Fərid Hüseyn, xüsusi olaraq “Qafqazinfo” üçün...
Musa Yaqubun həyat və yaradıcılığı haqqında qeydlər, ikinci hissə: (Birinci hissəni bu linkdən oxuya bilərsiz).
Ayrılıq da duadır
Bizim ədəbiyyatımızda şairlərin ayrılıq şeirlərinin bir çoxunda qadına münasibət təxminən, aşağı-yuxarı belədir: “Gedirsənsə, get, səndən də yaxşısını tapacam”. Ağrıyla deməliyəm ki, ölkəmizdə ayrılıqların yüzdə doxsanı sivil şəkildə baş tutmur – dünənəcən can deyib can eşidən ər-arvad ayrıldıqdan sonra əbədi düşmənə çevrilirlər. Səd-əfsus... Və bu əqidə – dünən əziz hesab etdiyinə bu gün qara gün arzulama şeirlərimizə də hopub, özü də dediyim bu günün, bu saatın söhbəti deyil, lap çoxdan belədir. Xeyli nümunələr çəkə bilərəm, ancaq istəmirəm Musa Yaqub kimi tikansız bir adam haqqındakı yazıda kiminsə bostanına daş atım. Onsuz da o cür ayrılıq şeirlərini əksəriyyət oxuyub...
Musa Yaqub şeirləri ilə ibadət edən, yaşam tərzi ilə də inam aşılayan şairdir. Ona görə onun hətta ayrılıq şeiri də dua şəklində yazılıb. Söhbət “Son görüşdə” şeirindən gedir. Şeirdəki qəhrəman ayrıldığı insana dua edir, arzulayır ki, onlar bir-birinin yaddaşında xoş qalsın, bir-birini ürəkdolusu xatırlasınlar.
İlk bəndə baxaq – müəllif dua edir ki, tərəflər ayrılsalar belə bir-birinin qəlbinə toxunmasın, yaddaşlarını yaralamasınlar. Adətən ayrılanda tərəflər müxtəlif söhbətlər uydurur, xarakterlərini, mühiti, gələcəyi, planlarını və sair bəhanə gətirirlər. Amma çoxlarımıza məlumdur ki, ayrılıqların əsas səbəbi istəksizlik, “dilucu sevmək”dir. Ona görə də şeirdəki növbəti dua belədir: “Bəhanəyçün uydurulmuş yalan sözlə ayırma”.
Tanrım, bizi son görüşdə
Tikan sözlə ayırma,
Bəhanəyçün uydurulmuş
Yalan sözlə ayırma;
Bu dünyanın
İlk görüşü hayıfdır.
Sonra müəllif dua edir ki, hansı hisslərlə başlamışıqsa, sevgini o cür də odlu-alovlu bitirək, gücümüz vaxtından əvvəl tükənməsin. Bu məqam sevginin başqa bir dövrünün – həvəslərin sönməsi mərhələsinin ifadəsidir:
Bir sevgidən qanad alıb,
Uçmuşuqsa bu adla,
Daha bizi gəl ayırma,
Sınıq, şəlpə qanadla;
Bu sevginin
Qanadları hayıfdır.
Sonra müəllif yenə soyuqluq məsələsinə qayıdır. Məhəbbətin yerini soyuqluq tutmasın, araya narazılıq çökməsin deyə Tanrıya əl açır ki, bu da ayrılığın öz-özlüyündə növbəti mərhələlərindəndir:
Sən gəl bizi acı dillə,
bumbuz əllə,
Soyuq-soyuq baxışlarla
ayırma;
Alnımızda qırışlarla
ayırma.
Məhəbbətin
şirin sözü hayıfdır.
Və daha sonra müəllif arzulayır ki, tərəflər bir-birinin qarşısında günahkar olmasınlar, bir-birinin yaddaşında xətaları ilə qalmasınlar:
Ürəyimə
Məlahət tək giribsə,
Taleyimə
Bir qismət tək giribsə,
Daha bizi qəbahətlə
ayırma,
Ağ taleyə çəkiləsi
Qara xətlə ayırma;
Bu sevginin
Xatirəsi hayıfdır.
Müəllif diləyir ki, sevənlərin nəfəsləri tükənməsin, yolları dalana dirənməsin, nəyi harda qoyublarsa, elə orada da qalsın. Dua edir ki, tərəflərin keçdikləri məhəbbət yolu dağılmasın.
Guya, təzə sevdamızı
Qoyub təzə cığırda,
Gəlib-gəlib bir dalana
Dirənməyək axırda.
Məhəbbətin
Yolu, izi hayıfdır.
Şeirin sonunda iki misal çəkilir: “buludlardan ayrılan damcı tək” və “kirpiyindən ayrılacaq yaş kimi”. Buluddan bir damcı düşməklə göylərə heç nə olası deyil, göz yaşının yaranmasında isə kirpiyin heç bir rolu yoxdur. Deməli, bulud damcının, kirpik isə ondan qopan yaşın ağrısını hiss etmir. Beləcə, müəllifin tərəflərə ən rahat, itkisiz ayrılıq üsulu seçir:
Son görüşə o candərdi,
Mən candərdi gəlməyim.
Ayrılığı o bilməsin,
Elə mən də bilməyim.
Buludlardan ayrılacaq
Damcı tək,
Kirpiyindən ayrılacaq
Bir yanıqlı yaş kimi,
Yuvasından ayrılacaq
Bir köçəri quş kimi –
Ayırırsan belə ayır,
Söndürürsən,
Belə söndür sevgimi.
