Neftçalada pambıq əkini davam edir - Fotolar

neftcalada-pambiq-ekini-davam-edir
Oxunma sayı: 1188

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov digər məsul şəxslər ilə birlikdə əkin sahələrinə baş çəkib, pambıqçı fermerlərlə görüşüb və onları narahat edən məsələləri aidiyyəti qurumların əməkdaşları ilə müzakirə edib.

“Qafqazinfo”nun xəbərinə görə, Neftçala rayonunda suvarılması Kür çayından qidalanan əkin sahələrində son aylarda baş verən çətinlikləri nəzərə alaraq yerlərdə suvarma sistemləri idarəsinin çətinlikləri daha ciddi nəzarətə götürməsi müzakirə olunub.

Məlumat verilib ki, pambıq əkilmiş sahələrin arat suyu ilə bağlı fermerlərin 89%-dən çox hissəsi arat suyunda şirin su ilə təmin olunub. Xəzər dənizinin şor suyunun Kür çayına daxil olması ilə bağlı xüsusi hazırlanmış qrafiklər üzrə suvarma suyu ilə təmin olunurlar.

Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin məlumatına əsasən, rayon ərazisində 6780 hektara yaxın ərazidə pambıq əkini nəzərdə tutulub, onlardan 2390 hektara yaxın sahədə əkin işləri aparılıb və davam etdirilir.

Keçirilən görüşdə arpa və buğdanın zamanında biçilməsi ilə bağlı rayon ərazisində fəaliyyət göstərən texnikalarla bağlı müəyyən təkliflər səsləndirilib və çatışmazlıqlar RİH başçısı tərəfindən nəzarətə götürülüb.

Yaxın zamanda biçini həyata keçiriləcək yerlərdə yanğından mühafizə tədbirlərinin gücləndirilməsi ilə bağlı qərar qəbul olunub. 40450 hektardan artıq ərazidə isə arpa və buğda əkini aparılıb.

İcra başçısı görülən işlərlə tanış olub, çiyid səpini və əkin işlərinin sürətlə davam etməsi, suvarma suyunun zamanında təmin olunması, fermerlərin xüsusi texniki vasitələrlə təmin olunması məqsədilə öz tapşırıqlarını verib.

Görüşün sonunda səpin işləri başlanılıb.