Nadir Qafarzadənin “anası” yolunu gözləyir - Reportaj

nadir-qafarzadenin-anasi-yolunu-gozleyir-reportaj
Oxunma sayı: 1120




Bazar günüdür. Bilgəh qəsəbəsində yerləşən “Qocalar evi”ndəyik. Həyətdəki oturacaqlarda əyləşənlərdən kimisi mürgüləyir, kimisi də gözünü qapıya dikib, yol gözləyir...

... Onun otağı ikinci mərtəbədədir. O da gözləyir...

Biz sadəcə su istəmişdik. Təsadüfən girdik otağa. Bu balaca otaqda iki nəfər yaşayır. İki yataq, televizor, balaca masa, iki stul...
Divardan müğənni Nadir Qafarzadənin böyük portreti asılıb. Otaqda hara baxsan müğənniyə aid nəsə görürsən. Şəklindən əlavə albomu, bir də...

- Pərəstişkarısız?
- Oğlumdur...

Bir az susub sözünə davam edir: “Əslən Ermənistanlıyıq. Qaçhaqaç vaxtı erməni ailəsi ilə evimizi dəyişib Qaradağ rayonunun Lökbatan qəsəbəsinə gəldik. Evimizə Lökbatanda “Belıy Dom” deyirdilər. Ailədə beş uşaq idik, bacılarımdan ikisi ərə getmişdi. Atam, anam rəhmətə gedəndən sonra üç bacı yaşadıq orda. Ailə həyatı qurmadım deyə, bacılarımı itirəndən sonra tək qaldım... Yaşlandıqca kiminsə gəlib-getməsini, yanında olmasını istəyirsən. Arada bacım uşaqları gəlirdi. Bir gün mənə, “bura uzaqdı, hər gün şəhərdən gəlib-gedə bilmirik. Gəl sənin evini sataq, bizə yaxın bir yerdən ev alaq. Sən də gəl-get, biz də”, - dedilər. Razılaşdım. Mənə şəhərdən ikiotaqlı ev aldılar. Bir müddət yaşadım. Sonradan məlum oldu ki, evin sənədləri öz adlarınadır. Bir müddət orda yaşayandan sonra, dedilər: “Yaxşı yol”. Altı ay bir bacımın, altı ay isə digərinin evində qaldım. Bir gün bacım mənə dedi: “Bizim də yerimiz dardı. Bacı, özünə qalmağa yer tap”. Qaldım küçədə. Dedilər, çıx verilişə, bəlkə sənə qalmağa yer tapılar. Xoşqədəmin “Sən tək deyilsən” verilişinə getdim. Dərdimi danışdım. Nadir Qafarzadə məni efirdən görüb televiziyaya gəldi, “Mənim anam yoxdu. İstəyirəm səni analığa götürüm”, - dedi. Apardı evlərinə”, - deyir “Qocalar Evi”nin sakini Safura nənə.

“Mayın 1-i getdim onlara, 11-də burda idim...”

Nadir Qafarzadənin evində cəmi 10 gün yaşadığını deyir Safura nənə: “Məni götürdü analığa. On gün qaldım onlarda. On birinci gün burda idim. Bilirsiniz, mən ondan inciməmişəm. Cavan ailədirlər. İki oğlu var. Qala bilməzdim. Mənə on gündə çox yaxşı baxdılar. Həyat yoldaşı bir az narazı idi. Soruşurdu: “nə qədər qalacaq burda?” Özü isə deyirdi ki, ayıbdı, elə demə, eşidir axı. Fikirləşdim, yox, daha burda qalmaram. Artıq iki il yarımdır ki, burdayam. Nadir qabaqca özü gəldi, danışdı müdirlə. Məni gətirəndə isə gəlmədi. Dedi: “Mən ananı qocalar evinə qoyub qayıda bilmərəm” . Sonradan düz beş dəfə yanıma gəldi. Bayramlarda gəlirdi. Ancaq daha gəlmir... Televizorda görəndə hərdən hirslənirəm. Sonra mənə necə qulluq etdiyi yadıma düşür. Səhər 8-də durub mənə yemək hazırlayırdı. Öləm, üstümdə ot bitə, unutmaram bunları. Sizdən xahiş edirəm, gələn dəfə gələndə mənə oğlumun nömrəsini gətirin” .

Nadir isə deyir ki...

Safurə nənənin istəyini “oğlu”na çatdırmaq qərarına gəldik. Bu məqsədlə də müğənni ilə əlaqə saxladıq. O, yenidən keçmişə qayıtmaq istəmədiyini dedi: “Mənim o qədər çox problemim var ki, yenidən kiminsə fikrini ürəyimə salmaq istəmirəm. Az yaşım yoxdur, uşaqlarım, ailəm var. Bacım, qardaşım, ailəm haqqında düşünürəm. O qadının hardasa psixoloji problemləri olub. Yadımdadı, o vaxt da bu cür problemlərimiz olmuşdu. Ancaq mən daha keçmişi yaşamaq, keçmişə qayıtmaq istəmirəm. Özü də mən onu küçəyə atmamışam, dövlət müəssisəsinə əmanət etmişəm. Orda onun dostları, yaşıdları, yaşamaq üçün hər bir şəraiti var” .

Nadir Qafarzadə qadını yenidən Qocalar Evinə yerləşdirməsini onun psixoloji problemləri ilə əlaqələndirmişdi. Həmin ərəfədə milli.az portalına verdiyi açıqlamasında qeyd etmişdi ki, Safura nənə onlarda qaldığı zaman evindən müxtəlif əşyaları itib: “Mətbəxtdən bıçaqlar yoxa çıxırdı. O isə görmədiyini deyirdi. Bir gün bıçaqları evdə, zibil qutusunun içərisindən, özü də dik vəziyyətdə tapdıq. Yatdığı yorğan-döşəyinə baxdıq, bıçaqla yatdığı yeri o qədər deşmişdi ki, döşək yarasız hala düşmüşdü. Psixi problemləri var idi. Küçələrdə qaldığı zaman ona narkotik maddə vermişdilər. Bəlkə də onun təsirindən idi. Onu evimdə saxlaya bilmədim. Saxlasaydım, ailəmin dağılmasına səbəbkar olacaqdım. Məcbur olub Bilgəh qəsəbəsində yerləşən “Qocalar evi”nə yerləşdirdim”.

Gülər Mehdizadə