Şərh etdiyim misraların bəziləri, əslində, şeirin özündən də aydındır. Belədirsə, bəs, onda mən nə edirəm, nəzmi nəsrləmi izah edirəm? Qətiyyən. Çünki məqsədim başqadır. Musa Yaqub bu şeirdə sevginin alçala biləcəyi bütün yolların qarşısına daş diyirləməyə çalışır. Sevgi acı sözlərlə, qəbahətlə, bəhanəylə, yolun harasa dirənməsi ilə alçala bilər. Şair bütün bunları sadalamaqla tərəflərin – sevənlərin qanqaralıq, əbədi düşmənliklə nəticələnəcək ayrılığının qarşısını kəsir, onlara daha uyarlı, daha rahat ayrılmağın yollarını göstərir. Onun nəzərində, ayrılıq “Buluddan ayrılan damcı” misalı olmalıdır. Buluddan damcının ayrılması təbii prosesdir, həmişə olub, insanın insandan ayrılması da daim başa gələ bilən aqibətdir. Yəni müəllif göstərir ki, buluddan damcı ayrıldığına görə heç nə tərsinə dönmür dünyada, insan insandan ayrılanda da belə olmalıdır, aləmi bir-birinə vurmağa ehtiyac yoxdur. Müəllif şeirin ilk bəndinin sonunda məhz ona görə də deyir: “Bu dünyanın ilk görüşü hayıfdır”. Demir, “sevginin ilk görüşü hayıfdır”. “Dünyanın ilk görüşü” deməklə ilk sevən insana, məhəbbətin varisliyinə işarə edir. Göstərir ki, məhəbbət bizə ötürülən ən ülvi hissdir, elə ayrılmaq lazımdır ki, bizə miras qalan eşqə xələl gəlməsin, onu ləkələmədən, incitmədən özümüzdən sonrakılara – başqalarına ötürək. Çünki sevgi əbədidir, sevənlərsə fani. Bəs, əgər sevgilərə xələl gəlsə nə olar? İnsanlar bəzən dava-dalaşlı, tikanlı ayrılıq yaşadıqları üçün məhəbbətə olan bütün inamlarını itirirlər. Əlbəttə, sevdiyini itirməkdən daha dəhşətlisi sevgiyə inamını itirməkdir. Çünki bu, özünü məhəbbətsiz bir ömrə məhkum etmək deməkdir. M.Yaqub “bu dünyanın ilk görüşü hayıfdır” deyəndə məhz bunu nəzərdə tutur.
Şeirdə hər bəndin axırında “hayıfdır” deyilir, bu söz tez-tez xatırlanır. Müəllif bununla ayrılıq zamanı nələri məhv – heyf etdiyimizi göstərir. Əfsus ki, sadalananlar sayca az deyil... Ayrılan adam elə bilir ki, ayrıldı, vəssalam, M.Yaqubsa ayrılığın insanda yaşatdığı itkiləri sadalayır: “Bu dünyanın ilk görüşü hayıfdır”; “Məhəbbətin yolu, izi hayıfdır”; “Bu sevginin xatirəsi hayıfdır”; “Məhəbbətin şirin sözü hayıfdır”. O, bu sadalamalarla ayrılığın bütöv mahiyyətin açır, onun nələri məhv etdiyini göstərir. Şairin ruhu o qədər təmiz, qəlbi o qədər xoş hisslərlə doludur ki, ayrılıq anında belə dilinə üsyan, bəxtdən giley, kimisə yamanlamaq gəlmir. M.Yaqub ayrılıq durumunu dua şəklində yazan müstəsna şairdir.
Dörd fəsil payız
M.Yaqub yazda doğulsa da mahiyyətcə payızın övladıdır. Deyirlər harda doğulmaq əsas deyil, əsas özünü haralı hesab etməyin, hara ruhən dərindən bağlanmağındır. Bax, o “əsas məsələ” dediyim müqəddəs nəsnənin adı Vətəndir. Musa Yaqubun doğma fəsli – Vətən fəsli payızdır. O, fəsillər içində ən çox payız haqqında yazıb, payız ismin də, ruhun da bütün hallarında hallanıb onu şeirində. “İndi bildim nağıldı” adlı kitabında “Payızın 22 halı” adlı ayrıca bir bölmə var. Ümumən onun digər kitablarında da payız haqqında neçə-neçə şeiri yer alıb. Payız fanilik fəslidir, dünənki meyvəli, güllü-çiçəkli, barlı-bəhərli ağacları payızda kimsəsiz, çılpaq, solğun görürük, ağacın üstündə qalan tək-tük mövsümi meyvələr isə talanmış yurdu xatırladır. Musa Yaqubun payız silsiləsi şeirləri insanın təbiətə acımasının örnəkləridir:
Yay da son bahardan gülümü dərdi,
İndi payızı da qış tələsdirir.
Birinci nəfəsim budaq əyərdi,
İkinci nəfəsim yarpaq əsdirir.
M.Yaqub təbiətlə insanı tənləşdirərək bizi dərindən düşünməyə vadar edir – əgər insan bir nəfəsdən ikinci nəfəsə keçəndə bu dərəcədə zəifləyərsə, gör onda bizim güclü sandığımız təbiət neçənci nəfəsindədir, qədimlərdən günümüzəcən şahid ağaclar nələr çəkiblər?..
Həvəsi qalıbmı kef-damaq üçün,
Sevdası ya oğlan, ya qız olarmı?
Sahibsiz yurd-yuva qorumaq üçün,
Əsgərlik yaşında payız olarmı?
Görəsən, payızın yaşı neçədi?
M.Yaqub payızı insanın yaşantılarına daha uyarlı, daha yaxın, həmdəm fəsil kimi təqdim edir. İnsan cavan olanda ömrünü unudur, yaşının yayını, yazını duymadan yaşayır, ancaq elə ki, yaşa dolur, itirdiklərini görür, keçmişinə boylanır, “kim ola bilərdim və kim oldum?” sualına cavab axtarır, bax, onda payız ovqatına köklənir, yəni, bütün həyatı, əməlləri, səhvləri gəlib keçir gözünün qarşısından. Payız da belə deyilmi? Bu fəsil də itkilərlə, onların hesabatı ilə doludur... M.Yaqub dünyanı, özünü anlamaq üçün insana təbiəti nişan verir və göstərir ki, ey oxucu, payız (sənin payızın!) qaçılmazdır. Özünü dərk eləmək, səhvlərinlə, doğrularınla özünü anlamaq istəyirsənsə payızı – öz sonunu anlamağa çalış, axı, sən də əbədi deyilsən...
