah Olmaq Xoşbəxtliyi, Gözəlliyi Seyretmə Xoşbəxtliyi, Yanan Ulduzları Görmək Xoşbəxtliyi və Ədalətli Olmaq Xoşbəxtliyi kimi xoşbəxtliklər isə gözəl və lütfkardırlar. Ən böyük xoşbəxtlik isə Ana Sevgisi Xoşbəxtliyidir. O, uşaqların qarşısına analarının gənclik qiyafəsində, gözəl və mehriban bir cima ilə çıxır. Onlar istəyirlər ki, anaları bizim dünyamızda da həmişə belə gənc və gözəl olsun. Ana Sevgisi onlara deyir ki, analar qəlbən həmişə gənc və gözəldirlər. Sadəcə olaraq, onları belə görməyi bacarmaq lazımdır.
Xoşbəxtliklər Bağçası ilə yanaşı, onun lap yanında Bədbəxtliklərin məskun olduğu qaranlıq bir mağara da var. Həyatda olduğu kimi burada da xoşbəxtliklə bədbəxtliyi zərif tül kimi nazik duman pərdəsi ayırır.
Tiltil ilə mitilin səyahət etdikləri dördüncü dünya Xoşbəxt Gələcək Dünyasıdır. Orada hələ doğulmamış, dünyaya gəlmək növbəsini gözləyən uşaqlar yaşayır. Yeniyetmə yaşlarında olan bu uşaqlar hər gün keçdikcə kiçilir, körpələşir, bizim dünyaya gələcəkləri günə yaxınlaşırlar.
Əsərin sonunda bacı və qardaş yuxudan oyanaraq, öz dünyamıza qayıdırlar. Məlum olur ki, onların əsrarəngiz səyahəti bir gecə ərzində baş veribmiş. İndi onlar hər şeyə yeni gözlə baxırlar, hər şey onlara gözəl və mənalı görünür. Onlar hər şeyin qəlbini – gizli mənasını duya, anlaya bilirlər. Göy Quşu gətirə bilməsələr də bundan məyus deyillər, öyrəniblər ki, Goy Quş tutulan, azadlığını itirən kimi məhv olur. Əslində, onu tutub gətirməyə heç ehtiyac da yoxmuş, hər kəsin Göy Quşu onun öz qəlbindədir. İnsan xoşbəxtliyinin əsl rəmzi onun qəlbindəki sevgi və xeyirxahlıqdır. Xoşbəxt olmaq istəyən insan sevməyi və xeyirxah olmağı bacarmalıdır.
Bu pyesdəki uşaq obrazları ilə M.Meterlink bəşəriyyətin xoşbəxt gələcəyini simvolizə etmişdir. Yazıçı 1911-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına bütün ədəbi fəaliyyətinə görə layiq görülsə də, bu böyük uğurun qazanılmasında “Göy Quş” pyesinin həlledici rolu olmuşdur. M.Meterlinkin adını dünya dramaturgiyasının tarixinə qızıl hərflərlə yazmış bu əsəri müəllif 1908-ci ildə tamamlamış, lakin pyes ilk dəfə orijinalda deyil, rus dilinə tərcümədə 1909-cu ildə böyük rus rejissoru K.S.Stanislavskinin quruluşunda Moskva Bədaye Teatrında tamaşaya qoyulmuşdur. Bu tamaşa dünya teatr tarixində heyrətli bir rekord müəyyən edərək həmin teatrın səhnəsində bu günə qədqr 115 ildir ki, eyni bir quruluşda oynanılır. “Goy Quş” pyesi dünyanın bütün mədəni xalqlarının dilinə tərcümə edilmlş və ən nüfuzlu teatrların səhnəsində oynanılmışdır.
Yeri gəlmişkən qeyd edək ki, örən əsrin 30-cu illərinin əvvəllərində bu əsər Ə.B.Haqverdiyevin tərcüməsində, A.Tuqanovun quruluşunda “Abı Quş” adı ilə Azərbaycan teatrının səhnəsində də tamaşaya qoyulmuşdur.
M.Meterlink səhhətinə görə 1911-ci ilin dekabrında Nobel mükafatının təqdimetmə mərasimində iştirak edə bilmədi, mükafat Belçikanın İsveçdəki səfirinə təqdim olundu.
Nobel mükafatı aldıqdan dərhal sonra M.Meterlinkə Fransa Akademiyasının həqiqi üzvü seçilmək təklif olundu, lakin yazıçı bu təklifdən imtina etdi, çünki Fransanın akademiki olmaq üçün o, Belçika vətəndaşlığından imtina etməli idi. Lakin uzun illər Parisdə yaşamasına baxmayaraq, o, öz vətəninin patriotu idi və həmin illərdəki vətənpərvərlik ruhlu geniş ictimai fəaliyyəti də bunu təsdiq edir. İkinci Dünya müharibəsi illərində yazıçının ictimai fəaliyyəti daha da gücləndi və yaradıcılıq istiqamətinə da təsir göstərməyə başladı. Bundan sonra M.Meterlink öz yaradıcılıq enerjisini dramaturgiyadan daha çox ictimai-fəlsəfi məzmunlu əsərlərin yazılmasına yönəlltdi. “Göy Quş”dan sonra M.Meterlink “Mariya Maqdalina”(1913), “Stilmondun burqomistri”(1919), “Nişanlanma”(1922), “Dərd keçir”(1925), “Mariya Viktoriya” (1925), “Ölülərin qüdrəti”(1926), “İuda İskariot”(1929), “Bernikel”(1929), “Şahzadə İzabella”(1935), “Janna Dark”(1945) kimi xeyli dram əsəri yazsa da, yaradıcılıq vüsəti bir daha “Göy Quş” ucalığına yüksələ bilmədi.
