Nəhəng texnika keçidə ilişməsin deyə asfaltı qazdılar - Video

neheng-texnika-kecide-ilismesin-deye-asfalti-qazdilar
Oxunma sayı: 7590

Bakı-Qazax magistral yolunda yük maşın nəhəng texnikanı daşıyıb. Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Tenikanın yerüstü keçidə ilişməməsi üçün yolun asfalt hissəsinin qazılması maraqla qarşılanıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun dəniz platformasından Mingəçevir Su Elektrik Stansiyasına texniki avadanlığın daşınması üçün istifadə olunan iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə, M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 39, 72 və 244-cü km-lik hissələrində mövcud yolötürücü və piyada keçidlərinin alt hissələrində yolun bir hərəkət zolağı üzrə asfalt-beton örtüyünün üst qatının frezlənməsi işləri icra olunub:

“Frezlənən ərazilərdə hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədi ilə müvəqqəti yol nişanları quraşdırılıb. Bu üzdən sürücülərdən sözügedən ərazilərdən keçərkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”.

Qeyd edək ki, texniki avadanlıqların daşınması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Avtomobil Yollarının Mühafizə Xidməti” publik hüquqi şəxsi və Daxili İşlər Nazilriyinin Baş Dövlət Yol Polisi İdarəsinin avtomobillərinin müşayiəti ilə təşkil olunur və bir-neçə gün davam edəcək.