Payız işığının tarixçəsi
Avqustun axırları imiş, fəslin bitəcəyində şairin qızı Yaqut xanım, vəfalısı Zöhrə xanım və Musa Yaqub həyətdəki talvarın altında oturublarmış. Zöhrə xanım adətincə yemək bişirir, şairlə qızı isə çay içə-içə şirin-şirin söhbət edirlərmiş. Həyətlərindəki çox qəribə, insana təbiətin möcüzəsi kimi görünən əzəmətli pip ağacına baxan Yaqut xanım atası ilə düşüncələrini, narahatlığını bölüşürmüş: “Dədə, o pip ağacını o qədər çox istəyirəm ki, o mənə o qədər doğmadır ki... Elə bil, günəşin bütün nuru onun yarpaqlarından süzülüb kökünə axır. Elə istəyirəm oturum o pipin altında və o yarpaqlardan süzülüb axan nur gəlib mənim qəlbimə tökülsün”. Yaqut xanım danışırmış, onun həssas, təsirli söhbəti isə gələcəkdə – daha doğrusu, bir ay sonra (26-27 sentyabr, 2002) yaranacaq şeirdə özünə ahəstə-ahəstə yer edirmiş:
Yanımda bir uca pip ağacım var,
Hər payız başında qızıl tacım var.
O qızıl tac üstə payız işığı
Bir-bir yarpaqlarla düşür aşağı,
Tökülür ağacın ayaqlarına,
Qığılcım yayılır qıraqlarına,
Çevrilir torpağın çıraqlarına.
Nədənsə söhbət getdikcə uzanırmış, adi, gündəlik danışıqlardan deyilmiş budəfəki, nəsə daha hüznlü, daha təsirli imiş. Və danışıldıqca da bir az da həssas nöqtəyə, son dərəcədə ciddi yönə istiqamətlənirmiş söhbət. Yaqut xanım hisslərindən, keçirdiyi daxili narahatlıqdan elə cürətlənibmiş ki, hətta böyük şairin yanında “şair olmaq” da könlündən keçirmiş: “Dədə, bu işıq – bu payız işığı bir gün məni ya şair edəcək, ya da haqq aşiqi”. Beləcə gələcəkdə yaranacaq başqa bir misra da şairin yaddaşında əyaniləşirmiş:
Tamam başqa bir hissdir, tam başqa duyğu,
Bir yamac belində şirin bir uyğu
Qarışıb xəzana ölə də bilir,
Bir təzə çiçəklə gülə də bilir.
Adam şair ola, ya haqq aşığı,
Düşsə bağçasına payız işığı.
Bir solğun gül üstə zər saçaqlanır,
Bir yaşıl yarpaqda tül yaraşığı,
O payız işığı, payız işığı...
Yaqut xanımın könlü toxtaqlıq tapmırmış və hisslərindən, yarpaqlardan süzülən işıqdan elə təsirlənibmiş ki, elə zənn edirmiş olanları – o işıq şölələrini bu dünyada bircə o görür, o duyur, qalan hər kəs bu mənzərənin gözəlliyindən məhrumdur. Ona görə də atasına sual verib: “Dədə, sən o işığı görürsənmi?” Şairi təəccüb bürüyüb və suala sualla cavab verib: “Hansı işıqdan danışırsan?” Yaqut xanım cavabı ilə sonralar yazılacaq şeirə həm ad, həm də başqa bir misra bağışlayıb: “Payız işığını deyirəm. Dədə, payızın axırında günəşin işığı o qədər zəif, kövrək olur ki... Bu qərib işıq gəldi-gedəriliyini bilir deyə belə qərib olur. Günəşin işığı qəribləşdikcə payız işığına çevrilir”. Qız danışırmış və bu sözlər batırmış Dədənin ürəyinə:
Ay Allah, işıq da qərib olarmış,
Gəlib gözlərinə bulud dolarmış.
Duman toranlığı, çən qarışığı,
Qərib bir dumanın qanadlarında,
Uçub, uçub gedir payız işığı.
Bu xatirəni mənə şairin qızı – Yaqut xanım danışıb və mən bu söhbətə, əhvalata qulaq asdıqca tərəflərdən hansının daha çox şair olduğunu (bu şeirə münasibətdə) ayırd eləməkdə çətinlik çəkmişəm. Onlardan biri şeiri yaşayan, digəri isə yazan tərəf imiş. Bu söhbətin üstündən təxminən bir ay sonra Musa Yaqubun “Payız işığı” şeiri doğulur və şair bu şeiri qızına – Yaqut xanıma ithaf edir. Aızının yaşantılarını ondan söz, söhbət kimi alıb, ona gözəl bir şeir kimi qaytarır. Axı poeziya həm də hissləri əbədiləşdirmək sənətidir. Beləcə, bir qadının da bəzi hissləri əbədiləşir...