“Yeni dram” məktəbinin banilərindən olan M.Metrlinkin yaradıcılığı dünya dramaturgiyası tarixində, haqlı olaraq, xüsusi bir mərhələ kimi dəyərləndirilir. Onun dram yaradıcılığı həm mövzu və ideyasına, həm də bədii məziyyətləri və inikas üsullarına görə dünya ədəbiyyatına yeni çalarlar gətirmişdir. M.Meterlinkə qədər dramaturgiyada tragizm əsasən yüksək ideyaların toqquşması, qeyri-adi işıq daşıyıcısı olan müsbət qəhrəmanların qaranlıq mühitlə mübarizə apararaq cismən məhv olsa da, ruhən zəfər çalması üzərində qurulurdu. M,Meterlink ilk dəfə olaraq dramaturgiyaya adi insanların gündəlik həyatının tragizmini gətirdi. Onun fikrincə, insanın mövcudluğu öz-özlüyündə faciəvidir, çünki insan mərhəmətsiz ölüm qarşısında həmişə tənhadır. Bu cəhət daha çox onun yaradıcılığının birinci mərhələsinə aid idi. Bu dövrə məxsus əsərlərdə ümidsizlik ruhu hökm sürsə də, yaradıcılığının yetkin dövrünə aid pyeslərində yazıçı həyata inam fəlsəfəsi təlqin edir. Onun əsərləri artıq nlkbinlik və həyatsevərlik ruhunu daşıyır. Onun qəhrəmanları həyatda insan xoşbəxtliyinə can atır, bu yolda hər cür məhrumiyyətlərə əzmlə dözürlər. Yazıçı isə personajlarının bu mübarizəsində onların müdafiəçisi rolunda çıxış edir. Onun fikrinə görə, hər bir insan həyatdakı əməlləri üçün daxilindəki mənəvi enerjidən güc alır. Yaradıcılığının iki mərhələsi arasındakı bu qədər ciddi mövqe dəyişməsinin nə ilə izah etmək olar? Əgər M.Meterlink həyata səthi yanaşan bir müəllif olsaydı, bu dəyişmə təəccüb doğurmazdı. Lakin o, sadəcə olaraq ovqat yazıçısı deyil, bu səbəbdən də onun yaradıcılığında həyata münasibət baxımından müşahidə olunan bu təbəddülatı sadəcə əhval dəyişməsi ilə izah etmək olmaz. M.Meterlink mütəfəkkir sənətkardır, ona görə də bu dəyişmələrə düşünülmüş həyat mövqeyinin ifadəsi kimi qiymət verilməlidir.
M.Meterlinkin pyeslərinin poetk mətnində dialoqlarla yanaşı pauza və sükutlar, insan nitqindən kənar səslər – sakitlikdə eşidilən xışıltı, tıqqıltı, vıyıltı və s. mühüm funksional mənaya malikdir. Dramaturqun fikrincə, dram əsərlərindəki nitq nizamsızlığı, xüsusən də susqunluq xaos və ümidsizliyi, personajların üzüntülü həyat tərzini rəvan bə səlis nitqə nisbətən daha dolğun şəkildə ifadə edir. Onun pyeslərindəki surətlər bəzən yalnız susmamaq xatirinə danışırlar, yəni oların nitqi bəzən hər hansı fikir və ideya ifadə etmir, lakin buna baxmayaraq, həmisə emosional məzmun və bədii informasiya yükü daşıyır. Bununla M.Meterlink yalnız dram sənətinə deyil, həm də teatr texnologiyasına yenilik gətirir, eyni zamanda insan həyatının mənasızlığını, ümumən dünyanın absurdluğunu ifadə etmək istəyir.
Onun pyeslərinin mətnində sətiraltı mənalar böyük önəm daşıyır və bu baxımdan M.Meterlink üslubca böyük rus yazıçısı A.P.Çexovun dramaturgiyasına yaxınlaşır. Onu A.P.Çexovla eyni xətdə birləşdirən daha bir cəhət ənənəvi dram əsərlərindən fərqli olaraq onların pyeslərində baş (və ya müsbət) qəhrəmanın şər qüvvələrə qarşı fəal mübarizəsi formasında ifadə edilən dramaturji konfliktin olmamasıdır. Bu əsərlərdə dramatizm zahiri qarşıdurmalar əsasında yox, həyatın təbii gedişatının daxili gərginliyi üzərində qurulmuşdur. Nəticədə həyatın və insan mənəviyyatının dərinliklərində gedən sosial və psixoloji “çəkişmələr” əsərin ümumi panoramımda daha önəmli yer tutmağa başlayır.
M.Meterlinkin ən görkəmli nümayəndələrindən biri olduğu simvolizm ədəbi-estetik cərəyanı real həyat gerçəkliyini xəyallar aləminin rəmzi obrazları ilə əks etdirirdi. Burada sənətkarın əsas vəzifəsi həyat hadisələrinin mahiyyətində gizlənmiş rəmzi mənanı tapıb aşkara çıxarmaq, bədii ideyanın, bəşəri harmoniyanın bu simvollar vasitəsilə ifadəsinə nail olmaqdır. M.Meterlink də öz yaradıcılığında simvolizmin bu ümumi prinsiplərinə sadiq qalaraq dünyanın, həyatın və insanın daxili mahiyyətini ifadə edən mənaların rasional yox, intuitiv yolla açıla biləcəyi qənaətinə gəlir. M.Meterlink irrasional yanaşmanı da mütləq mənada qəbul etmir və ideallaşdırmır. O, məsələyə novatorcasına yanaşaraq öz əsərlərində mövzunun etik və estetik cəhətlərini bədii məntiqin tələb etdiyi, yol verdiyi prinsiplər çərçivəsində həll edir. Ümumiyyətlə, onun yaradıcılığında qaldırılan problemlərə və onların əks etdirilməsi üsullarına münasibətdə statiklik, durğunluq yoxdur. Artıq qeyd etdiyimiz kimi, ədibin yazı manerasının əsərdən əsərə dəyişdiyi, inkişaf etdiyi müşahidə olunur.
M.Meterlinkin dünyada mistik dramaturgiyanın ilk nüfuzlu təmsilçisi sayılması da təsadüfi deyil. Həqiqətən də, onun dram əsərlərində ilk dəfə olaraq mistik motivlər aparıcı rol oynayır. Burada görünən dünyanın arxasında nə isə başqa bir dünya – görünməyən, anlaşılmayan, çox zaman dəhşətli bir gerçəklik də var. Onun dünya dramaturgiyasına gətirdiyi bu yenilik ötən yüz boyunca avanqard teatr sənətinin aparıcı təmayüllərindən biri olmuşdur.
M.Meterlinkin ədəbi yaradıcılığında bədii əsərlərlə yanaşı, xüsusən ömrünün son onilliklərində onun dünyaya, təbiətə, cəmiyyətə, insan varlığına və düşüncəsinə baxışlarını ifadə edən fəlsəfi esse və traktatlar da mühüm yer tutur.
