Bunu Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Qafqazinfo”ya göndərilən şikayət məktubuna və onun əsasında hazırlanmış xəbərə münasibət bildirərkən deyib.O, qəzanın baş vermısini təqdiq etsə də digər iddiaları əsassız sayır:
“Həqiqətən ötən il iyulun 28-də səhər saatlarında Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən 106-cı kilometrində sürücü Fərhad Əliyev idarə etdiyi “Shacman SX”markalı, 90 JU 172 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Astara rayonu istiqamətində hərəkətdə olarkən avtomaşını qarşı hərəkət zolağına çıxarmış, əks istiqamətdə hərəkətdə olan, sürücü Akif Rzayevin idarə etdiyi “Hyundai Terracan” markalı, 90 SB 781 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. Qəza nəticəsində “Hyundai Terracan”ın sürücüsü Akif Rzayev, oğlu Kamran və qızı Zülfüyyə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Faktla bağlı BDYPİ-nin İstintaq və Təhqiqat şöbəsində Azərbaycan Respublikası CM-nin 263.1-1 maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar, bütün zəruri istintaq hərəkətləri keçirilib, istintaq başa çatdırılaraq cinayət işi baxılması üçün aidiyyatı üzrə Biləsuvar rayon məhkəməsinə göndərilib. Məhkəmə təqsirləndirilən şəxs Fərhad Əliyevin 3 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum olunması barədə hökm çıxarıb. Hazırda işə Şirvan Şəhər Apelyasiya məhkəməsində baxılır”.
Orxan Mansurzadənin sözlərinə görə, Akif Rzayevin iddialarının əksinə olaraq, istintaq müddətində təqsirləndirilən şəxs tərəfindən ona 2000 manat məbləğində ziyan ödənilib:
““Hyundai Terracan” markalı avtomobil isə sahibinin razılığı əsasında hazırda Fərhad Əliyevin yaşadığı Ucar şəhərindəki sexlərdən birində tam təmir edilib. Bu nəqliyyat vasitəsi yaxın zamanda apelyasiya məhkəməsi vasitəsilə sahibinə qaytarılacaq”.
Xatırladaq ki, ötən il ailəsi ilə birlikdə qəzaya düşən Qarabağ veteranı, Binəqədi rayon sakini Rzayev Akif Yadulla oğlu bir neçə gün bundan əvvəl “Qafqazinfo”ya müraciət edərək ona dəyən zərərin hələ də ödənilməməsindən şikayətlənmişdi:
“1 il 3 aydan sonra məlum olub ki, avtomobilim mənim xəbərim olmadan aparılıb Ucar rayonunda cərimə meydançasına. İndiyə qədər yazmadığım yer qalmayıb, lakin problemim həll edilmir. Müstəntiq Arzu Əliyev mənə deyir ki, istəyirən üstünə benzin tök yandır özünü. Qəzadan sonra 14 yaşlı oğlum lal oldu, danışa bilmir. Avtomobilimi 20 gün idi ki almışdım, nə ona dəyən zərər ödənilir, nə də oğlumun müalicə pulu”.
Son xəbərlər
Son Xəbərlər