Cənnətin ünvanı
Mark Tvenin “Adəmin gündəliyi və Həvvanın gündəliyi” adlı gözəl bir əsəri var. Əsərin quruluşu belədir ki, adıçəkilən qəhrəmanların hər biri gündəlik yazır və həmin mətnlər müəyyən ardıcıllıqla kitabda verilir. O günahkar qəhrəmanlar bəllidir ki, tamah ucbatından, qadağanı pozduqları üçün cənnətdən dünyaya qovulub və bu acılı-şirinli aləmdə ömür eləyirdilər. Həvva dünyadan köçəndən sonra Adəmin gündəliyindən bu ürəkgöynədən qeydi oxuyuruq: “Səninlə hər yer cənnət imiş”. Musa Yaqubun “İndi bildim nağıldı” şeirlər kitabında həyat yoldaşına yazdığı silsilə şeirlər “Səndən sonra” adlı ayrıca bölmədə cəm olub və o şeirləri oxuyanda cənnətsiz qalan – “Səninlə hər yer cənnət imiş” həqiqətinə çatan şairi görürük. Musa Yaqubun şeirləri insanlara həmişə işıq, ümid bağışlayıb, dözməyin mükafatını vəd edib. Amma bu itkidə şairi təslimiyyət kürsüsündə, çıxılmazlıq, naəlaclıq dalanına dirənmiş görürük və onun poetik səsi çarəsizlik minbərindən ucalır:
Mənə veriləsi təsəlli yoxdu,
Bu dərdin axırı, əzəli yoxdu.
Azərbaycan ədəbiyyatında şairlərin həyat yoldaşlarına – xanımlarına yazılan şeirlərinin böyük əksəriyyəti səmimiyyətdən çox-çox uzaqdır. Çünki o şeirlərin çoxu xanımların “mənə niyə şeir yazmırsan?” sualına cavab olaraq yazılıb, hətta ən yaxşıları sayılanların belə içində qadına məhəbbətdən daha çox, onun qarşısındakı günahkarlıq duyğusu – xəyanətin, biganəliyin ifadəsi, etirafı var. Yəni o şeirlərin böyük qismində duru, saf məhəbbət nişanələri, izləri yox dərəcəsindədir. M.Yaqubun xanımına yazdığı şeirlərdəsə pak sevginin, qarşılıqlı məhəbbətin, hörmətin, bir-birini dərindən tanımanın doğurduğu rahatlığın ifadəsi var. Və şairin xanımının vəfatından sonra yazılan şeirlərdə tənhalıqdan giley azdır, bu, çox qəribə bir şeydir: Şair bu şeirlərində sanki yenə xanımı ilə dialoqda, ünsiyyətdədir, onun dünyasına üz tutub danışır. İtkinin ağırlığı elə ünsiyyətsizlikdədir, biri gedir və heç zaman ona deyiləsi sözü ona deyə bilmirsən. Bu mənada da axirətə inam vacib məsələdir, məhz bu amil sevdiklərimizlə rabitənin, əlaqənin kəsilməzliyinə bizi inandırır. Haqqında danışdığım şeirlərdə Musa Yaqub xanımı ilə yenə söhbət edir, yenə ona üz tutur və heç kəsə deyə bilmədiyi sözləri ona çatdırır:
...Tək bənövşə bitib lap yaxınında,
Mənə deyəcəyin gizli sözündü,
Xırda ləçəklərdə titrəyir səsin,
Atam da, anam da yatır yanında,
Neçə danışaq ki, eşidilməsin.
...Bir də qulaq verək o qərib səsə,
Qoyub başımızı gedər-gəlməzə,
Daş məhbəs dilində danışaq bu gün,
Sonuncu sözünü tuta bilmədim,
Son nəfəs dilində danışaq bu gün.
Qayıdaq o sevgiyə
Musa Yaqubun nakam sevgisi də olub, o eşqin şairə yazdırdığı çoxsaylı ağrılı şeirlər də... Nə xoş ki, M.Yaqubun ailəsi həmin məhəbbəti mətbuatdan gizlətməyə, yaxud insanların gözlərindən salmağa, o saf sevgiyə “ötəri bir şey imiş” donu geyindirməyə çalışmayıblar. Rəhmətlik Aybəniz Vəkilova atasının – Səməd Vurğunun ilk sevgisi Dürrənin adının çəkilməsini, o nakam məhəbbətin xatırlanmasını sevməz, bunu ailələrinə və anasına hörmətsizlik kimi qəbul edərmiş. Hətta bir dəfə akademik Nizami Cəfərova zəng vurub deyib ki, atamın Dürrəyə olan sevgisi barədə dərsliyə salınmış əhvalatı çıxar. Nə yaxşı ki, Nizami müəllim “hə-hə”, “baxarıq-baxarıq” deyə-deyə o həqiqətin üstündən qələm çəkməyib.
O qız – şairin gənclik sevgisi Musa Yaqubdan yaşca böyük imiş, taleyin işidir nəsə münasibətləri alınmayıb, baş tutmayıb. O məhəbbətdən M.Yaquba ürəyini yediyi günlər və bir də şeirlər qalıb. Sonra başqa qızla – Zöhrə xanımla evlənib və bu, uğurlu izdivac olub, necə deyərlər, kəbinləri göydə kəsilib. Zöhrə xanım Musa Yaquba təbiət kimi dinclik bağışlayıb. Necə ki təbiət təmənnasız daim olanını bizə verir, eləcə də vəfalısı M.Yaqub üçün əlindən gələni əsirgəməyib, özünü büsbütün şairə və ailəyə həsr edib. Bu izdivac da məhəbbətlə qurulub, candərdi, “kim olur olsun, evlənərəm” naəlaclığı ilə baş tutmayıb.
M.Yaqub isə başından keçənləri belə xatırlayır: “Mənim ilk sevgim Göyçayda texnikumda oxuyanda yarandı. Baş tutmasa da, o anlar bütün hisslərimi, duyğularımı sardı. Ömrümdə ürəkdən ağlamaq nədir bilməmişdim, onda gördüm ağlamaq nə olan şeydir. İnsan bir yerdə dura-dura öz müvazinətini necə itirə bilər, gözlərindən ovuc-ovuc necə göz yaşları axıda bilər? Çəpərimiz üçün kol qırırdım, o kolu qıra-qıra ağlayırdım. Ortancıl qardaşım (əsgərliyə getdi, qayıtmadı) gəldi yanıma, dedi niyə ağlayırsan? Heç nə demədim. Axı, nə bilsin niyə ağlayırdım. Ondan sonra mən real, həyati bir məhəbbət yaşadım – öz kəndimizdən bir qızla evləndim. Üç uşağımız dünyaya gəldi. Ailəmdən, uşaqlarımdan çox razıyam”.