Bu sırada “Mütilərin xəzinəsi”(1896), “Müdriklik və tale”(1898), “Arıların həyatı”(1901), “Gizli məbəd”(1902), “Çiçəklərin şüuru”(1907), “Ölüm”(1913), “Müharibənin xırdalıqları”(1916), “Termitlərin həyatı”(1926), “Məkanın həyatı” (1928), “Qarışqaların həyatı”(1930), “Şüşə hörümçəklər”(1932), “Böyük qanun” (1933), “Böyük susqunluq qarşısında”(1934), “Qum saatları”(1936), “Tanrı ilə üz-üzə” (1937), “Günəş saatları”(1942) kimi əsərlərin adını çəkmək olar. Xüsusi olaraq vurğulamaq lazımdır ki, M.Meterlinkin fəlsəfi əsərlərində ümumiləşdırılmış postulat kimi ifadə olunan ideyalar onun bədii əsərlərində obrazlı şəlildə ifadə olunan ideyalarla üst-üstə düşür. Lakin müəllif bədii əsərlərini nəzəri ideyalarına illüstrasiya kimi yaratmır, əksinə, bədii yaradıcılıq praktikasında obrazlı şəkildə gəldiyi qənaətləri sonra elmi-nəzəri düşüncə süzgəcindən keçirərək fəlsəfi ideya formasında ifadə edir. Yəni yazıçı Meterlink filosof Meterlinkin arxasınca getmir, əlsinə, onu öz arxaınca aparır. Mütəfəkkir ədibin yaradıcı təfəkküründə bədii düşüncə ilkin, elmi düşüncə isə törəmə mövqedədir. Yəni M.Meterlink öncə yazıçı, sonra filosofdur. Bunu belə bir maraqlı fakt da təsdiq edir ki, bu qədər geniş və rəngarəng fəlsəfi yaradıcılığa malik olmasına baxmayaraq, mütəxəssislər onu birmənalı şəkildə hər hansı bir fəlsəfi cərəyana, yaxud məktəbə aid edə bilmirlər.
Qəribə görünsə də qeyd etmək istərdik ki, M.Meterlinkin fəlsəfəsində Şərq təsəvvüf nəzəriyyəsinin güclü təsiri duyulur, xüsusən də xoşbəxtlik anlayışının bu qədər önəmli yer tutması Nizami Gəncəvinin humanizm konsepsiyasına heyrətli dərəcədə uyğun gəlir.
M.Meterlinkin Nobel mükafatından sonrakı həyatı da maraqlı hadisələrlə zəngin olmuşdur. Birinci Dünya müharibəsi illərində Jorjetta Leblan ilə yolları ayrılan yazıçı 1919-cu ildə gənc aktrisa Rene Daonla evlənir. 1927 – 1942 –ci illər ərzində onun 12 cildlik külliyyatı çap olunur. Bu illərdə yazdığı fəlsəfi əsərlər onu Avropa oxucusuna həm də görkəmli mütəfəkkir kimi tanıdır. 1932-ci ildə Belçika kralının fərmanı ilə ona qraf titulu verilir. Bundan əlavə, M.Meterlink Belçikanın Leopold ordeninin Böyük xaçına və Portuqaliyanın Müqəddəs Yakov qılıncı ordeninə layiq görülmüş, ABŞ-ın Qlazqo Universitetinin fəxri doktoru seçilmişdir.
İkinci Dünya müharibəsi ərəfəsində M.Meterlink faşizmin təqiblərindən can qurtarmaq üçün əvvəl Portuqaliyaya, sonra isə Amerikaya köçməli olur. Səkkiz il ABŞ-da yaşadıqdan sonra 1947-ci ildə Avropaya qayıdır və Fransanın cənubundakı Nitsa şəhərində məskunlaşır. 1949-cu il mayın 6-da elə burada da ürək xəstəliyindən vəfat edir.
Onun pyesləri bu gün də dünyanın müxtəlif ölkələrində tamaşaya qoyulur, kitabları bu gün də müxtəlif dillərə tərcümə edilərək çap olunur. Yeri gəlmişkən, Azərbaycan Respubliksı Prezidentinin “Dünya ədəbiyyatı klassikasının Azərbaycan dilində nəşri haqqında” Sərəncamı əsasında tərtib edilmiş siyahıda M.Meterlinkin “Seçilmiş əsərləri”nin də ana dilimizdə nəşri nəzərdə tutulub.
XX əsrin əvvəllərində yaşamış görkəmli fransız yazıçısı Jorj Moriverin belə bir məşhur fikri var: “Pessimist yazıçılara dünya məhbəs kimi, satiriklərə -- dəlixana, yumoristlərə -- karnaval, mistiklərə -- məbəd, realistlərə -- bazar kimi görünür.” Bizcə, bu analogiyanı haqqında danışdığımız böyük Belçika yazıçısına aid etsəydik, belə demək lazım gələrdi: “Moris Meterlinkə dünya əvvəlcə zülmət, sonra isə güllü-çiçəkli cənnət bağçası kimi görünürdü.”
Moris METERLİNK (MÜDRİKLİK VƏ TALE) - İXTİSARLA
Bu essedə tez-tez müdriklik, tale, ədalət, xoşbəxtlik, məhəbbət haqqında söz açılacaq. Bu qədər real bədbəxtliklər içərisində hansısa gözəgörünməz xoşbəxtlikdən, bər-bəzəkli yalan pərdəsi altında ədalətdən, nifrət və biganəlik şəraitində məhəbbətdən söz açılması kiməsə kinayə kimi görünə bilər. İnsanların çoxunun dərd-bəla içərisində ömür sürməyə məcbur olduğu, sevinc-fərəh üzünə həsrət qaldığı bir zamanda insan qəlbinin qaranlıq künc-bucağında inam və rahatlıq, gülüş və səadət, sevgi və nəciblik axtarmaq hədər yerə vaxt itirmək deyilmi?
