Naxçıvanda dəhşətli olay

naxcivanda-dehsetli-olay
Oxunma sayı: 664

Bu haqda AzadlıqRadiosunu işadamının qızı Elnurə Məmmədova məlumatlandırıb.

«10 NƏFƏR YEKƏPƏR TÖKÜLÜŞDÜLƏR EVƏ»

O deyir ki, atasını elə həmin gün gömrükdəcə həbs ediblər. Həyat yoldaşı Nadir Məmmədov isə evə qayıtdıqdan sonra həbs edilib:

«Nadir evə gücnən gəlib çatmışdı. Onu o qədər döymüşdülər ki, bütün qan içində idi. Deyirdi ki, burnu və qabırğaları sınıb. 30 nəfər tökülüb üstünə. Deyirmişlər ki, «Nadiri öldürün, öldürün». Birtəhər əllərindən çıxıb qaça bilib. Üst-başı qan olduğundan heç bir maşın onu evə gətirmək istəməyib. Xeyli yol piyada gələndən sonra bir maşın insafa gəlib saxlayıb. Evə çatdı, 5 dəqiqə keçməmiş 10 nəfər yekəpər, mülkigeyimli tökülüşdülər evə. O vəziyyətdə olmasına baxmayaraq, tutub apardılar. O vaxtdan nə atamdan xəbər var, nə də ki, həyat yoldaşımdan. Belə qanunsuzluq harada görünüb?».

«QOVSAYDILAR ONDAN YAXŞI İDİ»

Elnurə Məmmədova deyir ki, atasının və həyat yoldaşının Sədərək rayon Polis İdarəsində saxlanıldığını ehtimal etdiyindən, anasını və qayınanasını ora göndərib:

«Anamgil atamın maşınını Sədərək rayon Polis İdarəsinin həyətində görüblər. Ancaq İdarədən onlara deyiblər ki, siz axtardığınız adamlar burada yoxdur. Yerlərini deməyiblər. Anamı söyüblər, təhqir ediblər. Bilmirik itiblər, yoxsa ölüblər -- heç nə demirlər. Anamgil qayıtdılar evə, birlikdə getdik Ali Məclisə. Ali Məclisdə bizi başlarından elədilər. Qovsaydılar ondan yaxşı idi. Orda qayınanamın vəziyyəti pisləşdi, təcili yardımla xəstəxanaya gətirmişik, vəziyyəti ağırdır, danışa bilmir. Anam da getmişdi Daxili İşlər Nazirliyinə. Orda da qəbul eləməyiblər. Deyiblər ki, Məhəmməd Qurbanovla, Nadir Məmmədov cinayətkardırlar. Ancaq nazirlikdən də onların harada saxlanıldıqları haqda məlumat verməyiblər».

Məsələyə münasibət öyrənmək üçün öncə Sədərək rayon Polis İdarəsi ilə əlaqə saxladıq. Sultanov soyadlı növbətçi Məhəmməd Qurbanovun və Nadir Məmmədovun onların idarəsində saxlanılıb-saxlanılmasına münasibət bildirməkdən yayındı.

NAXÇIVAN DİN-İN CAVABI

Naxçıvan MR DİN-dən də bu haqda məlumat vermək istəmədilər. Nazirliyin Cinayət Axtarış İdarəsinin rəisi Qulu Rüstəmov AzadlıqRadiosundan olduğumuza belə reaksiya verdi:

«Sən qələt eləyirsən mənə zəng vurursan. Qoy yerinə telefonu, axırıncı dəfə olsun mənə zəng vurursan. Rədd olun...».

Sahibkar Məhəmməd Qurbanov noyabrın 8-də AzadlıqRadiosuna bildirmişdi ki, Türkiyədən gətirdiyi ərzaq məhsullarını ölkəyə buraxmaq üçün gömrükçülər ondan rüsumdan artıq pul istəyiblər. Həmin pulu vermədiyi üçün malını anbardan çıxartmağa qoymayıblar. O da məcbur olub jurnalistlərə üz tutub. Məhəmməd Qurbanov onu da bildirmişdi ki, daha sonra gömrük işçiləri onu və kürəkəni Nadir Məmmədovu mühasirəyə alaraq fiziki təzyiq göstəriblər.

MƏHƏMMƏD QURBANOV DİSPANSERƏ NİYƏ YERLƏŞDİRİLİB

Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsindən isə AzadlıqRadiosuna belə bir hadisənin baş vermədiyini bildirmişdilər.

Məhəmməd Qurbanov hələ 2009-cu ilin sentyabrında Sədərək gömrük-keçid məntəqəsindəki rüşvətxorluq halları barədə dövlət qurumlarına şikayət etdiyi üçün polis onu Psixi Xəstəliklər Dispanserinə yerləşdirmişdi.

O vaxt Naxçıvan DİN bu məsələyə münasibət bildirməmişdi.

2011-ci ilin fevralında isə Nadir Məmmədov Naxçıvanın Daxili İşlər naziri Əhməd Əhmədov tərəfindən işgəncəyə məruz qaldığını deyirdi. Nadir Məmmədov şəxsən Əhməd Əhmədovun onun barmağını kəlbətinlə sıxaraq işgəncə verdiyini iddia edirdi.

Nazir Əhməd Əhmədov haqqında səslənən ittihamla bağlı AzadlıqRadiosunun suallarını cavablandırmaqdan boyun qaçırmışdı.