Kitablaşan məhəbbət
Musa Yaqubun ilk məhəbbətinin adı Gülşən olub. Şair o qıza çox şeirlər həsr edib. Buynuzda və Göyçayda qələmə alınan həmin şeirlər o qədər də güclü poeziya nümunələri, şah əsərlər-filan deyil, şairə xas bədii zənginlik həmin nümunələrdə nisbətən azdır, amma o şeirlərdə ürək çırpıntılarını, Allaha, bəxtə, taleyə üsyanı, ən əsası poetik səmimiyyəti aydınca görmək, duymaq mümkündür. Özü də həmin şeirlər az sayda deyil, kitab həcmindədir. Gülməli görünsə də, deyə bilərəm ki, o şeirlərin bir çoxu qəzəldir. Hətta məhəbbət, M.Yaquba rübailər də yazdırıb. Bu ağrılı məhəbbət şeirləri bir “kitab”da cəm olunub, özü də elə bir “kitab”dakı az adamın belə bir “nəşr”dən xəbəri var.
M.Yaqubun daşa dəymiş məhəbbətindən dostları da xəbər tutublarmış və şair də ürəyini boşaltmaq üçün tez-tez həmin qıza yazdıqlarını ürək qızdırdığı həmin adamlara oxuyarmış. Sonradan Gülşən xanıma yazılmış həmin şeirləri şairin dostları “O insafa gəlmədi” adlı bir “kitab”da toplayıblar. Beləcə, M.Yaqubun “ilk kitabı” (cəmi bir nüsxə) “işıq üzü görüb”. O “kitab” kustar üsulla hazırlanıb, əldə düzəlib, çap, ofset “kitabı” deyil. Həmin “kitab” M.Yaqubun arxivində həmişə təravətini qoruyacaq xatirə kimi qalmaqdadır.
Sözü gedən “kitab”da yer alan şeirlərdən, qəzəllərdən yarımçıq da olsa, nümunələri yazıma əlavə edirəm ki, şairin ilk məhəbbətinin ona hansı ağrılar hesabına başa gəldiyi oxucular üçün az da olsa əyaniləşsin:
QƏZƏL
Gözümün qarşısında sevgilimin sürəti var
Xəyali görüşün də dünya qədər qiyməti var.
...Demə, axı, Musa ki ilqar nədir bilməz hələ,
Sadiq olsa, Leyliyə Məcnunun da hörməti var.
3 aprel, 1958
Göyçay
QƏZƏL
Məni qınamayın, dostlar, amandır,
Əbədi tərk etdi səfalar məni.
...Musayam, sevgilim, tap dərmanımı,
Amandır öldürür yaralar məni.
4 aprel, 1958
Tircan
RÜBAİ
Ah, yenə fırlandı aləm başıma,
Gör nələr çəkirəm qibləgahımdan.
Çıxma, ey vəfasız, çıxma, qarşıma,
Vallah, əriyərsən bircə ahımdan.
26 sentyabr 1958
Göyçay
O İNSAFA GƏLMƏDİ
Mən vuruldum o qızın gözlərinin qarasına,
O ki, dərman olmadı könlümün yarasına.
Ümidim olmasa da bu dərdin çarasına,
Yaxşı oldu ahlarım göylərə yüksəlmədi
O insafa gəlmədi,
O insafa gəlmədi.
1 oktyabr, 1958
Buynuz
Bu ilk qələm məşqləri, oçağkı Azərbaycan ədəbiyyatının dəbinə, ümumi ab-havasına uyğun yazılmış şeirlərdəndir. Bu nümunələrdə cəmi bir neçə aylıq ağrıların ifadəsi var– şeirlərin “altındakı” tarixlərə baxanda da dediyimizin gerçək olduğu görünür. O kitabdan çoxları kimi Gülşən xanım da xəbərsiz olub, bilməyib ki, onun açdığı yaralar kitablaşıb, hətta şairin ürəyini sıyıran duyğuların poetik ifadələri dostların arasında əl-əl gəzir. İnsan bəzən özü haqqındakı həqiqətlərdən hamıdan sonra xəbər tutur, ya da heç xəbər tutmur.