Tarix boyu moralistləri həmişə qınayıblar ki, onlar adi insanların yox, yalnız seçilmişlərin psixologiyası ilə məşğul olurlar. Əgər özümüzdə vicdanımızın səsini dinləmək cəsarəti tapsaydıq, bizim ilk borcumuz ətrafımızdakı insanların əzablarını mümkün qədər azaltmaq olardı. Bu məqsədlə də hamıya şəfqətlə yanaşmaq, insanların dərdlərini dinləmək, çarəsizlərə əlac axtarmaq lazım gələrdi. Lakin insanlar, sadəcə olaraq, bir-birinə kömək etməklə bu qədər bəlanın öhdəsindən gələ bilməzlər. Biz ətrafımızda müşahidə olunan xeyirxahlıq hallarına göz qoyduqca bunun adətən ayrı-ayrı şəxslərin qəlbində doğulmuş mərhəmət hissi ilə bağlı olduğunu görürük. Onların əməlini vəziyyətdən çıxmaq üçün ən yaxşı yol hesab etmək olarmı? Müti və vicdanlı olanın nəzərində hər kəsin can atmalı olduğu ən yaxşı hərəkət, sadəcə, öz öhdəsinə düşən borcu yerinə yetirməkdir. Heç kəs bunu etməsəydi, həyat daha üzüntülü olardı. Yer üzərində həmişə elə insanlar olur ki, təkcə bu günün borclarını ödəməklə kifayətlənməyib həm də gələcəyin borcları barədə düşünürlər. Müdriklərin çoxu məhz bu cür insanların doğru yolda olduğunu təsdiq edirlər. Bir şeyi də qeyd etmək lazımdır ki, bəzən həqiqi müdriklik müdriklərin dediyi ilə üst-üstə düşmür.
İndiki zamanda xəstəlik insanların əsas bədbəxtliklərindən biri olduğu kimi, xoşbəxtliyin olmaması da bəşəriyyətin əsas xəstəliklərindən biridir. Necə ki, xəstəliklərə əlac edən həkimlər var, eyni qaydada bədbəxtliklərə çarə tapmağa çalışan təbiblər də olmalıdır. Bədbəxtlik xəstəliyinin həddindən artıq çox yayılmaından əsla belə bir nəticə çıxarmaq olmaz ki, ona qarşı mübarizə aparmaq faydasızdır. Məgər biz insan bədəninin xəstəlikləri barədə belə qənaətə gəlirik? Əlbəttə ki, yox. Elə isə, insan qəlbinin ən geniş yayılmış xəstəliyinə -- xoşbəxtlik hissinin olmaması mərəzinə qarşı çarpışan moralistlərə niyə ehtiyac olmasın?
Biz böyük bir ədalətsizlik şəraitində yaşayırıq. Bununla belə, mənim fikrimcə, hərdən biganəlik və qəddarlığı kənara qoyub, həyat haqqında elə danışmaq lazımdır, sanki, heç bir ədalətsizlik yoxdur, əks halda bu bəlanı dəf etmək mümkün olmaz. Kimsə elə düşünməli, danışmalı və hərəkət etməlidir ki, guya dünyada hamı xoşbəxtdir, yoxsa insanlar səadətə, ədalətə, məhəbbətə qovuşmaq ümidlərini yalnız axirətə bağlayacaqlar və bu dünyada yaşamağın heç bir mənası qalmayacaq.
Kimsə deyə bilər ki, bu cür boş söhbətləri bir kənara atıb, ən vacib işlərlə məşğul olmaq lazımdır. Lakin “ən vacib işlərlə məşğul olmaq” heç də həmişə ən vacib iş deyil. Bəzən işə ən vacib olandan yox, ən əlçatmaz olandan başlamaq lazım gəlir. Məsələn, sel gəlib bir kəndlinin evini, təsərrüfatını basanda “ən vacib iş” hündür bir yerə dırmaşıb canını xilas etməkdir, ancaq nədənsə, adamların çoxu oğul-uşağını, mal-qarasını, ev əşyalarını, ehtiyat ərzağını xilas etməyə çalışır. Yəni ən vacib olanı yox, əlçatmaz işi görür.
Bəşəriyyət dərdinə əlac tapılmayan, yataqda uzanıb o yan bu yana çevrilərək ölümü gözləyən xəstəni xatırladır. Belə bir vəziyyətdə ən yaxşısı ona heç bir xəstəliyi olmadığını təlqin etməkdir. Yalnız bu halda o özündə yaşamaq üçün mənəvi güc tapa bilər. Məsələ burasıındadır ki, hər bir fərd sağlam olmaq üçün doğulduğu kimi, bəşəriyyət də xoşbəxt olmaq üçün yaradılıb. Buna görə də dözülməz əzablar içində inləyən insanlara düçar olduqları ümumi bəla haqqında nə qədər danışsan da, onların keyləşmiş şüuru heç bir reaksiya vermir, sanki onlara dəxli olmayan şeylərdən danışırsan. İnsanlarla böyük səadətə qovuşmaq şansı olan bir varlıq kimi danışmaq lazımdır. Onları inandırmaq lazımdır ki, bir az da ağıl, qeyrət, dözüm, həyat eşqi sərf etsə, xoşbəxtliyə çata bilər. Bəlkə də, bütün bunlar həyatakeçməz bir xülyadır, ancaq insan qəlbində xoşbəxtliyə qovusmağın mümkün olacağı işıqlı gələcək barədə ümidıəri ölməyə qoymaq olmaz. Hətta belə bir gün heç zaman gəlməsə belə, onun ümidi ilə yaşamaq lazımdır. Hər halda bədbəxtlərə xoşbəxtlik barədə danışmaq gərəkdir ki, onu anlamağı öyrənsinlər. İnsanlar xoşbəxtliyi qeyri-real, əlçatmaz bir şey kimi qavramağa alışıblar. Lakin həyatda real xoşbəxtliyə çatmış insanlar bunun “sirrini” açıb hamıya anlatsalar, aydın olar ki, küdurətlə xeyirxahlıq, qəddarlıqla mərhəmət, mütiliklə mübarizlik arasındakı yol heç də keçilməz deyilmiş. Bunun üçün, sadəcə olaraq, insanın öz həyat enerjisinə, öz mənəvi gücünə inanması lazım imiş. Bədbəxtləri inandırmaq lazımdır ki, bu güc, bu qüvvə onlarda da var. Və heç kim xoşbəxtliyə qovuşmaq imkanından məhrum deyil. Məhz bu ideya haqqında insanlara mümkün qədər çox danışmaq, təlqin etmək, bu fikirləri onların beyninə, bu duyğuları ürəyinə yeritmək lazımdır. Onda bizi eşidən hər kəs xoşbəxtliyin mümkünlüyünə inanacaq və səadətə çatmaq fikrini öz həyat amalına, əqidəsinə çevirəcəkdir.
