Politoloq Ərəstun Oruclunun “Qafqazinfo”ya müsahibəsi:
- İqtidar-müxalifət “dialoq”u artıq bir aydan çoxdur ki, baş tutub. Nə üçün məhz həmin vaxt deyil, üzərindən bu qədər müddət keçəndən sonra istefa verməyə qərar verdiniz?
- Bilirsiniz, burada söhbət dialoqdan getmir. İstefa verməyim üçün müxtəlif səbəblər var. Son vaxtlar İctimai Palatanın ünvanına səsləndirilən ən müxtəlif fikirlər, ittihamlar, suçlamalar, şübhələr və sairələr cavabsız qalır və İctimai Palatanın de-fakto rəhbərliyini üzərinə götürmüş Koordinasiya Şurası heç nəyə reaksiya vermir. Ümumiyyətlə, nəinki reaksiya vermir, hətta bir sıra hallarda jurnalistlərlə təmasdan da qaçırlar. İctimai Palata faktiki olaraq siyasi mübarizədə rasional mövqe ortaya qoya bilmədi. Mənim siyasətçi və ictimai xadim kimi İP-dən gözləntilərim doğrulmadı. Bundan sonra mən artıq vaxtı səmərəsiz xərcləməyi məqsədə uyğun saymıram və bu səbəbdən də istefa vermişəm. Müxalifətin hakimiyyətlə əlaqəsinin olması ilə bağlı fikirlərimə başqa bir kontekstdə yanaşmışam. Göstərməyə çalışmışam ki, cəmiyyətdə bu cür fikirlər yayılıb və buna İctimai Palatada yetkililərindən münasibət yoxdur. Yəni həmin fikirlər ya təkzib olunmalıdır, ya münasibət bildirilməlidir.
- Sizinlə eyni gündə Müsavat başqanının müşaviri Yadigar Sadıqov da İctimai Palatadan isefa verdi. Bundan xəbərsiz olduğunuzu bildirmisiniz. Yəni ki, istefaların eyni gündə olması təsadüfdür?
- Məndən əvvəl Yadigar bəy də istefa veribmiş, bundan doğurdan da xəbərim olmayıb. Mən hesab edirəm ki, Kütləvi İnformasiya Vasitələrinin istənilən məlumatı, hətta bu məqsədli, yalnış xəbər olsa belə, yaymaq haqqı özünə məxsusdur. Ona görə də heç bir Kütləvi İnformasiya Vasitəsini qınamıram və qınayada bilmərəm. İstənilən məlumatı yaymaq söz və mətbuat azadlığının çox zəruri elementlərindən biridir. Siyasətçinin də borcudur onu ya təkzib etsin, ya da alternativ olan doğru məlumatı ortaya çıxarsın. Bu aspektdə Yadigar bəylə mənim fikrim fərqlənir. Heç bir Kütləvi İnformasiya vasitəsini suçlamıram, o cümlədən Yadigar bəyin göstərdiyi “Yeni Müsavat” qəzetini də.
- İstefanızdan İctimai Palatanın üzvlərindən kiminsə xəbəri var idi?
- Qərarımı ilk olaraq facebook səhifəmdə paylaşdım. Bir aya yaxındır ki, İctimai Palatanın üzvlərindən, o cümlədən rəhbərliyindən heç kəslə əlaqəm yoxdur. Dünən yalnız Koordinasiya Şürasının iki üzvü ilə telefon söhbətimiz olub, Zəfər Quliyev və İlqar İbrahimoğlu ilə, o da istefadan sonra.
- Necə düşünürsünüz, sizin bu qərarınızla onsuzda İctimai Palataya ciddi bir qurum kimi yanaşmayan iqtidara bu təşkilatla bağlı fikirlərində özlərini haqlı saymalarına zəmin yaratmadınız ki?
- İqtidarın müxalifətə münasibəti onsuzda sərt idi. Digər tərəfdən mən istefa vermək istəyirəm və verirəm. İqtidarı düşünməli deyiləm. Bundan kim necə yararlanacaq, o artıq başqa mövzunun predmetidir. Mən İctimai Palatadan istefa vermişəm, müxalif fəaliyyətimdən yox. Mənim iqtidara münasibətim həmişə kəskin, tənqidi olub və söz verirəm ki, bundan sonra daha kəsin olacaq.
- İqtidar nümayəndələri İctimai Palatanı “qurama”bir təşkilat adlandırdılar. Bu gün də siz həmin qurumun fəaliyyətindən razı qalmadığınız üçün isefa verdiniz. Bəlkə onlar bu cür düşünməkdə haqlıdırlar?
- Mən bilidirmişəm ki, İctimai Palatanın fəaliyyəti qənaətbəxş deyil. Amma bunun obyektiv səbəbləri var. Səbəblərdən biri odur ki, iqtidar Azərbaycanda nəinki müxalifətin, hətta vətəndaş cəmiyyətinin və mətbuatın fəaliyyət imkanlarını maksimal dərəcədə məhdudlaşdırıb. Onda mən sual verirəm ki, iqtidara nə mane olur ki, ədalətli seçki keçirib qalib gəlmir? Dairə üzrə topladıqları 800-900 səsi sonradan saxtalaşdırb 12000, 13000 səsə qaldırırlar. Əgər əhalinin dəstəyinə malikdilərsə cəmiyyətdə sərbəst, azad seçki keçirsinlər, Gülər Əhmədova-Elşad Abdullayev qalmqalı ilə məşğul olsunlar, hal-hazırda müzakirə olunan antidemokratik dəyişikliklərlə ilgilənsinlər. İqtidarın nəsə deməyə haqqı yoxdu, çünki müxalifətin fəaliyyəti maksimal dərəcədə həmin iqtidar tərəfindən məhdudlaşdırılıb.
- Sizcə, İctimai Palata fiaskoya uğrayacaq?
- Rasional yanaşma ortaya qoyulsa, ictimai maraqlar önə çəkilsə xeyr. Mən deməzdim ki, İctimai Palata fiaskoya uğrayacaq, sadəcə olaraq bildirmək istəyirəm ki, bu gün düzgün, ciddi yanaşma lazımdır ki, İP bir qurum kimi cəmiyyətdə özünün təsdiq etsin.
- Bundan sonra Ərəstun Oruclu siyasi fəaliyyətini hansı səpkidə davam etdirəcək?
- Necə davam etdirəcəyimi zaman göstərər. Hər halda bir şeyi dəqiq bilirəm ki, mövcud siyasi partiyalardan heç birinə üzv olmayacam. Bu 100 faizdir.
- Oktyabrın 20-nə planlaşdırılan aksiya necə düşünürsünüz baş tutacaq?
- Əgər aksiya keçirilməsi üçün verilən qərar qüvvədə qalsa bu baş tutacaq. Amma baxır amma hansı səviyyədə, hansı miqyasda bax bunu söyləmək bir qədər çətindir.
Gülnar Ədalətqızı