Ata sevgisi
Bir dəfə Musa Yaqubun qızı Yaqut xanım anasından danışanda məni kövrəldən, ruhumu tərpədən bir ifadə işlətdi, dedi ki, “anam sanki atamın anası idi”. Bu söz onların – şairlə xanımının münasibətlərinin, aralarındakı bağlılığın hansı səviyyədə olması barədə dolğun təsəvvür yaradır. M.Yaqubun evində kimlər olmayıb, artıq ədəbiyyatımızda klassikləşmiş ədiblərdən tutmuş bu gün hələ qələmləri püxtələşməyən, yazmağa təzə-təzə başlayanlara qədər. Hətta Xalq yazıçısı Elçin “Mahmud və Məryəm” romanının bir hissəsini Buynuzdakı evdə qonaq qaldığı bir neçə gün ərzində yazıb. Gecə bəlkə də İsmayıllıda hansısa məscidin ağzı qıfıllı, bağlı ola bilər, Musa Yaqubun evinin qapısı isə heç vaxt. Bu evdə hamı hər vaxt yüksək qonaqpərvərliklə qarşılanır, hər kəs üçün geniş süfrə açılır, əlibolluluqla gətir-götür başlayır. Bunlar hər nə qədər şairin səxavəti, əliaçıqlığı ilə bağlıdırsa da, ondan daha artıq Zöhrə xanımın qonaqpərvərliyi ilə əlaqəli məsələdir. Çünki əgər Zöhrə xanım qaraqabaq, gileybaz, tündxasiyyət bir qadın olsaydı, həmin evə bir gedən ikinci dəfə ora ayaq qoymazdı. Onda kim Musa Yaqubu görmək istəyərdisə, onu harasa evdən aralı bir yerə çağırar, xudmani də olsa bir məclis düzəldib şairlə həmsöhbət olardılar. Ancaq gecəsi-gündüzü olmadan, vaxtlı-vaxtsız döyülən Buynuzdakı evin qapısı hər kəsin üzünə həmişə açıq olub, bu gün bu xüsusda dəyişən bir şey yoxdur. M.Yaqunun oğlundan başqa, iki qızı da var, – Səhər xanım və Yaqut xanım. Onlara analarından keçmiş bir xüsusiyyət də “daha artıq sevmək bacarığı”dır. Necə ki Zöhrə xanım şairin ər sevgisindən daha uca bir eşqlə sevib, onun qulluğunda durub, şairin qızları da elədir. Mən Yaqut xanımın Musa Yaquba münasibətini görəndən sonra könlümdən bu ifadə keçdi, ancaq onun özünə demədim, qoy elə bu yazını oxuyacaq oxucularla birgə bilsin ki, onu belə adlandırmışdım: “ata sevgisinin rahibəsi” (Ana, mən sənə rahibəm, itaətdə – Cəfər Cabbarlı) Rahibələr necə ki bütün qadınlıq sevgilərini Allaha xidmətə qurban verilər, sidqi-ürəkdən Yaradana bağlanırlar, Zöhrə xanımın tərbiyəsini almış qızlar da atalarını az qala eyni məhəbbətlə sevirlər. Sevginin nişanı isə itmir. Zöhrə xanımın sevgisi kimi... Zöhrə xanım neçə illərdir ki, həyatda yoxdur, ancaq onun çox illər öncə açıq qoyduğu qapı qızlarının simasında yenə də taybataydır. O yerə bu gün Musa Yaqubu görməyə gedənlər, həm də Zöhrə xanımın bünövrəsini qoyduğu qonaqpərvərliyi, insansevərliyi ziyarət edir, onu xatırlayırlar... Musa Yaquba Allah uzun ömür versin, yenidən sağlamlığına qovuşsun, amma şairin bu dünyada olmayacağı illərdə də o ev həmişə onu tanıyanlar tərəfindən eyni məhəbbətlə ziyarət ediləcək. Çünki Zöhrə xanım və Musa Yaqub orda həmin evi tanıyan hər kəs üçün əbədi bir dayanacaq tikiblər...
Çarəsizlik
M.Yaqub çarəsizlik önündə əliyalınlığını, çıxılmazlıq qarşısındakı naəlaclığını elə böyük ustalıqla, elə mahir sənətkarlıqla, çəkinmədən, tam iradə asudəliyi ilə yazır ki, nəticədə oxucu da onunla dərd ortağına, tale şərikinə çevrilir və şeirin mahiyyətini canında-qanında duyur. Şairin xanımının vəfatına yazdığı, ona həsr etdiyi çarəsizlik şeirlərini oxuyanda onun başqa itkilər önündə də diz qatladığı, dözə bilmədiyini xatırladım. M.Yaqub valideyn itkilərini də çox ağır keçirib, sarsıntıların ağrıları uzun illər onun könlündən silinməyib. Atasının vəfatı ilə bağlı yazdığı “Atam... atam” şeirinə nəzər salaq. Bu şeirdə atası yorğan-döşəyə düşən, yataq dustağına çevrilən bir uşağı həkim dalınca yollayırlar. O, uzaq bir kəndə çatmalıdı. Əvvəla, kolxoz sədrini tapıb atı minmək üçün icazə alanda, sonra atı tapanda uşaq xeyli vaxt itirir, daha sonra yolda möhkəm yağışa düşür, yubanır, yağış nəticəsində çayın daşması da onu yolundan edir, axırda gəlib istədiyi ünvana yetişir. Ancaq feldşeri evdə tapa bilmir. Görünür, ölüm iki ayağını bir başmağa dirəyəndə əcəli yetişmiş adamın bütün işləri tərs gətirir, əlac qapıları hər tərəfdən bağlanır. M.Yaqub həmin məqamı – uşağın çarəsizliyini belə ifadə edir:
Kənddə ot tanıyan bir qoca vardı,
Tərs kimi ölmüşdü o da keçən yaz.
Durub yalvarırdıq biz də ölümə,
Tərs kimi yol tapıb, iz bilməmişik,
Bir təbib əlində heç nəymiş demə,
Atamı sağaltmaq, – biz bilməmişik.
Sən demə, Bakı var, Moskva varmış,
Sən demə, dünyada ölü dirildən,
Min bir dərd yanında min dava varmış.
Sən demə şipşirin dillər də varmış,
Sən demə, şəfalı əllər də varmış,
Tərs kimi o əllər bizim deyildi,
O əllər heç bizə yetən deyildi,
Durub yalvarırdıq biz də ölümə,
O zaval dərmansız ötən deyildi.