Qədim dünyanın kahinləri od vasitəsilə insanların cismini şər qüvvələrdən təmizlədikləri kimi, indi də biz xoşbəxtliyə inam ideyası ilə insanların qəlbini bəd duyğulardan təmizləməli, onları yaxşı günlərin gələcəyinə inandırmalıyıq. Özü yaxşı gələcəyə inanmayan insanın nəinki mənəvi, heç maddi güzəranını da kənardan yaxşılaşdırmaq olmaz. Bütün əxlaq təlimləri, ədalətə və xoşbəxtliyə ümid ideyaları insanları daha yaxşı gələcəyə hazırlamaq üçün bir vasitədir.
Həmin günü gözləməklə biz bugünkü həyatımızın ən böyük həqiqətilə -- qəlbimizin və xarakterimizin gücünə inam hissi ilə yaşamalıyıq. Müdriklər sübut edirlər ki, ən ağır məhrumiyyətlər içində belə, ümidlə yaşamaq olar.
Elmi biliklərin həlledici rol oynadığı bir zamanda əxlaq, ədalət və xoşbəxtlik haqqında etdiyimiz bütün bu söhbətləri mənasız saymaq daha doğru olmazdımı? Axı zülmət içində baş verənlər gün işığında cərəyan edənlərdən çox fərqlənir. Bizim müasir fiziki və mənəvi həyatımız isə məhz zülmət içərisində cərəyan edir. Yalnız xoşbəxt və nəcib bir həyat yaşamaqla biz özümüzdə bu zülməti dəf etməyə qüvvə tapa bilərik.
Həmişə sanki böyük bir həqiqətin açılışı ərəfəsindəsən kimi yaşamaq, hər an bu həqiqəti qəbul etməyə hazır olmaq lazımdır. Bunun üçün isə ozümüzü onun böyüklüyünə, ülviliyinə, saflığına hazırlamalıyıq. Hətta həqiqət gözlərimiz qarşısında açılanda bizi məyus etsə belə, onu qarşılamağa hazırlaşdığımız zaman özümüzə təlqin etdiyimiz dəyərlər bizim qazancımız olacaq.
Biz ozümüzü kainatdan daha mükəmməl hesab etməliyikmi? Necə düşünməyimizdən asılı olmayaraq, bizim şüurumuz təbiətin yalnız kiçicik bir şüasıdır, amma buna baxmayaraq, özündə onun haqqında mühakimə yürütmək cəsarəti tapır. Məgər şüa onun mənbəyi olan lampanı tam dərk edə bilərmi? Zənnimcə, insan şüurunun indiyəcən etdiyi ən böyük səhv həm də onun ən faydalı addımı olan təbiətin sirlərini dərk etmək cəhdidir.
Ən böyük arzularımızın həyata keçəcəyi günü gözləyərkən xəyallarımızda gerçəklikdən daha yüksək olan ideallar bəsləmək gözəl deyilmi?! İnsanın öz mövcudluq borcunu yerinə yetirməsinin yeganə yolu gündəlik həyatında həmişə öz arzularının, ideallarının ülviliyinə sadiq qalmasıdır. İdeyalar aləminin kamil qanunlarını real həyatın naqis qaydalarına tabe etmək olmaz.
İnsan yalnız özünü dərk etməklə güclü və xoşbəxt ola bilər. Bütün müdriklərin tərəddüdsüz qəbul etdiyi bir həqiqət var ki, insan mənən kamilləşdikcə onun idrakı da yetkinləşir və əksinə, insanın idrakı yetkinləşdikcə o, mənən kamilləşir. İnsanın özünü dərk etməsi yalnız ozünün üstün və nöqsan cəhətlərini anlaması demək deyildir. İnsan təkcə keçmişini deyil, həm də gələcəyini anlamalıdır. Müdrik insanlar məhz belə bir mənəvi qüdrətə malik olurlar.
Daxilən ozünü hazırlamayan insanın qəlbində heç zaman böyük mənəvi təkamül baş verə bilməz. İnsan müdrikləşdikcə özünü taleyin naqis instinktlərinin təsirindən hifz etmiş olur. Belə olduqda hər bir insanın müdrikliyə can atan qəlbi həyatda qarşılaşdığı gözlənilməz təsadüflərin əsl mahiyyətini dərk edə bilir və bu halda heç bir bəd qüvvə onun üçün ciddi təhlükə törədə bilmir. Müdrik insanların qəlbində heç bir faciəvi hadisə baş verə bilməz. Hətta müdrik insanlar arasında belə, facəvi münasibət ola bilməz, çünki bəd təsirlər müdrik insana yaxınlaşarkən öz mənfi qüvvəsini itirir.
Belə bir yanlış fikir hökm sürür ki, guya bütün böyük faciələr insanın tale ilə çarpışmasından törəyir. Mən isə düşünürəm ki, heç bir faciədə taleyin iştirakı yoxdur. Əlbəttə, söhbət xəstəlik, bədbəxt təsadüflər, qəfil ölüm kimi hallardan getmirsə, müdriklik olan yerdə tale heç bir faciəyə səbəb ola bilməz. Buna görə də insan öz daxilində müdriklik yükünü zərrə-zərrə toplamağa çalışmalıdır ki, lazım olanda ozündə şərlə mübarizə üçün qüvvə tapa bilsin.
Bizə tanış olan faciə qəhrəmanları kamillik yolunun aşağı pillələrində qərar tutduqlarına, müdriklikdən uzaq olduqlarına görə tale ilə aralarında belə faciəvi münasibətlər mümkün olur. Çar Edip də belədir, Kral Lir də, Hamlet də...
Əgər bu fikrə inanmaq üçün sizə insan təxəyyülünün yaratdığı faciələr kifayət deyilsə, onda real tarixdə baş vermiş böyük dramatik hadisələri yada salın. Əmin olacaqsınız ki, orada da bizə gündəlik həyatımızdan tanış olan qaydalar hökm sürür. İnsanın başına gələn faciələr tale ilə yox, öz naqisliti ilə toqquşmadan törəyir. “Taleyin oyunları” dedikləri isə çox zaman insanın özünün törətdiyi şər qüvvələrin əməlləridir. Biz öz cahiiyimizi, qeyri-kamilliyimizi yanlış olaraq tale adlandırmağa son son qoyduğumuz gün təhlükəsizliyimizi və rahatlığımızı təmin etmiş olacağıq.
Lakin bu da hələ tam həqiqət deyil. Əlbəttə, məsələyə bu mövqedən baxmaq, yəni həyatmızda taleyin rolunu azaltmaq hamıya sərf edən bir yanaşmadır. Fəqət bu, heç də o demək deyil ki, insanın bütün hallarda qələbə çalması üçün yalnız öz ağıl və iradəsinə bel bağlaması kifayətdir. Ağıl və iradə qələbə çalmağa qadir olan cəsur döyüşçülərdir, amma onları da hər zaman döyüşə hazırlamaq lazımdır.
