Nazirlər nəyi dəyişəcək?

nazirler-neyi-deyisecek
Oxunma sayı: 8357

Xəbər verdiyimiz kimi, dünən iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Güləş Federasiyasının prezidenti seçilib. “Qafqazinfo” xəbər verir ki, onun federasiya rəhbəri olması nazirlərin idman federasiyalarında prezident olması ilə bağlı mövzunu yenidən gündəmə gətirdi. 

Belə ki, bundan öncə də Azərbaycandakı idman federasiyalarına nazir və məmur təyinatları böyük müzakirə mövzusu olmuş, bunun idmanın inkişafına müsbət və mənfi təsirləri barədə xeyli danışılmışdı. 

Mikayıl Cabbarov Azərbaycan Güləş Federasiyasına prezident seçilənə qədər iki federasiyaya rəhbərlik edirdi. Maraqlıdır ki, iqtisadiyyat naziri AGF-nin rəhbəri olmaq üçün Badminton və Qılıncoynatma Federasiyasından getdi. Bunun güləşə nə qədər müsbət təsir edəcəyini isə zaman göstərəcək. 

Tanınmış iqtisadçı Natiq Cəfərli də feysbuk hesabında mövzuya münasibət bildirib. O, rəhbəri nazir olan federasiyaların fəaliyyətinə toxunub: “Son illərdə bəzi məmur-nazirlər işdən qovuldu, əllərindən imkanlar alındı, biznesləri çökdü, vacib federasiyalar pulsuz qaldı. Nəticədə idman növlərində uğurlar azalmağa başladı, nəticələr zəiflədi”.

Niyə nazirlər postları ilə vidalaşanda və ya nüfuzları azalanda federasiyaların işinə təsir edir? 

Bu nümunələrdən biri də 11 il Güləş Federasiyasına rəhbərlik edən keçmiş vergilər naziri Fazil Məmmədovdur. 2007-ci ildən AGF-ə rəhbərlik edən sabiq nazirin dövründə güləşdə həm olimpiadalarda, həm də dünya və Avropa çempionatlarında komandamız uğurlu nəticələrə imza ata bildi. 2017-ci ildə nazir postu ilə vidalaşan Fazil Məmmədovun federasiyasında da vəziyyət pisləşməyə başlayır və cəmi bir neçə ay sonra o, AGF-dən ayrılır. Elə 4 illiyin ən böyük yarışı Tokio-2020 Olimpiadasına komandamız ən az lisenziya ilə yollandı. 

Fazil Məmmədovun rəhbərlik etdiyi digər federasiya isə Azərbaycan Velosiped Federasiyası idi. Məhz onun dövründə Avropanın ən məşhur yarışlarından biri “Tur de Azerbaijan” keçirilirdi. Lakin F.Məmmədovun vergilər naziri postunu tərk etməsindən sonra velosipeddə eniş dövrünə start verildi və həmin ərəfələrdə “Tur de Azerbaijan” da ləğv olundu. 

Federasiyanın yeni prezidenti isə müdafiə sənayesi naziri Mədət Quliyev oldu. Onun federasiyada idmançılara Olimpiya, dünya və Avropa çempionu olmasına görə verəcəyi mükafatlar isə ən çox müzakirə olunan mövzuya çevrildi. 

Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov isə iki önəmli idman federasiyasının prezidentidir. O, Taekvando və Boks Federasiyasına rəhbərlik edir. Hər iki idman növü Azərbaycanda ənənəvi sayıla bilər. Boksun tarixinə nəzər salsaq, Azərbaycan idmanında xüsusi yerə sahibdir. Əvvəllər bu növdə medalların və məşhur idmançıların sayı çox olsa da, son zamanlar hamısı diqqətdən kənar qalıb. Kəmaləddin Heydərovun imkanlarının zəifləməsi boksa da təsirsiz ötüşməyib. 

Azərbaycan taekvandosu Rio-2016 Yay Olimpiya Oyunlarına qədər xeyli uğur qazana bildi. Radik İsayevin Olimpiya çempionu olması fonunda Milad Beiqi Harçeqaninin, Fəridə Əzizovanın uğurları göz önündə idi. Lakin Tokio-2020-də taekvandomuz demək olar ki, fiasko yaşadı. Son yayılan xəbərlərə görə isə Kəmaləddin Heydərov Azərbaycan Boks Federasiyasının prezidenti vəzifəsindən ayrılacaq. 

SOCAR prezidenti Rövnəq Abdullayev Azərbaycan Futbol Federasiyası (AFFA) ilə yanaşı Cüdo Federasiyasına da rəhbərlik edirdi. 
Futbol üzrə milli yığma komandanın nəticələri barədə ümumiyyətlə danışmağa söz yoxdur. İllərdir ki, istər azarkeşlər, istərsə də, mütəxəssislər tərəfindən komandanın çıxışı tənqid edilir, yeniliklərə ehtiyac olduğu bildirilsə də, hələ ki, vəziyyət olduğu kimi davam edir. 

Rövnəq Abdullayev həmçinin uzun müddət cüdo federasiyasına rəhbərlik edib. Son 2 ilə qədər olan dövrə nəzər salsaq, cüdoda nəticələr ürəkaçan olub. Tokio-2020 Olimpiadasına qədər komanda kifayət qədər nəticə əldə etmişdi. Məhz Yaponiyadakı fiasko cüdo federasiyasındakı dəyişikliklərə gətirib çıxardı. Fərid Qayıbovun gənclər və idman naziri təyinatından sonra Rövnəq Abdullayevin yerinə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev gətirildi. 

Azərbaycanda bir zamanlar hər kəsin həvəslə izlədiyi voleybolda da vəziyyət ürəkaçan deyil. Bir vaxtlar qitə arenalarının ən güclüləri sırasında yer alan klublarımızla yanaşı, çempionatların favoriti olan yığma komandamız da zəif çıxışı ilə azarkeşləri məyus edir. Azərbaycan Dəmiryolları QSC-nin rəhbəri Cavid Qurbanovun prezidentlik etdiyi federasiya hətta ölkə çempionatını da təşkil etməkdə çətinlik çəkir. Buna baxmayaraq Cavid Qurbanov yenidən federasiya prezidenti seçildi və əldə etdiyimiz məlumata görə növbəti ilin yanvar ayından Azərbaycan çempionatı bərpa ediləcək. 

Son günlər mətbuatda Azərbaycan Həndbol Federasiyasından idmançıların şikayətləri ilə bağlı çoxlu məlumatlara rast gəlirik. Həm maaşların verilməməsi, həm çempionatın olmaması, həm əcnəbi idmançıların Azərbaycandan getməsi barədə geniş xəbərlər yayılır. Bu federasiyaya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov rəhbərlik edir. 

Elsevər Məmmədov