Naftalanda yaz mövsümündə turistlərlə sorğu keçirilib - Fotolar

naftalanda-yaz-movsumunde-turistlerle-sorgu-kecirilib
Oxunma sayı: 1448

Turizm xidməti keyfiyyətinin yüksəldilməsi məqsədilə Naftalan ŞİH-nin təşkilatçılığı ilə Dövlət Turizm Agentliyinin Gəncə Regional İdarəsinin əməkdaşları ilə birgə Hotel və Müalicə Mərkəzlərində rəy sorğusu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, üç dildə – Azərbaycan, rus və ingilis dillərində hazırlanmış sorğunun keçirilməsi beynəlxalq turizm mərkəzi olan Naftalanda xidmət səviyyəsinin müəyyən edilməsi və yaxşılaşdırılması məqsədi daşıyır. Həmçinin sorğu şəhərin turizm potensialının güclü və zəif tərəflərini təhlil etməyə imkan verir.

Şəhərdə istirahət edən və müalicə alan 100-dən çox turist sorğuda iştirak edib ki, onlardan 55%-ni yerli, 45%-ni isə xarici turistlər təşkil edib. Xarici turistlər arasında hazırda Rusiyadan gələnlərin sayı 55%-dir. 45% isə Qazaxıstan, Özbəkistan, Belarus və Ukraynanın payına düşür.

İştirak edən respondentlərin 60%-i 51-70 yaşarası, 22%-i 31-50 yaş, 15%-i 71 yaş, 3%-i isə 30 yaşa qədər olanlardır.

Turistlərin 62% -i Naftalana ilk dəfə, 22%-i ildə bir dəfə, 16%-i isə ildə bir neçə dəfə gələnlərdir.

Respondentlər arasında istirahət zamanı müalicənin keyfiyyətini əsas tutanlar 89%-dir. 28% qiyməti, digər 9% isə mövsümi endirimləri qeyd edənlərdir.

Buraya gələn turistlərin 60%-i dayaq-hərəkət, 40%-i revmatik, 32%-i isə dəri, uroloji və digər xəstəliklərdən əziyyət çəkənlərdir.

Naftalan müalicəsi müddətli olduğu üçün burada 8-14 gün qalmağı planlaşdıran turistlər 73% təşkil edib. 21% 1-7 gün qalmağı, digər 6% isə 15 gündən artıq qalmağı qeyd edib.

Sorğunun nəticəsindən aydın olub ki, bu gün beynəlxalq turizm mərkəzi olan Naftalan yerli və xarici qonaqlarda xoş təəssürat yaradıb, turizm obyektlərinin xidmət səviyyəsi və yerləşdirmə ilə bağlı fikrə “razıyam” deyənlər 86% təşkil edib.

Bu gün Naftalanın abad, təmiz və səliqəli saxlanılması sualını 93% turist əla və yaxşı olaraq qiymətləndirib, digər 7% isə hotelə yeni gəldiyini, şəhərlə hələ tanış olmadıqlarını qeyd edib.

“Turizmin inkişafına mane olan nədir?” sualı ilə bağlı cavablar isə belə olub: əyləncə və alış-veriş mərkəzinin olmaması üzrə 49%, nəqliyyat vasitələrinin əlçatanlığı üzrə 22%, Naftalanda turizm imkanları barədə kifayət qədər məlumatlı deyillər - 19%. Həmçinin suvenir məhsullarının azlığı, informasiyanın yetərsizliyi və bələdçilərin olmaması çatışmazlıq kimi qeyd edilib.

Çox sevindirici haldır ki, Naftalana yenidən səfər etməyi planlaşdıranlar 94% təşkil edir, digər 6% müalicənin nəticəsindən asılı olaraq qərar verəcəklərini bildirib.

Sorğuda iştirak edənlər parklarda yüksəksürətli və ödənişsiz Wi-Fi-ın olmasından razılıqlarını bildiriblər. Belə ki, bu sorğu üzrə 90% əla və yaxşı bəndlərini qeyd edib. Həmçinin turistlərin 92%-i şəhərin bütün ərazisində pandusların mövcudluğu ilə bağlı məmnunluqlarını ifadə ediblər.

Qeyd edək ki, ŞİH tərəfindən 2020-ci ildə şəhərin əsas küçə və prospektlərində panduslar, 2022-ci ildə isə parklarda ödənişsiz Wi-Fi quraşdırılıb.

Rəy sorğularının keçirilməsi mövsümə uyğun olaraq davam etdiriləcək.