Bəs haqqında bu qədər danışdığımız “müdriklik” özü nədir? Biz onun hüdudlarını çox dəqiq müəyyənləşdirməklə bu anlayışı çərçivəyə salmaq fikrindən uzağıq. Bunu edən insanlar işığın xassələrini öyrənmək üçün lampanı söndürən yelbeyinə bənzəyirlər. Müdrikliyin həyatın bütün anlarına uyğun gələn sabit bir formulu yoxdur. İnsan yalnız o zaman həqiqi müdrik sayıla bilər ki, onun zəkası bütün ömrü boyu – körpəlikdən qocalığa qədər şəraitə uyğun olaraq dəyişə, inkişaf edə bilsin. Müdriklik həmişə bir simada qalan gözələ bənzəyə bilməz, onun gözəlliyi alov dillərinin gözəlliyi kimi hər an dəyişməlidir.
Müdrik insan ilk növbədə özünü dərk etməyi bacarmalıdır. Lakin hər kəs özü haqqında ilk təsəvvürləri qazanan kimi başa düşür ki, əsl müdriklik udrakdan daha dərindir. İdrak müdikliyə çatmağın yalnız bir pilləsidir. İnsan irrasional qavrayışdan da heç zaman tam uzaqlaşa bilməz, lakin onu da daim təkmilləşdirə bilər. İdrak müdrikliyin qapısını aça bilər, lakin müdriklik yalnız idrakın hüdudlarına sığa bilməz. İdrak şər qarşısında qapıları bağlaya bilər, lakin xeyir sarayının qapılarını yalnız müdriklik aça bilər. Müdrikliyin məqamı idrakdan daha yüksəkdədir. Buna görə də müdriklik idrakın qəbul etmədiyi, daha doğrusu, qəbul edə bilmədiyi bir sıra xassələrə də malikdir. Müdrikilik, İsa Məsihin dili ilə -- “Şərə xeyirlə cavab verin, düşmənlərinizi sevin” – deyir, lakin idrak bunu qəbul etməyə hazır deyil. Müdriklik ancaq idrakın məsləhətləri ilə kifayətlənsəydi, elə ona bərabər olardı və bu halda şüur müdrikliyi tam dərk edə bilərdi.
“Ağıllı fikir” deyimi ilə “müdrik fikir” ifadəsi arasında böyük fərq var və ağıllılıq heç də həmişə müdriklik deyil, müdriklik də bəzən özünü ağıllı sayanlara tam həcmdə çatmır. Məsələn, idrak ədalətlilik, müdriklik isə xeyirxahlıq yaradır və xeyirxahlıq mənəvi kateqoriya kimi, şübhəsiz ki, ədalətlilikdən daha genişdir. İdrakda sevgiyə yer yoxdur, müdriklik isə məhəbbətsiz ola bilməz. Hətta müdiklikdə idrakın, yoxsa məhəbbətin daha çox yer tutması, daha mühüm olması barədə də birmənalı hökm bermək olmur. Buna görə də müdriklik, sadəcə olaraq, idrakın təntənəsi kimi qimətləndirilə bilməz. Daha dəqiqi müdrikliyin ilahi idrakın insan idrakı üzərində qələbəsi kimi dəyərləndirilməsidir.
Müdrikliyin bir əlaməti də cəfakeşlikdir. Müdriklər çox zaman adi adamlardan daha artıq əzab-əziyyət çəkməli olurlar, çünki onlar adətən adi adamlardan daha cox tənhalıq içində ömür sürürlər. Tənhalıq isə insan iztirabının əsas mənbələrindən biridir. Müdrik həm cismən, həm də ruhən əzab çəkməyə məhkumdur və buna hazır olmalıdır. Ancaq iztirabı bədbinlik kimi anlamaq olmaz, müdrik nə qədər əzab çəksə də, həyatdan küskün deyil.
Yalnız idrakın hökmü ilə yaşayan insan insanların ən bədbəxtidir, çünki hissiyyatdan məhrumdur. Müdriki isə idrakın doğurduğu bəlalardan onun duyğuları xilas edir. İnsanın məhiyyətı, sadəcə olaraq, şüurlu varlıq olmaqdan daha böyükdür.
Bəs “tale” deyərkən biz nəyi nəzərdə tuturuq? İnsanların çoxu tale anlayışını yalnız “qəzavü-qədər” kimi qəbul edir və bu zaman nə isə qorxunc, dəhşətli, ölümcül bir şey nəzərdə tuturlar. “Taledən qaçmaq olmaz” kimi ifadələr də bu təsəvvürə əsaslanır. Ancaq insan ömür yolunda bəla və əzablar qədər də sevinc və səadətlə üzləşir – bu da taledir. Biz taleyi yalnız dərd-bəla, hətta ölümlə eyniləşdirərkən, əlbəttə, haqsızlığa yol veririk. Tərəzinin bir gözünə bədbəxtlik qoyulursa, ədalət naminə o biri gözünə də xoşbəxtlik qoyulmalıdır.
Heç bədbəxtliklə müqayisə etmədən də, xoşbəxtlik öz-özlüyündə ən qüdrətli bir duyğudur. Bununla belə, xoşbəxtlik həm də həyatda ən səssiz-səmirsiz duyğudur. Bədbəxtlik mələyi bütün sözləri bilir və bütün dillərdə danışır. Xoşbəxtlik mələyi isə yalnız insanların anlaya biləcəyi səadət barədə danışmaq lazım gələndə ağzını açır. Bu ədalətsizliyi nə ilə izah etmək olar? Məsələ burasındadır ki, bəşər tarixində bədbəxtliyin əsrlərlə yaşı var, xoşbəxtlik isə hələ indi-indi dil açır. Buna görə də insanları xoşbəxtliyi anlamağa öyrətmək gərəkdir. Əslində, bu çox asan bir içdir. Başa düşmək lazımdır ki, lazımdır ki, təbəssüm də məyusluq kimi tez sirayət edən bir duyğudur. Adətən biz bədbəxtlikdən yox, xoşbəxt ola bilməməkdən əzab çəkirik.
