Narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edənlər saxlanıldı

Narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edənlər saxlanıldı
Oxunma sayı: 1071

Balakəndə narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsi idarə edən və digər hərəkət iştirakçılarının da sağlamlığı üçün ciddi təhlükə yaradan sürücülər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, rayonun Mahamalar kəndində hərəkətdə olan “VAZ-2107” markalı avtomobilin sürücüsü davamlı şəkildə yol-hərəkəti qaydalarını pozduğu üçün polis əməkdaşları tərəfindən ona “saxla” əmri verilib. Lakin o, əmrə məhəl qoymayaraq təhlükəli manevrlərlə qaydaları pozmağa davam edib. Nəqliyyat vasitəsi dayandırıldıqdan sonra sürücü və sərnişinlərin narkotik vasitə qəbul etmələrinə dair şübhələr olduğundan həmin şəxslər polis şöbəsinə gətiriliblər.

Sürücü, Balakən şəhər sakini Əli Məcidov, sərnişinlər Əli Paçalov və Tacəddin Dibirov tibbi müayinədən keçirildikdən sonra onların hər üçünün heroin qəbul etdiyi müəyyən olunub. Saxlanılan şəxslər də ifadələrində əməllərini etiraf ediblər.

Keçirilən digər bir tədbir zamanı isə narkotik vasitənin təsiri altında sükan arxasına əyləşib, piyadaların həyatı üçün təhlükə saçan Mahamalar kənd sakini Abdulla Osmanov istifadəsində olan “Opel” markalı avtomobillə birgə saxlanılıb. Tibbi müayinədən keçirilən həmin sürücünün narkotik vasitə -marixuana qəbul etdiyi məlum olub.

Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.