Və şeirdə deyildiyi kimi uşağın atası ölür, zəhməti bada gedir və o, heç zaman özünü feldşeri vaxtında tapa bilmədiyinə görə bağışlamır. Məncə, “Atam... atam” şeiri həm də mükəmməl bir film ssenarisidir, bu poetik əsəri oxuyanda Bəhmən Qubadinin “Sərxoş atlar zamanı” filmini xatırladım. Həmin filmdə də qardaşını sağaltmaq, əməliyyat etdirmək istəyən uşağın geri qalmış, tibbin səviyyəsi pis gündə olan ölkənin faciəsi ilə balaca bir uşağın mübarizliyi, inadı üz-üzə dayanır. Baş verənlərdə günahkar, baiskar kimdir, təqsirkarı harda axtaraq sayaq suallara tam dəqiq cavab vermək olmur. M.Yaqub da bir adamı, bir məsələni deyil, ümumilikdə ölümə səbəb olan hər şeyi, insanları o vəziyyətə çatdıran bütün səbəbləri ittiham edir, çünki əksər problemlər zəncirvarı şəkildə bir-biri ilə bağlıdır. Beləcə heç kəs, heç nə baş verənlərə görə yaxasını kənara çəkə bilməz:
Tərs kimi bu dərdlər böyük dərd idi,
Tərs kimi qanun da bir az sərt idi.
Öldü cavan atam, – gör nə yaşdaydı,
Hər şeyin günahı o yağışdaydı.
Ya da ki, Ağyalı gec tapmağımda,
Yox, günah Göyçayın daşmağındaydı.
Havanın yas tutub gülməməyində,
Alı müəllimin İbn Sinadan
Bir kəlmə də olsun bilməməyində,
Feldşerin vaxtında gəlməməyində,
Günah, o yağışda, yağışdaydı ki,
Öldü cavan atam:
Nə yaşdaydı ki...
Musa Yaqub təkcə atasını deyil, anasının da itkisini eyni ağrıyla, çarəsizlikdən əzilərək yaşayıb və keçirdiyi sarsıntıları qələmə alıb. O, fikrini, ağrılarını ifadə etmək üçün fərqli bir metod tapıb: deməli, şair “Anamın məzarına layla” şeirində anasının qəbri üstündə layla deyir, yəni şeir layla şəkilində yazılıb. Anası nə vaxtsa M.Yaqubun beşiyi başında layla oxuyub, ona xoş arzular diləyib ki, oğlunun bu dünyadakı həyat səfərində ayağı büdrəməsin, xoşbəxtliyə gedən yolu hamar olsun. M.Yaqubsa oxşar arzuları anasının o biri dünyası – axirət evi üçün edir ki, anası məzarında dinc yatsın, bu dünyada çarpışıb-vuruşmaqla keçən həyatının yorğunluğu o dünyada canından çıxsın, yeri behişt olsun. Şair sanki anasına ödənməz borcundan gücü çatan qədər qaytarmaq istəyir. Özü də bu şeir ağu, mərsiyə kimi deyil, elə layla formasındadır, dua ilə, həmdlə doludur:
Qürub yanır üfüq boyu,
Cilvələnir arxın suya.
Uyu, anam, şirin uyu,
Layla deyim məzarına,
Bu qəbristan güzarına.
...Xeyrə alqış, şərə alqış,
Bir yuvalı, tək qaranquş,
Burda çarpış, orda çarpış,
Dincəl, əzabkeşim, laylay,
A qeyrətli kişi, laylay.
...Canalıya çökdü duman,
Gəlməyinə yoxdu güman,
Biz gələrik sənə həyan,
Ölüm laylay, dirim laylay,
Yanındakı yerim laylay.
M.Yaqubun atasına yazdığı şeirlə (1981), anasına yazdığı şeir (1991) arasında on il fərq var. Tale M.Yaquba toxtamaq, itkilərdən aralanmaq üçün fürsət verib. İki onillik sonra isə Musa Yaqub bu dəfə həyat yoldaşı Zöhrə xanım üçün (2011) yazıb çarəsizlik şeirlərini...
İslanmış düyün
“Mənə niyə şeir yazmırsan”, “sevgi şeirlərin mənə yazılmayıb” gileyləri M.Yaqubgilin də evində ahəstə-ahəstə, qabarıb çəkilmələrlə də olsa olub... Acaq bir həqiqət var ki, M.Yaqub ən gözəl sevgi şeirlərini yazmasa da, ən təsirli itki, çarəsizlik, yalqızlıq şeirlərini həyat yoldaşına yazıb. Biz ədəbiyyatımızda (yaxın əsrlərdə) müdriklərin öyüdlərini, gələcək nəsillərə vəsiyyətlərini çox oxumuşuq, amma müdrikin məhəbbətinə az-az rast gəlmişik. M.Yaqubun bu itkiyə münasibətinin adı “müdrikin məhəbbəti”dir. Adi, alışdığımız məhəbbət, sevgi şeirləri deyil bunlar. M.Yaqub, baxmayaraq ki, həyat yoldaşını itirənəcən artıq çox itkilər görmüşdü, amma o ağrını bu yaşda insan həzm edə, qəbullana bilmir. Necə ki dahi Nizami Gəncəvi həyat yoldaşının vəfatından ağır sarsıntı keçirir, özünü talanmış yurda bənzədirdi:
O, Dərbənd şahının bir töhfəsiydi,
Saf, ağıllı, gözəl gül qönçəsiydi.
Türklər tək olmuşdu bir köçə möhtac,
Türklər tək elədi yurdumu tarac.
Təsirlisi odur ki, M.Yaqubdan məhəbbət şeirləri uman Zöhrə xanım ən təsirli itki şeirlərini yazdırdı şairə. Bu itki barədə şairin qızı Səhər xanım müsahibələrinin birində həqiqəti çox dürüst müşahidə ilə dilə gətirib: “Anam olanda atamın yaşının üstünə yaş gəlirdi. Anamdan sonra isə yaşından yaş gedir, elə bil. Suyu qurumuş dəyirmana bənzəyir”. Musa Yaqubun Zöhrə xanım itkisinə yazdığı şeirlər çox təsirlidir, onları həyəcansız oxumaq olmur. Şair şeirlərindən birində insanın çıxılmazlığını, dardan yaxa qurtara bilməməyini gözəl bir bənzətmə ilə ifadə edir: “islanmış düyün”. Düyün islananda onu açmaq müşkülə çevrilir, gərək quruya, dolaşmış, bir-birinə yapışmış saplar aralana ki, ip rahatca çözülə. M.Yaqub bu itkini məhz “islanmış düyün” kimi yaşayıb, amma bu elə bir düyündür ki, onun şairin qəlbində haçansa qurumasını – açılmasını gözləmək bihudə zəhmətdir, gəlməyəcək birinin yoluna boylanmaqdır.