Əgər hər kəsə fasiləsiz olaraq insanın bədxah, cəmiyyətin ədalətsiz, ədalətin faydasız, məhəbbətin gücsüz olması fikirləri təlqin olunursa, onların doğurduğu mənəvi sarsıntını aradan qaldırmaq üçün əks fikirkərin də təlqin olunmasının zəruriliyi oz-ozünə aydın deyilmi? Müdriklik və xoşbəxtlik kimə, ya nəyə isə nifrət əsasında qazanıla bilməz. Nifrət və inkar heç bir həyati gücü olmayan duyğulardır. Bu cür parazitlərin insan qəlbinə yolunu bağlamaq lazımdır. Əgər bu duyğular insan qəlbinə yol tapsa, oradakı bütün xeyirxah hisslər oz qüvvəsini itirmiş olacaq.
İnsanların bir qismi xoşbəxt olmamaq üçün min cür bəhanə tapırlar, xoşbəxtliyin yolunu heç axtarmaq belə istəmirlər. Başqalarına xoşbəxtlik yolunu öyrətmək üçün əvvəl insan özü xoşbəxt olmalıdır. Təəssüf ki, bunu bacarmayanların çoxu özləri bədbəxt olub başqalarını da bədbəxt etməyi yaxşı bacarırlar. Xeyirxahlıq etməyi bacarmayanlar bəzən özlərinə fədakarlıqları ilə bəraət qazandırmağa çalışırlar. Amma özlərini qurban verməyə hazır olan insanlar heç zaman düşünmürlər ki, bununla öz yaxınlarına çoxmu fayda verirlər? Bəzən hətta fədakarlıq etməklə insan özünü yaxınlarına fayda vermək əziyyətindən xilas etməyə çalışır. Özünü qurban verməklə insan qəlbi nəcibləşə bilməz. Dağın qayalı zirvəsinə qalxan şəxs vadidəki gul-çiçəyi gözdən itirir. Xeyirxahlıq zirvəsinə yüksələndə də verilmiş qurbanlar artıq gözdən itmiş olur.
Ədalətin ola bilməyəcəyi yerdə onu axtarmağın nə mənası var? Əsl ədalət insan qəlbindən başqa harada ola bilər? Dünyanın özgə heç nəyə ədalət qədər ehtiyacı yoxdur. Kainatda ədalət tarazlıq anlayışı ilə ifadə olunur. Kainatdakı tarazlığın insan münasibətlərinə şamil edilməsini biz ədalət adlandırırıq. İnsandan kənarda ədalət yoxdur. İnsan bilməlidir ki, ədalətsizliklə xoşbəxtliyə çatmaq olmaz.
Həyatda fərəh, gözəllik, həqiqət, məhəbbət axtaran adamların bəzisi onları tapa bılmədikdə, sanki bundan hətta şadlanırlar da. Sanki bunun özündə bir qürur hissi var ki, sən həyatdan narazısan. Onlar hətta həyatı ittiham da edirlər. Guya həyat onlara yaşamaqdan böyük başqa bir xoşbəxtlik də bəxş etməli imiş. Əlbəttə ki, özünü xoşbəxt hiss etmək üçün insana ülvi bir ideal da lazımdır, ancaq həmin ideal onun daxili aləminə, mənəvi dünyasına uyğun olmalıdır, əks halda bu xoşbəxtlik saxta bir şey olacaq. Belə bir “xoşbəxtlik” insanın bütün həyatını iflic edə bilər. İnsan qəlbinin ucalığını onun arzu və ideallarının ucalığı ilə ölçmək olmaz. Adətən zəif adamların arzu və idealları güclülərinkindən daha gözəl olur. Çünki onların bütün həyat enerjisi əməli işlərə yox, arzu və xəyallara sərf olunur.
Nəcib insanın ürəyi həmişə böyük məhəbbət gözləyir, amma adətən bu gözlənti ona heç nə vermir. Hər şeydə olduğu kimi, burada da fəaliyyət tələb olunur. Böyük məhəbbətə yetmək üçün onu haradansa gözləmək yox, böyük məhəbbətlə sevmək lazımdır. İnsan həyata etibar etdiyi kimi, məhəbbətə də inanmalıdır. Uğursuz məhəbbət çox insanların qəlbini sındırmışdır, ancaq çox güman ki, bu qəlbləri məhəbbət sındırmasaydı da, dostluq, xəyanət, qısqanclıq, biganəlik, ya da nə isə başqa bir şey sındıracaqdı... Uğursuz məhəbbət yalnız kövrək qəlbləri sındıra bilir.
Əlbəttə, tamamilə xoşbəxt talelər də olur, ancaq hər kim bəxtinə belə bir tale düşəcəyini gözləyərək həyatını yalnız bu ümidə bağlayırsa, o ya sadəlövh, ya da çox səbirli bir insandır. Elə adamlar da var ki, öz xoşbəxtliyini elə bunda, yəni böyük xoşbəxtliyi gözləməkdə tapır. Bəli, mən əminəm ki, həyatda böyük məhəbbətə qovuşmaqdan daha böyük bir xoşbəxtlik yoxdur. Amma əgər siz ona qovuşa bilməyibsinizsə, heç olmasa ona layiq olmağa çalışın. Heç olmasa özünüz böyük məhəbbətlə sevin. Daha çox sevən həmişə daha xoşbəxt olur. Həyatın bütün sahələrində olduğu kimi, məhəbbətdə də insan ən çox öz səhvlərinin, öz yanlışlığının, öz naşılığının qurbanı olur.
Taleyiniz necə gətirir-gətirsin, heç zaman ümidsizliyə qapılmayın ki, məhəbbət xoşbəxtliyini dadmadan insan varlığının böyük xoşbəxtliyinə də qovuşa bilməyəcəksiniz. Həqiqi xoşbəxtliyin əsl mənbəyi insanın öz qəlbinin dərinliyindədir. Kənardan ən bədbəxt görünən bir insan da qəlbən özünü ən xoşbəxt saya bilər.
Hər adam qəhrəman, qalib və dahi ola bilməz. Lakin ədalətli, vicdanlı, namuslu, genişürəkli, xeyirxah olmaq hər kəsin borcudur. Məhəbbətin böyük gücü ondadır ki, bütün bu xeyir əməlləri insana təlqin edə bilir.
MORİS METERLİNKİN AFORİZMLƏRİNDƏN SEÇMƏLƏR
- Həyatdan yaxşı nəsə gözləyən insanın qəlbində xoş niyyətin olması vacib şərtdir.
- Əgər sən bir neçə qadını sevirsənsə, deməli, sevilməsi lazım olan yeganə qadını hələ tapa bilməmisən.
