Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirildi - Video + Fotolar

naxcivanda-azerbaycan-turkiye-birge-herbi-telimleri-kecirildi
Oxunma sayı: 4346

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təliminin birinci mərhələsi keçirilib.

“Qafqazinfo"nun məlumatına görə, muxtar respublikanın Ali Məclisinin Sədri Vasif Talıbov və Türkiyə Respublikasının 3-cü Ordu Komandanı, general-polkovnik Şərəf Öngay təlimi izləyiblər.

Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev təlimə hazırlıq barədə raport verib.

Planla tanışlıqdan sonra təlimə start verilib.

Sonda döyüş təyyarələri və helikopterlərin keçidi ilə Azərbaycan və Türkiyə Respublikalarının dövlət bayraqlarının, eləcə də kanatla desantın daşınması nümayiş etdirilib. Təlimdən sonra silahlanmaya yeni qəbul edilən hərbi radio-kəşfiyyat vasitələrinə baxış olub.

Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev təlimin başa çatması barədə raport verdikdən sonra şəxsi heyətlə görüş olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Silahlı Qüvvələrinin nümayəndələrini, əsgər və zabitləri salamlayıb, onları Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə təlimlərinin uğurla başa çatması münasibətilə təbrik etmiş, hərbi təlimin hazırlanmasında əməyi olanlara təşəkkürünü bildirib.

Türkiyə Respublikasının 3-cü Ordu Komandanı Şərəf Öngay birgə təlimin keçirilməsinə göstərilən diqqətə görə minnətdarlıq edib.

Təlimdə fərqlənən zabit, gizir və əsgərlər qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Sonra xatirə şəkli çəkdirilib.