Natiq Nailəoğlunu təhqir edənlər kimdir?

Natiq Nailəoğlunu təhqir edənlər kimdir?
Oxunma sayı: 6039

ABŞ-da fəaliyyət göstərən azərbaycanlı jurnalist Natiq Atakişiyev (Nailəoğlu) barəsində naməlum şəxslər tərəfindən sosial şəbəkələrdə böhtan xarakterli və rüsvayedici məlumatların yayıldığını deyir.

Jurnalist bu barədə “Qafqazinfo”ya müraciət edib. O, məsələ ilə bağlı bir neçə dəfə daxili işlər orqanlarını məlumatlandırsa da, hələ bir nəticə olmadığını bildirib: “2 aydır Daxili İşlər Nazirliyinə yazmışam. Oradan mənimlə əlaqəyə keçdilər. Dedilər, əlinizdə olan sübutları göndərin, mən də göndərdim. Amma sonra heç bir nəticə olmadı. Təhqir olunan tək mən deyiləm, qohumlarıma qarşı da bunu edirlər”.

Həmçinin oxuyun: Имена 18 человек, оправданных по "Тертерскому делу"

Şikayətçinin sözlərinə görə, tanımadığı şəxslər onun adından profil açaraq söyüşlü postlar paylaşır, özünün, qohumlarının fotolarından istifadə edərək onun şərəf və ləyaqətini alçaldırlar. 

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, bu barədə şəxsin müraciəti qeydiyyata alınıb: “Sosial şəbəkə hesabları ilə bağlı aparılan araşdırmanın müddəti platformadan asılı olaraq dəyişir. Hazırda araşdırma davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

Qeyd edək ki, Natiq Atakişiyev uzun müddət Azərbaycanda televiziyada çalışıb. Bir müddət öncə ABŞ-a müxbir kimi ezam olunub. Hazırda xarici media qurumunda Amerika müxbiri kimi fəaliyyət göstərir.

Amin Nəzərli