Daha əbədi
Şairin bir zamanlar məhəbbət şeiri uman ömür-gün yoldaşı Zöhrə xanımın məzarında M.Yaqubun bir şeiri əks olunub. Qəribədir, M.Yaqubun əvvəlki məhəbbətinin poetik ifadələri kağızlara, kitablara yazıldı, Zöhrə xanıma olan sevgisi isə daha etibarlı, uçulub-dağılmaz olan daş üzərinə həkk olundu:
İllərimiz necə keçdi bilmirəm,
Gül ömrümüz bir xalçanın çeşnəsi.
İndi burda bir məzardı, bir mənəm,
Əlimdə də qırx beş ilin heç nəsi.
P.S.
Ötən il ailəmizlə bərabər İsmayıllıya getmişdik və elə səfərdən əvvəlcə ürəyimə toxumu səpilən ilk arzulardan biri də Musa Yaqubu görmək idi. Uzatmayım, vaxt tapıb həmkarım Ömər Xəyyamla şairin ziyarətinə getdik. Bəxtimiz yeyin idi: Həmin gün özünü yaxşı hiss edirdi, xoşbəxtlikdən səhhət böhranları bir az aramlamışdı, havaya çıxmaq, ayağa qalxmaq istəyirdi. Həyətə düşdü, talvarın altına keçdik, masa arxasında əyləşdik, bir xeyli adamdan – həmkarlarından, ortaq tanışlarımızdan, vəfat eləmiş dostlarından danışdı, sonra narazı olduğu məsələlər yadına düşdü, bir az kövrəldi, bir az ağladı, amma yeri düşəndə zarafatından da qalmadı: Qızından mürəbbə istədi. Yaqut xanım ağ gilas mürəbbəsinin dalınca gedəndə yenə çağırdı, yolundan elədi onu: “Mürəbbəni elə gətir arıların xəbəri olmasın”. Bu zarafatı əbəs yerə eləmirdi şair, çünki daha əvvəl çay içəndə arılar ətrafımızda “dörd dolanırdılar”. Nə isə...
Sonra siqaret qutusunun üstündəki yazıya – “Siqaret çəkmək öldürür…” qeydinə baxıb dedi: “Elə bircə bu fakt reklamın boş şey olduğunu göstərir”. Diqqət kəsilmişdim deyə eşidə bildim, əks halda dilinin altında pıçıldadığı o sözləri qulağım almazdı. Səsi gücdən düşən Musa Yaqub indi elə bil daha çox özü üçün danışırdı. İnsan səsinin eşidilməz bir dövrü olur. Çox adam haçansa yaşayır həmin vaxt kəsiyini. Onda sanki səsin insanlara, sözün Allaha, arzuların xoşbəxtliyin “qulağına çatmır...”
Musa Yaqub şeirləri ilə, nümunəvi həyatı ilə, örnək yaşam tərzi ilə onsuz da çoxlarına deyəcəklərini deyib, göstərəcəklərini göstərib, ömrün qanunlarını, dürüst yaşamağın meyarlarını anladıb indi onun Salam Sarvan demiş “öz sözünü özünə pıçıldamaq vaxtıdır”. Ona görə də Musa müəllim indi danışanda sanki əvvəlcə özü, sonra başqaları üçün danışır... İndi o bəlkə də ən gözəl sözlərini, ən dəyərli fikirlərini daha çox dərəcədə özü üçün səsləndirir.
Qayıdaq bayaqkı fikrə: “Siqaret çəkmək öldürür” xəbərdarlığına. Qutunun üstündə boş uşaq arabası şəkli vardı – yəni siqaret sonsuzluq yaradır, ocaqları uşaq səsindən məhrum eləyir. Bu cür xəbərdarlıqlar yazılmış milyonlarla qutulara baxmayaraq, hər gün nə qədər tüstü sinələrə çəkilir, ancaq xeyri yoxdur, insanlar aludə olmağa – zəhərə vəfa göstərməyə davam edirlər. Musa Yaqubun fikrincə, bu reklamın (və anti-reklamın) bihudə iş olduğundan xəbər verir. Ədəbiyyat da dinməz-dinməz, daldada, bildiyini heç kəsə verməyə-verməyə elə dediyini demirmi, reklamın puçluğunu, antireklamın hədərliyini ifadə etmirmi? Kim kimə məcburən öz yazdığını oxuda, kim kimə zorən qələmə aldığı hislərini, düşüncələrini sevdirə bilər ki? Heç bir ciddi reklamı, təbliğatı olmadan Musa Yaqubun bu qədər sevilməsi, istedadının çoxluq tərəfindən danışıqsız qəbul edilməsi də əksərən reklamın (həm də antireklamın) boş şey olduğunun növbəti sübutu deyilmi? Musa Yaqub həqiqi, böyük ədəbiyyatın reklamsız, təbliğatsız, arxa-dayaqsız da qiymətləndirildiyini, sevildiyini sübut edən, təsdiqləyən bir şair ömrü yaşayır...
Məncə, yanımızda adi bir hadisə baş vermirdi, Musa Yaqub siqaret qutusunun üstünə baxıb, həm də öz şairlik taleyini oxuyurdu – reklamsız, təbliğatsız, çilçıraqsız, boyasız taleyini...