- Əgər bizim dünyaya başqa bir dünyadan kimsə gəlib, dünyamızın ən mükəmməl predmetini göstərməyi xahiş etsəydi, ona arı pətəyini göstərmək lazım gələrdi.
- Həyatdakı bütün xoşbəxtliklər ilk növbədə saflıqdan törəyir, ancaq bəzən saflıqdan böyük bədbəxtlik də törəyə bilir.
- Həyatda ən böyük sevinc hissi ədalətdən, xüsusən də pozulmuş ədalətin bərpasından yaranır. Ondan sonra ən böyük sevinc xeyirxahlıqdan doğan sevincdir. Üçüncü yerdə isə anlamaq bacarığından törəyən sevinc dayanır.
- Dünyanı görən insan onu sevmirsə, sanki qaranlığa baxırmış kimidir.
- Müdrikliyin birinci şərti özünü dərk etməkdir.
- Bizim xoşbəxtliyimiz dünya haqqında təsəvvürümüzdən asılıdır, ona görə ki, əxlaqımız da bundan asılıdır. Onlar hər ikisi həmin təsəvvürümüzün genişliyinə yox, xarakterinə bağlıdır.
- Dünya, kainat hüdudsuz və anlaşılmaz yox, müəyyən hüdudda və anlaşılan olsaydı, yəni insanın idrakına sığsaydı, biz indikindən daha xoşbəxt olardıq.
- Bu xanım qozbel, çolaq, təkkgöz bir məxluq idi. Dərhal görünürdü ki, ilham pərisidir.
- Evə xəstəlik gəldimi, elə bil ailəyə yad bir adam gəlib.
- Əzizlərinin unutmadığı ölülər nəinki sağdırlar, hətta xoşbəxtdirlər.
- Bir yerdə yaşayıb bir-birinin varlığını duymayan insanlar tənhalıqda yaşayırmış kimidir.
- Dünyada ən çətin şey vicdanlı adam tapmaqdır.
- İnsan çiçəyin qönçədən çıxmaq üçün sərf etdiyi enerjinin yarısını qocalığa, yaxud ölümə qarşı mübarizəyə sərf edə bilsəydi, onlara qalib gələrdi.
- Qoca zaman bu dünyadan köçmək vaxtı çatanları çağırıb aparır və heç kimin növbəni pozmasına imkan vermir.
- Dediyiniz həqiqətə insanların inanacağına əmin deyilsinizsə, susmaq daha yaxşıdır, çünki inamsızlıqla qarşılanan həqiqət mahiyyətini itirib yalan kimi qavranıla bilər.
- Mən artıq çoxdandır ki, bu dünyada həqiqət və onun dərk olunmasından daha gözəl bir möcüzə axtarmıram.
- Sevən və bu duyğunu layiqincə qiymətləndirən insanlar xoşbəxtdirlər. Ancaq bunu başqaları və özləri üçün hiss olunmadan yaşayanlar ikiqat xoşbəxtdirlər.
- Həyatda ən səssiz-səmirsiz duyğu səadətdir.
- İşığı onun özünə görə yox, işıqlandırdığı şeylərə görə sevirik.
- Görməyənlərə işıq lazım deyil.
- Görəsən, hər şeydən sonra, kim haqlıdır – Tanrı, yoxsa Təbiət?
- Tale insanlara deyir: Bir-birinizi sevin, həyatın məhəbbətdən başqa mənası yoxdur. Amma sonra nə olacaq, daha mənlik deyil, özünüz bilərsiniz...
- Bir şeydən imtina edəndə qətiyyətli, amma nəzakətli olun.
- Həyatda fərəh bizim düşündüyümüzdən daha çoxdur, sadəcə, insanların çoxu onu axtarmağı bacarmırlar.
- Ana məhəbbəti həyatdakı xoşbəxtliklərin ən gözəlidir.
- Allah dünyada bölgünü ədalətlə aparıb – bəzilərinə hər şey, digərlərinə isə bu şeylərə baxmaq imkanı verib.
- Bədbəxtlərə xoşbəxtlik haqqında danışmaq lazımdır ki, onu anlamağı öyrənsinlər.
- Hər kəs insanlara nə isə verməlidir. İnsanlar arasına əliboş çıxmaq olmaz.
- Hətta ən biganə insanlar belə ürəklərinin dərinliyində qüssə payı daşıyırlar.
- Hər bir insanın yaşamamaq üşün müəyyən bir bəhanəsi var.
- Qapalı adamlar belədir... Nə qədər yanaşı yaşayırsan, amma ürəklərindən keçəni bilmirsən, bəzən heç özləri də bilmir. Solan çiçəkləri görəndə gülürlər, ancaq təklikdə ağlayırlar.
- Bizimlə yanaşı yaşayan elə insanlar var ki, onların varlığından yalnız dünyadan köçdüklətı zaman xəbər tuturuq.
- Yazıçı adi həyatı maraqlı etmək üçün ona qeyri-adi nə isə artırmalı olur.
- Sənət əsəri yalnız həyat gerçəkliyindən daha uca və gözəl olarkən həqiqi dəyərə malik olur.
- Sizi alçaltmış adamı bağışlamaq onun varlığını inkar etməkdir.
- Taleyin bizə verdiyi ömür təmiz, saf su kimidir – nə dadı var, nə rəngi, nə də ətri. O, bu keyfiyyətləri yalnız bizim qəlbimizdən keçərkən, ona uyğun olaraq qazanır.
- Müdriklik idrakın məhsulu yox, qəlbin istəyidir.
- Yalnız xoşbəxtliyin ucalığından baxan zaman biz qəlbimizin əsl istəyini görə bilirik.
- İnsanlıqdan kənarda ədalət ola bilməz.
- Həyatda xoşbəxtlik oyunu oynayan insan həqiqi mənada xoşbəxt ola bilməz.
- Ötən günlər barədə düşünməyəndə onların xatirəsi daha şirin olur.
- Günortanın qızmar istisi altında bir yarpağı belə tərpənməyən ağac həyəcandan nəfəsini qısmış insana bənzəyir.
- Qarşına çıxan xoşbəxtliyi görmək üçün gözlərini qəlbinin lap dərinliyinə qədər geniş açmalısan.
- Bulaq başında oturub onun şırıltısını dinləyərkən çalışın, onun nə demək istədiyini anlaya biləsiniz.
- Korlar günəşi görməsələr də, ulduzları hiss edirlər.
- Qadın bədbəxtliyə layi